Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/11/2025

Paylaşın

TARİXİMİZ

Azərbaycan kitabxanalarının sirləri: Şərqin kitab saraylarının qızıl dövrü

Azərbaycan kitabxanalarının sirləri, Kitabxana

VII əsrdə ərəblərin gəlişi ilə Azərbaycanda İslam dinin tədrisini qorumaq və yaymaq məqsədilə məscidlər, mədrəsələrin nəzdində ilk kitabxanalar yaranmağa başladı. Bunlar sadəcə kitab rəfləri deyil, Bağdad, Dəməşq, Qahirədən gətirilən əlyazmaların toplandığı, mənəvi nüfuz mərkəzləri idi.

Baki-baku.az portalının məlumatına görə, XII əsrdə kitabxana mədəniyyəti misilsiz bir çiçəklənmə dövrünə qədəm qoydu. Bakıda hökmdarların qürur mənbəyi Şirvanşahlar Sarayının kitabxanası, Gəncədə “Dar-əl-kutub”, Bərdədə və Təbrizdə isə nadir fars və ərəb əlyazmaları ilə zəngin kitabxanalar mövcud idi.

Şərqdə ilk çoxşaxəli elmi mərkəz olan və XIII əsrə aid Mərəğa Rəsədxanası kitabxanaların incisi idi. Bu elm mərkəzinin kitabxanasında böyük alim və riyaziyyatçı Nəsirəddin Tusinin ərəb və fars dillərinə tərcümə etdiyi Arximed, Evklid, Ptolemeyə aid əsərlər də daxil olmaqla 400 min kitab saxlanılırdı. Burada ulduz xəritələri hazırlanır, astronomik cədvəllər tərtib edilir, müxtəlif xalqlardan olan alimlər çiyin-çiyinə çalışaraq rəsədxananı dünya elminin mərkəzinə çevrilməsi üçün səy göstərirdilər.

Səfəvilər dövründə kitablar dövlətin güc rəmzinə çevrildi. Şah İsmayıl Xətai 1522-ci ildə kitabxana fəaliyyəti ilə bağlı fərman verərək öz kitabxanasının müdiri vəzifəsinə əfsanəvi rəssam Kəmaləddin Behzadı təyin etdi. Şah İsmayılın sarayında toplanan kitablar toplusu İslam dünyasının ən zəngin kitabxanalarından biri sayılırdı. Şah II Abbas isə Avropadan çap dəzgahı gətirib kitab nəşrini sürətləndirmək arzusunda idi, lakin xəzinədə vəsaitin azlığı həmin arzunun həyata keçməsinə imkan vermədi.

Bütün kitabxanalar arasında xüsusi yer tutan Ərdəbil kitabxanası Darül-irşad – “müsəlman müdrikliyinin xəzinəsi” idi. Kitabxanın qapıları qızıl işləmələrlə bəzilmişdi, üzərində isə kitab oğruları üçün çox sərt xəbərdarlıq qeyd olunmuşdu: “Kitabı götürüb qaytarmayanlar İmam tərəfindən lənətlənsin və cəzalandırılsın.”

XIX əsrdə bu kitabxana Rusiya ordusunun detallı şəkildə planlaşdırılmış hərbi əməliyyatının hədəfinə çevrildi. Türkmənçay müqaviləsinə görə onun Rusiyaya verilməsi nəzərdə tutulmamışdı, lakin general Pavel Suxtelen “müsəlmanların mənəvi tərbiyəsi” bəhanəsi ilə yerli din xadimlərini kitabları “köçürmək üçün” – guya geri qaytarılmaq şərti ilə verməyə inandırdı. Şeyx Səfiəddin türbəsinə qoyulan 800 çervon (qızıl sikkələr) isə mollaları tam razı saldı. Kitablar Tiflisə, oradan isə Sankt-Peterburq şəhərinə aparıldı və Abbasqulu ağa Bakıxanov onların kataloqunu tərtib etdi.

Ahısqadakı kitabxana da olduqca əhəmiyyətli idi – orada qrammatika, ritorika, riyaziyyat, astronomiya, fəlsəfə, ilahiyyat və hüquqa dair təxminən 600 kitab saxlanılırdı. Ərdəbildəki kitabxanadan fərqli olaraq, burada əsas diqqət tədris vəsaitlərinə yönəlmişdi ki, bu da kitabxananı gələcək alimlərin yetişdiyi mərkəzə çevirirdi.

Bakıxanov, Kazım bəy, Mirzə Fətəli Axundzadə – bu şəxslərin hər birinin öz kitab xəzinəsi var idi. Bakıxanovun kitabxanasında Nizami, Cami, Hafiz və digər onlarla şərq müəllifinin əsərləri toplanmışdı. Kazım bəyin kitabxanasında tarix, fəlsəfə və Şərq mədəniyyətinə dair 11 mindən çox kitab qorunurdu. Azərbaycan ədəbiyyatının dahi simalarından olan Mirzə Fətəli Axundzadə isə Avropa və Şərq mütəfəkkirlərinin əsərlərindən ibarət unikal bir kolleksiyaya sahib idi.

Kitabxanalar içində xüsusilə seçilənlərdən biri olan Salman Mümtazın “Kitabxaneyi-Mümtaziyyə”sinə toplanan Azərbaycan ədəbiyyatına aid 200 nadir əlyazma akademik Bartold və Oldenburqu valeh etmişdi. Təəssüf ki, Mümtaz 1941-ci ildə repressiyaya məruz qaldı və onun kitab kolleksiyası qismən yoxa çıxdı.

Məscidlərdə, mədrəsələrdə, saraylarda, elmi mərkəzlərdə və şəxsi kolleksiyalarda toplanan kitablar gələcəkdəki ictimai kitabxanaların əsasını qoydu. XIX əsrin sonuna doğru sənaye şəhərinə çevrilən Bakıda artıq şəhər oxu zalları, elmi, idarə və xalq kitabxanaları açılırdı. Onlar artıq yalnız xüsusi imtiyazlı şəxslər üçün deyil, hər kəs üçün əlçatan idi.

Bəzi qədim kitabxanaların taleyi faciəli olsa da, onların irsi elmi fondlarda, universitet toplularında və Azərbaycanın mədəni yaddaşında yaşayır. Bu, sübut edir ki, bilik hər zaman qızıl və hakimiyyət qədər dəyərli olub.

Hacı Cavadov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Иногда в нашей голове вертится слово — мы чувствуем, как оно начинается, словно слышим его звучание, но никак