Nəşr edilmişdir 02/08/2025

Paylaşın

ƏSAS XƏBƏRLƏR, TARİXİMİZ

Azərbaycan Bakıdan, Bakı Səbaildən başlayır – I hissə

A735CB23-8A3A-468E-909A-BA8FAA1F4960


Milli-mənəvi dəyərlər və dövlətçilik tariximizdə mühüm yer tutan Bakının düşünən beyni, döyünən qəlbi hesab edilən Səbail rayonu tarixi tikililərin, abidələrin məskəni kimi bütün dövrlərdə diqqət mərkəzində olub. Xəzərin sahilində, Bayıl buxtasında yerləşən Səbailin adı tarixi mənbələrdə, eyni zamanda “Qurani-Kərim”də çəkilir. Səbailin zəngin tarixini, memari incilərini özündə ehtiva edən Bayıl qəsri dünya tarixçiləri tərəfindən, həm də Səbail qəsri kimi qəbul edilir. Bakının ən qədim yaşayış məskənlərindən hesab olunan “Sualtı şəhər”, “Bayıl daşları”, “Bayıl qəsri”, “Karvansara” adı ilə tanınan Səbail qəsri XIII əsrin əvvəllərində inşa edilmiş, Şirvan şahlarının iqamətgahı kimi fəaliyyət göstərmişdir. Şirvan-Abşeron memarlıq məktəbinin ənənələrini özündə ehtiva edən bu qədim yaşayış məskəni ilə bağlı dünyanın məşhur alimləri fikir söyləmək və tədqiqatlar aparmaqla kifayətlənməmiş, onu bəşəri dəyərlər xəzinəsinin möcüzələrindən biri hesab etmişlər. Şirvanşahlar dövləti tarixində siyasi-hərbi baxımdan müdafiə qalası və qəsri kimi qurulan Bayıl qəsri Monqolların – moğol türklərinin Azərbaycana yürüşləri zamanı, 1234-1235-ci illərdə tikilsə də, bir il sonra zəlzələ nəticəsində sulara qərq olmuşdur. Bu səbəbdən Bayıl qəsri bir çox mənbələrdə, həm də “Sulara qərq olmuş şəhər” kimi qeyd edilir. Arif Ərdəbilinin 1369-cu ildə qələmə aldığı “Fərhadnamə” poemasında adı keçən Səbail qəsri Bakının müdafiə qalası tək xarakterizə olunaraq tərif edilir.
Ən-Həml surəsində qeyd olunduğu kimi, Tanrı sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoq məskəni olan Odlar Yurdu Azərbaycana sərvətlərin və nemətlərin ən gözəlini bəxş etdi. Uca dağlar, bol sulu çaylarla mükafatlandırdı. Bu tarixi torpaqların sakinləri zaman-zaman onun əzəmətinə əzəmət qatmaq üçün, qədim yaşayış komplekslərini, memarlıq abidələrini yaratdılar. Onlardan biri də, Səbailin əzəmətini özündə ehtiva edən Qız Qalasıdır. Bayıl qəsrinin, Şirvanşahlar dövlətinin, ümumiyyətlə Səba elinin mühafizə qurğusu, qalası olaraq inşa olunan Qız qalası, təkcə Bakının, Səbailin deyil, bütün Azərbaycanın rəmzlərindən biridir. Şirvanşahlar dövlətinin qüdrətini özündə ehtiva edən Şirvanşahlar Saray Kompleksinə daxil olan Qız qalası İçərişəhərin gözəlliyinə gözəllik qatan bir memarlıq incisidir. İçərişəhər və Şirvanşahlar Kompleksi ilə birlikdə 2000-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın iradəsi, UNESCO-nun diqtəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına yazılan Qız qalası, həm də Azərbaycanın cəsarət, ləyaqət, saflıq və məhəbbət rəmzi olaraq qeyd olunur.
Səbail rayonunun, daha doğrusu Səba elinin Bakının incisi hesab olunan abidələrdən biri də, qeyd etdiyimiz kimi, dünyanın maddi-mədəni irsi siyahısına yazılan Şirvanşahlar Saray Kompleksidir. Şirvanşahlar dövləti Şamaxı zəlzələsindən sonra Bakını özünə iqamətgah etmiş, bu məqsədlə Şirvanşahlar Saray Kompleksini qurmuşdur. Şirvanşahlar dövləti hökmdarının iqamətgahı kimi təməli qoyulan Saray kompleksi baş Divanxanadan, Şirvanşahlar Türbəsindən, Şah məscidindən, Saray hamamından, ovdandan, Şərqin böyük filosof-alimlərindən biri, Xəlvətiyyə təliminin banisi Seyid Yəhya Bakuvinin türbəsindən və Keyqubad məscidindən ibarətdir. XIII – XIV yüzillərdə tikilən Şirvanşahlar Kompleksinin bir çox tikililəri, eyni zamanda XV yüz ilin adı ilə bağlıdır. Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə qurulan saray,

