Nəşr edilmişdir 06/04/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan əlifbasında “W” hərfinin macərası

“W” hərfinin macərası, Azərbaycan dili, Azərbaycan əlifbası, Əlifba, W hərfi

Məqalənin adını görənlər arasında “W” hərfin “Ş” kimi oxuyanlar oldu, çox güman. Bunun səbəbi isə Kiril əlifbasında olan “ş” hərfinin yazılışının görünüş baxımından “W” hərfi ilə çox oxşar olmasıdır. Ona görə də bir dönəmdə əksəriyyət insanlar mesajda və sosial şəbəkələrdə fikrini yazarkən sözlərdə “Ş” hərfi yerinə “W” qoyurdu.

İndi, şükürlər olsun, tendensiya daha çox Azərbaycan əlifbasında mesajlaşmağa doğru gedir və “Ş”nı kirilləşdirməyə ehtiyac qalmır.

Lakin məqaləmiz əsl, təbii, orqanik “W” hərfindən bəhs edəcək. Doğurdan da, əlifbamızda “W” hərfi nə vaxtsa olubmu?

Abdulla bəy Əfəndizadə və əlifba islahatı (XIX əsrin sonu – XX əsrin əvvəli)

Abdulla bəy Əfəndizadə – XIX əsrin sonlarında yaşamış maarifçi, müəllim və ictimai xadim idi. Ərəb əlifbasının Azərbaycan dilində fikri ötürməyə qadir olmadığını düşündüyündən latın əsaslı alternativ əlifba tərtib etmişdi.

Belə ki, 1919-cu ildə Abdulla bəy Əfəndizadənin “W” və “SH” (“Ş”) hərfləri daxil olan, 33 hərf və apostrofdan ibarət “Son Türk Əlifbası”nı hazırlayır. Lakin qısa müddət sonra Azərbaycan bolşeviklər tərəfindən işğal edilir. Beləcə, bu layihənin həyata keçirilməsi reallaşmır.

“W” hərfinin Əfəndizadənin əlifbasında yeri

O dövrdə “W” hərfi, “V” ilə “U” arasında səslənən [W]-tipli səsləri ifadə etmək üçün düşünülmüş olduğu fikri var. Mümkündür ki, bu hərf Türkiyə türkcəsindəki və ya Avropa latın qrafikalı dillərdəki təsirlə əlavə olunmuşdu. Məqsəd xalq üçün daha oxunaqlı əlifba yaratmaq idi. Lakin hərfin yaratdığı səsin dildə istifadəsinə ehtiyac yox dərəcəsində az idi. Bizim dilimizdəki sözlərdə “W” səsi cüzi istifadə olunduğundan həmin dövrdə də, daha sonralar da buna ehtiyac qalmadı. Abdulla bəyin əlifbası isə ozamankı  hərbi vəziyyətə görə rəsmi status qazanmadı.

Əlifba bir əsrdə üç dəfə dəyişdi

1929-cu ildə ərəb əlifbası ləğv olundu və latın qrafikası qəbul edildi. 1939-cu ilə kimi 3 dəfə dəyişikliklər görən əlifba sonda kiril əlifbasına keçid ilə sonlandı.

1947-ci ildə Rus dilindən alınma sözlərdə istifadə olunan “Ц” hərfi əlifbadan çıxarıldı.

Kiril əlifbası Azərbaycan dilinə uyğunlaşdırıldı. 1958-ci ildə “Ё”, “Щ”, “Ъ”, “Ь”, “Э”, “Ю”, “Я” hərfləri də əlifbadan çıxarıldı və “Й” hərfi “Ј” ilə əvəzləndi. Azərbaycan kiril əlifbasının fərqləndirici xüsusiyyəti digər dillərin əlifbalarında mövcud olmayan “Ҝ” (“G”) və “Ҹ” (“C”) hərflərinin daxil olması idi.

Latın əlifbasının qəbulu

1991-ci ildə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1 noyabrda qəbul olunmuş qanunla latın qrafikalı yeni Azərbaycan əlifbasına keçid haqda qərar verildi. Həmin vaxt Əlifba Komissiyasının sədri olan professor Firudin Cəlilov qərarın qəbul olunmasını və “W” hərfini belə xatırlayır:

“Bu, 1991-ci ildə Ankarada qəbul olunub. Komissiyada mən də olmuşam. Türk ölkələrindən gələn alimlər 34 hərfdən ibarət əlifba qəbul etdilər. Mən də onu bizim parlamentə gətirdim. Həmin vaxt Əlifba Komissiyasının sədri idim. Artıq 33 ildir, bu əlifbanı işlədirik. Yəni Türk Dünyası bizim işlətdiyimiz əlifbanı indi qəbul edib. Biz “Ñ” və “Ũ” hərfini 1991-ci ildə qəbul etmədik. “Ũ” ingilis dilindəki “W” hərfidir. Bizim dildə bu səs yoxdur. Məsələn, biz “dağ” deyirik, qazaxlar, tatarlar “tau” deyirlər. Yəni bu hərflər onlar üçündür, bizim üçün deyil. Biz indiki “Ũ” hərfini 1991-ci ildə “W” kimi təklif etmişdik, lakin qəbul etmədilər. İndi formasını dəyişiblər.  Digər hərf isə “Ñ” – “sağır nun”dur. Bu hərfi əlifbamıza salmaq istəyirdim, amma çoxlu maneələr oldu. Çox çətinliklə də olsa, hazırda istifadə etdiyimiz əlifbanı 1991-ci ildə parlamentdən keçirə bildim. O hansı əlifbadır?  İndi qəbul etdikləri Ortaq Türk Əlifbası!”

Nəticə etibarilə, “W” hərfi Azərbaycan əlifbasında heç vaxt rəsmi yer tutmasa da, onun ətrafında gedən müzakirələr dilimizin inkişaf tarixindəki maraqlı məqamları ortaya qoyur. Bu hərfin taleyi həm də göstərir ki, əlifba təkcə texniki deyil, həm də ideoloji və mədəni seçimlərin nəticəsidir.

Deniz Məmmədli

Loading

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində Qurban bayramı günü, iyunun 6-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə paylaşım edib.