Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Efiopiyada səfərdə olub.
Baki-baku.az xəbər verir ki, səfər çərçivəsində “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidməti mərkəzinin rəsmi təqdimatı baş tutub.
Azərbaycan nümayəndə heyətini Efiopiyanın Dövlət Xidməti Komissiyasının rəhbəri və Baş nazir Ofisinin dövlət naziri müşayiət ediblər. Eyni zamanda rəsmi təqdimatda Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov da iştirak edib.
Bildirilib ki, Əddis-Əbəbə şəhərində yerləşən və 8 mərtəbədən ibarət olan “MESOB” mərkəzində pilot mərhələdə 20-yə yaxın dövlət qurumu və bir sıra özəl təşkilatlar tərəfindən ümumilikdə 120-dən çox xidmət təqdim olunur. Mərkəzin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri, çağrı mərkəzi və uşaq guşəsi daxildir.
Efiopiya tərəfi dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib və ilin sonuna qədər bu kimi mərkəzlərin sayının artırılmasının planlaşdırıldığını qeyd edib.
Qeyd edəki ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 2024-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilmiş görüş zamanı qarşı tərəf “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqində maraqlı olduqlarını ifadə edib və bununla bağlı Azərbaycan tərəfinin dəstəyini xahiş edib.
Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirib, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədlər hazırlanıb, xidmətlərin vahid standartı müəyyən edilib, “ASAN xidmət” mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb.
Əddis-Əbəbə şəhərində fəaliyyət göstərəcək xidmət mərkəzinin binası seçilib və “ASAN xidmət” mərkəzlərinin konsepsiyası əsasında yenidən dizayn edilib. Xidmətlərin optimallaşdırılması və biznes proseslərin sadələşdirilməsi istiqamətində Efiopiyanın “MESOB” dövlət xidməti mərkəzində təmsil olunan aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq həyata keçirilib.