Azərbaycanda Yeni il bayramı hər zaman böyük coşqu ilə qeyd olunur. 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür və bu iki önəmli gün ailələri bir araya gətirərək süfrə ətrafında sevgi və mehribanlıq mühiti yaradır.
Ümumi ənənələr və bayram süfrəsi
Hər bir bölgənin özünəməxsus mətbəx mədəniyyəti var və bu, bayram süfrələrində də özünü göstərir. Məsələn, Lənkəranda ləvəngi, Şəkidə şəkərbura və halva, Naxçıvanda isə gürzə kimi təamlar hazırlanır.
Sovet dövründən qalma ənənələr də Yeni ildə öz əhəmiyyətini qoruyub saxlayıb. Hər bir evdə demək olar ki, süfrəyə olivye (paytaxt) və ya vineqret salatları qoyulur.
Köhnə mənbələrə əsasən, qədim dövrlərdə bayram süfrəsindən sonra kişilər və qadınlar bir-birinə su səpirdilər. Bu ənənə, köhnə ilin mənfi enerjisindən təmizlənmək və yeni ilə təmiz niyyətlərlə başlamaq anlamını daşıyırdı.
İvanovka: Malakan ənənələri ilə Yeni il
İvanovka İsmayıllı rayonunda, Bakıdan təxminən 189 km məsafədə yerləşən kənddir. Burada əsasən malakanlar yaşayır, onlar öz adət-ənənələrinə sadiq qalaraq bayramlarını xüsusi şəkildə qeyd edirlər.
İvanovkada Yeni il ailəvi şəkildə qeyd olunur. Süfrədə əsas yeməklərdən biri olivye salatıdır. Malakanlar ənənəyə uyğun olaraq bayramdan sonra Miladı da qeyd edirlər. Həmin gün kənd sakinləri bir-birinin evinə gedərək nəğmələr oxuyur, hədiyyələr paylayır və xoş arzular çatdırırlar.
Əvvəllər İvanovkada Yeni il şənlikləri keçirilirdi, biletlər 10-15 manat arasında olurdu və proqramda rəqslər, viktorinalar, dadlı yeməklər və “Slavyanoçka” qrupunun rus xalq mahnılarını ifa etdiyi çıxışları yer alırdı. Təəssüf ki, pandemiyadan sonra tədbirlər dayandırıldı, amma indi kənd sakinləri özləri Yeni il atmosferini yaradır və bəzən kiçik konsertlər də keçirirlər.
Bakıda Yeni il bayramı
Bakıda Yeni il daha geniş miqyasda qeyd olunur. Çoxları bu bayramı ailə üzvləri ilə bir yerdə evdə qeyd edirlər. Gecənin ən həyəcanlı anı bulvarda toplanan insanların köhnə ilin son saniyələrini sayması və ardınca səmada işıqlanan rəngarəng atəşfəşanlıqdır. Son illərdə bayramı restoranlarda qeyd etmək də dəbdədir. Restoranlar həm ləziz menyular, həm də maraqlı əyləncə proqramları ilə şəhər sakinlərini cəlb edir.
Dünyada Yeni il: Azərbaycan və digər ölkələr
ABŞ-də Yeni il məşhur “Times Square”dəki şou və konsertlərlə qeyd olunur. Ənənəvi olaraq, gecə yarısı məşhur şar endirilir, bu anı milyonlarla insan izləyir.
Avropada isə Yeni il adətən ailəvi şəkildə qeyd olunur. İspaniyada saatlar 12 dəfə vurarkən hər zərbəyə bir üzüm dənəsi yeyilir. Bu 12 üzüm ilin 12 ayını simvolizə edir. Əgər bütün üzümü vaxtında yeyə bilsəniz, ilin uğurlu keçəcəyi inanılır. İtaliyanın cənub bölgələrində Yeni il gecəsi köhnə əşyaları pəncərədən atmaq ənənəsi var. Bu, keçmişdən qurtulmaq və yeni ilə təmiz başlamaq üçün edilir.
Rusiyada Yeni il gecəsi saatın 12 dəfə vurması ilə arzu tutmaq ənənəsi var. Arzu yazılıb, yandırılmalı və külü şampan şüşəsinə atılmalıdır. Buna Azərbaycanda bəzi ailələrdə də riayət olunur.
Müslüm Maqomayev demişkən: “Bütün dünyada sevgi və dostluq yaşasın!”
Yeni ilin gəlişi ilə həyatınıza yeni ümidlər, uğurlar və sülh dolu anlar arzu edirik. Bayramınız mübarək olsun!