Sultan III Muradın zamanında darvaza və Şərq hasarı, divarı ilə əhatə edilib. Saray Kompleksdə XIX yüzildə bir çox bərpa işləri aparılıb. 1964-cü ildən isə Dövlət tarixi- memarlıq qoruq-muzeyi kimi istifadəyə verilib.
Bakının, Səbail rayonunun digər tarixi memarlıq komplekslərindən, incilərindən biri də Abşeron yarımadasının, Bakı buxtasının sahilində yerləşən Bibiheybət məscid kompleksidir. Tarixi mənbələrdə də belə deyilir: “1990-cı illərdə yerli əhali tərəfindən tikilən məscid Şirvanşahlar dövlətinin 28-ci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XII əsrin II yarısında Azərbaycan Eldənizlər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı, 1936-cı ildə Bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır”. Abbasqulu ağa Bakıxanov, dünya şöhrətli səyyah Aleksandr Düma, Qarabağ xanlığının son vərəsəsi, Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvanın, Qubalı Fətəli xanın, Gəncəli Cavad xanın ziyarət edib, ianələr bağışladığı Bibiheybət məscid kompleksi bir çox tarixi şəxsiyyətlərin, Qubalı Fətəli xan, Həsən bəy Zərdabi kimi dahilərin torpağa verildiyi məkandır. Həmçinin burada İmam Cəfər Sadiqin nəvəsi İmam Museyi Kazımın qızı, İmam Rzanın bacısı, Əli əleyhissəlamın soyuna bağlı Həkimə xanım uyuyur. 1936-cı ildə dağıdılan bu tarixi memarlıq, eyni zamanda İslam incisi yalnız 1993-cü ildən sonra, Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdığı zaman bərpa edilmiş, dünya müsəlmanlarının istifadəsinə verilmişdir. 1999-cu ilin may ayında təntənəli açılış mərasimi olan bu kompleks, ikinci dəfə 2008-ci il iyulun 14-də yenidən təmir-bərpa edilmiş, bir İslam dəyəri, incisi olaraq İslam memarlıq abidələri sırasına daxil edilmişdir. Məscid-kompleksin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdir.
Bakının əzəmətinə əzəmət qatan, onu varlığı ilə şöhrətləndirən tarixi tikililərin böyük əksəriyyəti məhz Bayıl qəsrində, Səbail qəsrində yerləşir: Azərbaycan Tarixi Muzeyi, Nizami adına Ədəbiyyat Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalça Muzeyi, ÜNS Yaradıcılıq Səhnəsi, YARAT Müasir İncəsənət Məkanı.
Səbail təkcə tarixin bütün dönəmlərində yetirdiyi şəxsiyyətlərlə deyil, həm də, tikib-qurduğu abidələrlə qüdrətini sübut edir. Burada imperiyalar tərəfindən ikiyə bölünən Vətənin birlik-bütövlük rəmzi olan Gülüstan sarayı ilə yanaşı, Bakı əsilzadələrinə məxsus çoxsaylı möhtəşəm yaşayış binaları, malikanələri, mülkləri mövcuddur ki, bu da Çəmbərəkəndin yaxasında, Xəzərin sahilində binə tutan Səbailin əski çağ mədəniyyətinə aynadır.
Səbail müxtəlif dövrlərdə ayrı-ayrı adlarla çağrılsa da, batini əzəmətini, zahiri gözəlliyini həmişə qoruyub. Sürətlə inkişaf edən Bakı tarixin bütün dönəmlərində məhz Səbaillə birlikdə inkişaf edib, tərəqqi dövrünü yaşayıb. İstər Şirvanşahlar dövləti, istər Səfəvilər, istər Osmanlılar, istər də, Çar Rusiyası zamanında Azərbaycanın mədəni mərkəzi kimi nüfuz qazanıb. Ölkənin əsas idarəçilik mərkəzləri, strukturları məhz Səbailin ərazisində yerləşib. Ayrı-ayrı tarixi şəxsiyyətlərin malikanələri, mülkləri, ev muzeyləri ilə yanaşı burada, İsmailliyə binası, Bakı Realni Məktəbinin binası, Bakı Şəhər Dumasının binası, Hacı Zeynalabdin Tağıyevin Qız məktəbinin binası, ilk Teatrın binası, Filarmoniya bağı və onun binası

