Azərbaycan elminin parlaq simalarından biri, dünya şöhrətli alim, akademik Azad Xəlil oğlu Mirzəcanzadə, ömrünü yalnız elmə deyil, həm də insanlara, təhsilə və gələcək nəsillərə həsr etmiş nadir şəxsiyyətlərdən biri idi. Onun həyat yolu və yaradıcılığı, təkcə akademik uğurlarla yox, həm də mənəvi zənginlik və insani keyfiyyətlərlə zəngindir.
Zəkası ilə seçilən bir uşaq
Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda, ziyalı ailəsində anadan olub. Atası Cənubi Azərbaycanın Sərab şəhərindən olan Xəlil kişi azadlıq uğrunda mübarizələrin fəal iştirakçısı, anası Asiya xanım isə xan nəslinin nümayəndəsi idi. O, uşaqlıq illərində yüksək zəkası, riyazi qabiliyyəti və mütaliəyə marağı ilə seçilirdi. Təhsil aldığı məktəbdə müharibə səbəbilə çətinliklər yaşansa da, Azad özünə yol tapmağı bacarır.
13 yaşında məktəb dəyişdi, 15 yaşında məktəbi bitirib müəllim oldu. Müharibə illərində ailəsinə kömək etmək məqsədilə axşam məktəblərində riyaziyyatdan dərs deməyə başlayır. Bu yaşda müəllimlik etməsi onun həm biliyini, həm də sosial məsuliyyətini ortaya qoyurdu.
İstedadlı tələbə, inadkar alim
1944-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsinə qəbul olur. Maraqlıdır ki, institut əvvəlcə onun yaşına görə sənədlərini qəbul etmir. O isə rektorun qəbuluna girərək, təhsilə olan sevgisini ifadə edir və qəbul edilir. Sinif yoldaşları onun bu sahəni seçməsini anlamasa da, o, belə cavab verir: “Yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz”.
Tələbəlik dövründən elmi laboratoriyalar onun sevimli məkana çevrilir. Məhz institutun son kursunda “Gilli məhlulların hidravlik elementləri” mövzusunda namizədlik dissertasiyasını yazır və 23 yaşında müdafiə edir. 1957-ci ildə isə doktorluq dissertasiyası ilə elmi ictimaiyyətin diqqətini daha da cəlb edir. Elmi rəhbəri olan akademik Aleksey İlyuşin onun haqqında deyirdi: “Mən bu işdən daha çox faydalandım, nəinki Mirzəcanzadə məndən – özünün elmi rəhbərindən”.
Elmi və pedaqoji fəaliyyət
Azad Mirzəcanzadə həm fundamental, həm də tətbiqi elmdə böyük uğurlara imza atıb. O, 400-dən çox elmi əsər, 50-dən artıq ixtira və patent, 100-ə yaxın monoqrafiya, dərslik və dərs vəsaiti müəllifidir. Onun tədqiqatları əsasən Neft və qaz yataqlarının sinergetik analizi, Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları, Qazma, istehsal və neft maşınqayırmasının problemləri, Riyazi fizikanın neft sənayesində tətbiqi sahələrini əhatə edir:
O, Azərbaycan Elmlər Akademiyasının 1962-ci ildə müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Neft Akademiyasında kafedra müdiri, 1992–2001-ci illərdə Ali Attestasiya Komissiyasının sədri, 1993–2001-ci illərdə isə Dövlət Elm və Texnika Komitəsinin rəhbəri olub.
“Şagird birinci müəllimini, sonra onun fənnini sevir”
Akademik Azad Mirzəcanzadə İsmayıl bəy Qapıralı, İsmayıl Qasir, Məmmədtağı Sidqi, Mirzə Nəsrullah bəy Əmirov, Həsən bəy Zərdabi, Həbib bəy Mahmudbəyov, Firudin bəy Köçərli milli maarifçiliyin təməlini qoyan tarixi şəxsiyyətlərin ənənələrini yüksək mənəvi məsuliyyətlə yerinə yetirən qüdrətli pedaqoqlardan idi. Onun təşəbbüsü ilə Bakıda Həbib bəy Mahmudbəyovun 1887-ci ildə təməlini qoyduğu rus-türk oğlan məktəbinin əsasında 147 saylı texniki-humanitar lisey quruldu. Bu, pedaqoji fikir tariximizdə hadisə olmaqla yanaşı, tarixlə müasirliyin arasında körpüyə çevrilən alimin əzəmətinin nümayişi idi.
