Bu gün Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan və SSRİ xalq artisti Sidqi Ruhullanın doğum günüdür.
Baki-baku.az xatırladır ki, “Stalin”, “Lenin” ordeni, 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni, “”Əmək igidliyinə görə” medalı, “Qafqazın müdafiəsinə görə” medalları ilə təltif olunmuş Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov) 9 aprel 1886-cı ildə Bakının Buzovna kəndində anadan olub. Atası Molla Fətulla müəllim idi, oğlunun təhsilində, inkişafında böyük rol oynayıb. 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Oğlunun isə bu iş ürəyincə deyildi. 1904-cü ildə Molla Fətulla dünyasını dəyişir, Ruhulla atasından qalan ev əşyalarını satır və Moskvaya təhsil almağa gedir. O, ümid edirdi ki, qohumlarının dəstəyi ilə Moskvada təhsil ala bilər. Lakin bu arzu boş çıxdı. Ruhulla Moskvada təhsilini başa vura bilməyib, Bakıya döndü.
1905-1906-cı illərdə 20 yaşlı Ruhulla Bakıda bir neçə inqilabi tətildə iştirak edir. Bakının tanınmış inqilabçıları ilə dostluq edir. 1906-cı ildə Azərbaycan səhnəsinin böyük faciə aktyoru Hüseyn Ərəblinski ilə tanış olur. O, Ərəblinskini ilk dəfə Mirzə Fətəli Axundovun “Vəziri xani Lənkəran” komediyasında Teymur ağa rolunda görür. Bu ifadan vəcdə gələn Ruhullanın gələcək taleyi həll olur. Ərəblinski onun məğrur qamətində, uça boyunda, heç kəsə bənzəməyən gözəl səsində, mimikasında gələcəyin böyük aktyorunu görüb, səhnəyə cəlb etdi.
XX əsrin əvvəllərində Azərbaycan səhnəsində qadın rollarını kişi aktyorları ifa edirdi. Ruhullanın da ilk rolu Balaxanı dram dərnəyində H.Ərəblinskinin quruluş verdiyi və 1908-ci il dekabr ayının 21-də tamaşaya qoyulan Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolu olub. Tamaşada dövrün tanınmış aktyorları iştirak ediblər. Digər qadın rollarında Stepanova və Mixayılova çıxış ediblər. Avqust ayının 6-da isə Nuxa teatr həvəskarları “Yağışdan çıxdı, yağmura düşdük” komediyasını oynayıblar.
S. Ruhulla 1909-cu ildə “Müsibəti Fəxrəddin” faciəsində Rüstəm bəy, “Nadir şah” tarixi faciəsində Nadir şah, “Bəxtsiz cavan” faciəsində Musa, “Nadir şah” faciəsində Təhmas, “Yəhudilər”də Berezin, “Zorən təbib”də Qətran bəy, “Nadir şah” faciəsində Nadir şah, “Müsibəti Fəxrəddin”də Fəxrəddin rollarını ifa edib.
1906–1920-ci illərdə S. Ruhulla təxminən 250-dən artıq şəhər və rayonlar gəzib, tamaşaçılar qarşısında çıxışlar edib. O, Moskva, Sankt-Peterburq, Təbriz, Tehran, Rəşt, Qəzvin, İsfahan, Şiraz, Səmərqənd, Buxara, Mərv, Aşqabad, Xarkov, Kiev, Tula, Tiflis, İrəvan, Krasnovodsk, Dərbənd, Maxaçqala, Vladiqafqaz, Qroznı, Əndican, Ufa, Sərab, Ərdəbil, Ənzəli, Kazan, Batumi, Odessa, Rostov, Suxumi, Yalta, Sevastopol, Simferopol, Tuapse, Soçi və başqa şəhərlərdə olub.
1912-ci ildə Siqdi Ruhulla İrəvanda öz rejissorluğu və yerli həvəskarların yaxından iştirakı ilə “Müsibəti-Fəxrəddin” faciəsi göstərib. İyunda Astarada “Bəxtsiz cavan” və “Ev tərbiyəsinin bir şəkli” dramlarını səhnəyə qoyub.
Bundan başqa, Sidqi Ruhulla “Bismillah”, “Gilan qızı”, “Hacı Qara”, “Qızıl kol”, “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.
Sidqi Ruhulla 1959-cu il may ayının 5-də dünyasını dəyişib.


