Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/23/2026

Paylaşın

HƏR ŞEYDƏN

Azərbaycan qonaqpərvərliyinin incəlikləri: ürəyə açılan qapılar

Azərbaycan evlərinin qapıları iki dəfə açılır: əvvəlcə qonağın üzünə, sonra isə onun ürəyinə. Bakıda və digər bölgələrdə qonaq çox vaxt hələ qapının astanasını adlamamış ona artıq “Keç yuxarı başa” deyirlər. İlk baxışda sadə görünən bu söz, əslində, adi bir dəvətdən daha dərin məna daşıyır.

Azərbaycan qonaqpərvərliyinin kökləri həm də bu torpağın təbiətində gizlənir. Xəzərin sahilində əsən küləklər, uzun yay axşamları, günəşin asta-asta üfüqdə itməsi insanları əsrlər boyu bir araya gətirib. Burada həyətlərin, eyvanların və açıq pəncərələrin öz dili var. Elə buna görə də Azərbaycan evində qonaqpərvərlik təbiətin özü ilə həmahəng yaranmış həyat tərzidir.

Ev sahibləri qonağın gələcəyini əvvəlcədən biləndə də, qapı döyüləndə onu qəfil qarşılamaq lazım gələndə də, evdə xüsusi bir canlanma başlayır. Mətbəxdə qab-qacağın səsi eşidilir, süfrə açılır, ən dadlı təamlar hazırlanıb bir araya gətirilir.

Azərbaycan qadınlarının qonaq qarşılamaq məharəti isə ayrıca bir ənənədir. Hətta evdə hazır yemək olmasa belə, qısa zaman ərzində həm dadlı, həm də göz oxşayan bir süfrə hazırlamaq onların məharətidir. Bu süfrədə sadə yeməklər yer alsa belə, hər şey elə səliqə, zövq və sevgi ilə təqdim olunur ki, qonaq özünü ən əziz insan kimi hiss edir. Çünki burada əsas olan yeməyin növü və yaxud sayı deyil, onun ürəklə hazırlanması, təqdim olunmasıdır.

Süfrənin ən vacib mərhələsi isə yeməkdən sonra başlayır. Çay süfrəsi açılır – xüsusi dəmlənmiş çay süzülür, növbənöv mürəbbələr, şirniyyatlar və çərəzlər masaya düzülür. Azərbaycan çayı isə söhbətlərin davamı, qonaqlığın ruhu və milli süfrəmizin döyünən ürəyidir. Ən maraqlı xatirələr, ən səmimi söhbətlər çox vaxt məhz armudu stəkanın ətrafında yaranır.

Azərbaycan süfrəsinin ən böyük dəyəri həm də insanların bir araya gələrək qurduğu söhbətlərdədir. Çay süfrəsi arxasında saatlar necə keçib gedir, çox vaxt heç kəs hiss etmir. Bu söhbətlər zamanı insanlar bir-birini daha yaxından tanıyır, daha yaxşı anlayır və bir-birinə yaxınlaşırlar. Çay süfrəsi ətrafında evin özünəməxsus bir ritmi yaranır. Böyüklər nərd və şahmatla məşğul olarkən, kiçiklər maraqla və diqqətlə onları izləyir. Bu səhnə nəsillər arasında səssiz bir ünsiyyət formasıdır.

Digər bir incə məqam isə uşaqların və yeniyetmələrin öz aralarında qurduğu təbii yaxınlıqdır. Ailənin böyük uşaqları qonaq gələn kiçikləri maraqla qarşılayır, onlarla oynayır, onların vaxtını xoş və rahat keçirmək üçün şərait yaradır. Beləcə, böyüklər qonaqlara daha çox zaman ayıra bilir, söhbətlər daha sərbəst şəkildə davam edir. Bu mənzərə evin içindəki qayğının və qonağa olan diqqətin göstəricisidir.