Akademik Azad Mirzəcanzadədən dərs alan yetirmələri bu gün də çox böyük səmimiyyətlə qeyd edirlər ki, o, mühazirələrini çox sadə, lakin dərin məna ilə təqdim edərdi. Ədəbiyyat, incəsənət və fəlsəfədən gətirdiyi misallarla, ən çətin riyazi və fiziki məsələləri belə tələbələr üçün asanlaşdırardı. “Azad müəllimi bir dəfə dinləmək kifayətdir ki, həm müəllimi, həm də elmini sevəsən”, deyən tələbələri onu heç vaxt unutmur.
100-dən çox elmlər doktoru, 300-dən çox namizəd yetişdirən alim
Azad Mirzəcanzadə təkcə öz uğurlarına deyil, yetişdirdiyi alimlərə görə də Azərbaycan elminə ölməz töhfələr verib. O, 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi hazırlayıb. Onun yetirmələri bu gün dünyanın müxtəlif elmi mərkəzlərində Azərbaycan elmini uğurla təmsil edirlər.
Musiqi, incəsənət və həyatın zərif çalarları
O, həm də incəsənət vurğunu idi. Opera, balet, klassik musiqi və ədəbiyyata olan marağı onun düşüncə tərzinə təsir etmişdi. Piano çalır, Üzeyir Hacıbəylinin musiqilərini sevə-sevə dinləyirdi. İş otağında daim Üzeyir bəyin şəkli olurdu. Amerikada yaşayan dünyaşöhrətli alim, sovet mexanika məktəbinin nümayəndəsi Qriqori Barenblatt ona yazırdı: “Siz dahi xalqınızın musiqisini mənə sevdirdiniz”. Bundan başqa, Mirzəcanzadə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin əlçatmaz olan Moskva Dövlət Akademik Böyük Teatrında (Bolşoy Teatr), daha sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmasına, həmçinin Lütfiyar İmanovun “Koroğlu” operasında baş rolu almasına böyük dəstək göstərib. Hətta bundan ötrü açılmayan qapıları akademik titulu ilə açıb.
Ədəbiyyatın elmdəki siması
Elmdə Azad Mirzəcanzadə kim idisə, ədəbiyyatda da Xəlil Rza Ulutürk o idi. Hər ikisi öz sahəsində yalnız dərin biliyi və istedadı ilə deyil, həm də milli ruhu, mənəvi bütövlüyü ilə seçilirdilər. Əgər Azad Mirzəcanzadə elmi düşüncənin zirvəsində dayanaraq Azərbaycan elmini beynəlxalq səviyyəyə daşıdısa, Xəlil Rza Ulutürk də sözün gücünü milli dirənişə çevirdi. Onların həyat yolları göstərdi ki, istedad təkcə fərdi uğur deyil, bir xalqın şərəfidir.
Nakam sevgi…
Deyilənlərə görə, Azad Mirzəcanzadə milliyyətcə rus olan Tatyana adlı bir qıza aşiq olur və onu çox sevir. Lakin hər iki tərəfdən seyid nəslinə aid olan Azadın atası xristian olduğuna görə o qızla evlənməyə qarşı çıxır. Həm sevgisinə, həm də ata borcuna sadiq çıxan Azad Mirzəcanzadə ondan sonra heç kimi sevmir, heç kimlə də evlənmir…
Son arzu və vida
Akademik Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında, bacısının vəfat etdiyi gündə və eyni palatada dünyasını dəyişdi. Onun son sözləri isə bu gün də bir çağırış kimi səslənir: “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.
Azad Mirzəcanzadə elmə sadiq, insana dəyər verən, müdrik, sadə və işıqlı bir şəxsiyyət idi. Onun həyatı sübut etdi ki, bilik sadəcə öyrənilmir, sevgi ilə ötürülür. Onun qoyduğu elmi və mənəvi irs, bu gün də elm yolunda addımlayanlar üçün bir mayakdır. Özünün mühazirələr vaxtı bir yaxşı sözü vardı: “Deyə bildim?..”
Xanım Aydın