Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini 2025-ci ildə də davam etdirir.
Baki-baku.az xəbər verir ki, məqsəd regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı layihə çərçivəsində “Xurşidbanu Natəvan” tamaşasını martın 31-də Şəki Dövlət Dram Teatrında 31 mart – Azərbaycanlıların Soyqırımı ilə bağlı nümayiş etdirib.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yaradıcılıq işinin quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Cavidan Novruz (Nəvvab) Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Nəzrin Abdullayeva, Elsevər Rəhimov, Elçin Nurəliyev (Kültəvi səhnə) iştirak edirlər.
Tamaşa Şəki tamaşaçıları tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.