məhz bu ərazidə tikilib. Polyak memar Ploşkonun, Qoslavskinin, Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun layihələri əsasında yaranan bu memarlıq inciləri şəhərin ahənginə, rənginə çevrilib. Tanınmış mesenat, Bakı əsilzadəsi Nabat xanım Aşurbəyovanın, Tanrı sevgisinin aynası olan “Təzəpir” məscidi Bakının, Səbailin gözəlliyinə gözəllik qatıb.
Xəzər hövzəsinin bu sirlər dolu dünyası uğrunda min illər boyu cəngi-cidalar, müharibələr olub. Onun sərvətinə, qara qızılına sahiblənmək üçün dünyanın o başından sərkərdə-xaqanlar gəlib. Amma ərlərin, ərənlərin, qüdrətli sərkərdələrin iradəsi ilə Bakı Odlar Yurdu Azərbaycanın, Səbail isə öz Qəsrinin sultanı olaraq ayaqda qalıb.
Azərbaycanın Əbədi İstiqlalı uğrunda bütün dövrlərdə şəhidlər verilib. Onların al-qanı ilə tarix yazılıb. Əbədi İstiqlal savaşına Xəzərin sahilindən, Səbail qəsrindən, Lenin meydanından başlayan xalq 20 Yanvar Şəhidlərini Çəmbərəkəndə qaldırmaqla burada torpaqların işğalçılarından birinin – Sergey Mironoviç Kirovun abidəsini aşırıb, Lenin meydanını da Azadlıq meydanına çevirib. Əbədi İstiqlalının, özgürlüyünün rəmzi olan Bayrağının adına dünyanın ən möhtəşəm Bayraq Meydanını məhz Səbail qəsrinin yaxasından cücərdib.
1920-ci ildən Bayıl-Bibiheybət rayonu kimi formalaşan Səbail 1930-cu ildən 1960-cı ilə qədər Stalin, 1961-ci ildən 1992-ci ilə qədər 26 Bakı Komissarı, 1992-ci ildən üzü bu yana Səbail rayonu kimi fəaliyyət göstərir. Tarixi tikililəri, memari inciləri, abidələri, qüdrətli şəxsiyyətləri ilə dövlətçilik tariximizdə mühüm yer tutan Səbail, rəsmi dövlət qurumlarının əsas iqamətgahı, Bakının, İçərişəhərin və Bayırşəhərin darvazası, açarı kimi də qiymətlidir. Azərbaycan Bakıdan, Bakı Səbaildən başlayır. Onun hər dövrü, hər bir mərhələsi milli-mənəvi dəyərlərlə dolub-daşan tariximizin səlnaməsidir. Bakının müfəssəl tarixini yazan ilk tarixçi-alim, professor Sara Aşurbəyli, Bakının adı ilə bağlı nəğmələrin müəllifi bəstəkar Tofiq Quliyev, Bakının aynasını “Bakı” və “Baku” adında yaradan professor Nəsir İmanquliyevdə şah əsərlərini Səbail qəsrində yaradıb. Bakı Şəhər İcra Hakimiyyətinin möhtəşəm binasının, Baki-baku.az saytının ünvanı da, Səbail rayonudur. Səbail oxunmamış kitab kimidir: Baki-baku.az buranın tarixini, mədəniyyətini, şəxsiyyətlərini artıq arxiv hücrələrinə köçmüş rəsmi sənədlər əsasında bir-bir oxuculara təqdim etməyi özünə mənəvi borc, Vətən tarixi qarşısında xidmət hesab edir.

Şərəf Cəlilli

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək

Ən son

ƏSAS XƏBƏRLƏR

Xalqımızın rəsmi şəkildə istifadə etdiyi təqvimdən başqa, əsrlərdən-əsrlərə nəsillərdən-nəsillərə ötürdüyü öz təqvimi də var. Bu

ƏSAS XƏBƏRLƏR

Xalqımızın rəsmi şəkildə istifadə etdiyi təqvimdən başqa, əsrlərdən-əsrlərə nəsillərdən-nəsillərə ötürdüyü öz təqvimi də var. Bu