Bəzən elə olur ki, evə ilk dəfə gələn qonaqla söhbət əsnasında ortaq tanışların, uzaq qohumların və ya eyni köklərə bağlı ailələrin olduğu ortaya çıxır. Bir neçə dəqiqə əvvəl yad olan insanlar özlərini sanki illərdir bir-birini tanıyırmış kimi hiss edirlər. Söhbət getdikcə rəsmiyyət aradan qalxır, yerini doğmalıq və səmimiyyət tutur.

Bunun səbəbi bir azərbaycanlının ailə bağlarına və insan münasibətlərinə verdiyi dəyərdədir. Burada qonaq yad adam kimi deyil, evə gəlmiş əziz bir insan kimi qarşılanır. Elə buna görə də Bakı evlərində qonaqlıq yalnız süfrə ətrafında deyil, ürəklər arasında da körpülər qurur.

Qonaqlığın ən unudulmaz anlarından biri də onun sonudur – qonaqların yola salınması. Azərbaycan evlərində bu məqam bəzən qonağın qarşılanmasından belə daha təntənəli və yaddaqalan olur. Əgər imkan olursa, ev sahibləri qonağın gecəni qalmasını təkidlə təklif edirlər. Belə hallarda evin ən rahat otağı, ən yaxşı şəraiti məhz qonaq üçün hazırlanır, ən gözəl yorğan-döşək onlar üçün salınır.

Qonaq yola düşəndə ev bir daha canlanır – bu dəfə vidalaşma hazırlığı ilə. O, evdən ayrılarkən isə boş əllə yola salınmır. Süfrədə təqdim olunan ləzzətli təamlar, evdə hazırlanan şirniyyatlar səliqə ilə qablaşdırılır. Ev sahiblərinin öz əlləri ilə hazırladığı mürəbbələr, turşular və müxtəlif ev ehtiyatları qonağa verilən ən dəyərli pay kimi təqdim olunur. Bu, hazırlıq payı ilə yanaşı, həm də evin zəhmətinin və sevgisinin bir parçasıdır.

Qonaq əlləri dolu halda evdən çıxır. “Yolunuz açıq olsun”, “sağ-salamat çatın” kimi sözlər burada ürəkdən gələn səmimi arzulara çevrilir. “Sizi yenə gözləyəcəyik, bura öz evinizdir” ifadələri isə bir ayrı doğmalıq hissi yaradır.

Qonaq uzaqlaşarkən ev sahiblərinin arxasınca su səpməsi isə bu yola salma mərasiminin ən qədim və ən simvolik ənənələrindən biridir – yolun açıq, dönüşün isə asan olması arzusu ilə. Ev sahibləri qapıda uzun müddət dayanır. Qonaq gözdən itənə qədər baxırlar. Sonra isə pəncərədən yola salırlar. Və bütün bu ənənələr təkcə evlərin içində qalmır. Azərbaycanı ziyarət edən insanlar – dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar – bu torpağın ən çox yadda qalan cəhətini həmişə eyni cümlə ilə xatırlayırlar: burada insan özünü yad hiss etmir.

Əsrlər boyu səyyahlar, yazıçılar, sənətkarlar bu diyarı təbiəti və şəhərləri ilə yanaşı, insanlarının səmimi və isti münasibəti ilə də təsvir ediblər. Bu gün də Bakıya gələn hər kəs eyni hissi yaşayır.

Bəlkə də buna görə Azərbaycan qonaqpərvərliyi haqqında danışmaq çətindir. Çünki o, sözlərlə izah olunan bir adət deyil, yaşanılan bir hissdir. Bəlkə də bu hiss xarici ölkələrdən olanlar üşün yaddır. Çünki bu cür qonaqpərvərlik ancaq azərbaycanlılara xasdır. O, qapıdan içəri girən hər kəsin yaddaşında iz buraxan, zaman keçsə də usanmayan doğmalıq kimidir.

Və bu doğmalıq nə qədər illər keçsə də, eyni qalır: insanı qarşılayan bir ev, yola salan bir ürək və geri dönmək üçün həmişə açıq olan bir qapı.

Nəzrin Mahu

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı (əlavə reyslər), Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı sərnişin qatarları Dərnəgüldə də dayanır.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin