Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/13/2026

Paylaşın

TARİX

Azərbaycan – Dünya Fatehinin iz qoyduğu torpaq

WhatsApp Image 2026-04-13 at 09.18.11 (1)

Alazan-Həftəran vadisində, Şəki-Zəyzid kəndi ərazisində geniş sahəni əhatə edən qala divarlarının qalıqları mövcuddur. Bu qala “İsgəndər Zülqərneyn qalası” kimi tanınır

Min illər boyu qüdrətli imperiyaların hücumlarına məruz qalan, orduların önündə atdöşü edilən, dünya fatehlərinin təhdidlərinə baxmayaraq ayaqda qalıb əzəmətli dövlətlər quran Odlar Yurdu Azərbaycan həm də Makedoniyalı İsgəndərin iradəsi ilə imtahana çəkilib. Makedoniyalı İsgəndərin əski Azərbaycan torpaqlarına səfərini təsdiq edən mənbələrdən biri və ən mötəbəri II əsr yunan tarixçisi Flavi Arrianın əsəridir. Onun “İsgəndərin hərbi yürüşləri” adlı əsərində İsgəndərin bu ölkəyə hərbi səfəri, döyüşləri və digər hadisələr barədə ətraflı məlumat verilir.

Flavi Arrian: “Asiyada yaşayan saklar Dara ilə müttəfiq kimi İsgəndərə qarşı döyüşürdülər”

Tarixçinin yazdığına görə, “Atropatena hökmdarı Atropatın komandanlığı altında iskitlər, albanlar, girkanlar, tapurlar və kadusilər İsgəndərə qarşı vuruşmuşlar”. Mənbədə o da qeyd olunur ki, “İskit tayfalarından olub Asiyada yaşayan saklar Dara ilə müttəfiq kimi İsgəndərə qarşı döyüşürdülər. Midiyalılara Atropat komandanlıq edirdi. Kadusilər, albanlar və sakasenlər də midiyalıların tərəfində idilər.”

Bu faktı təsdiq edən Strabon isə yazırdı ki, saklar kimmerlər və trerlər kimi yürüş etmişdilər. Bu yürüşlərin biri daha uzaq, digəri isə daha yaxın məsafələrə olmuşdur. Onlar Baktriya ərazilərini ələ keçirmiş və həmin yerlərə öz adlarını – Sakasena adını vermişdilər. Daha sonra onlar Qafqaz istiqamətində hərəkət etmiş, hətta indiki Qara dəniz – Yevksin dənizi sahillərinə qədər yayılmışdılar.

Saklar, məlum olduğu kimi, iskit mənşəli türk tayfalarından idilər. Onlar hələ miladdan əvvəl təxminən IX–VI əsrlərdə geniş miqyaslı yürüşlər etmiş və Qara dəniz sahillərinə qədər irəliləmişdilər.

Flavi Arrian Makedoniyalı İsgəndərin Asiyanın Girkaniya, yəni Kaspi vilayətində olması, bu vilayətin çayları, məhsuldar torpaqları və digər xüsusiyyətləri barədə də maraqlı məlumatlar verir. Tarixçinin məlumatına görə, hələ qədim dövrlərdə İsgəndərin şöhrətpərəstliyi ilə bağlı müxtəlif rəvayətlər də yaranmışdı. Lakin Arrian bu rəvayətləri deyil, daha çox saray arxiv sənədlərinə və etibarlı mənbələrə əsaslanaraq məlumat vermişdir.

Nizami Gəncəvi “İsgəndərnamə” poemasını yazarkən ən etibarlı mənbələrdən biri kimi Flavi Arriana müraciət etmiş və ondan faydalanmışdır

Rus dilinə tərcümənin ön sözündə Struve qeyd edir ki, Arrian kamil tarixçidir və İsgəndər onun üçün əfsanəvi qəhrəman deyil, real tarixi şəxsiyyətdir. İsgəndər haqqında yazan digər müəlliflərdən fərqli olaraq, Arrian istifadə etdiyi mənbələrə və tədqiqat metoduna görə daha etibarlı hesab olunur. O, İsgəndərin yürüşləri barədə tarix üçün əvəzsiz materiallar təqdim etmişdir.

Arrian Makedoniyadan Hindistana qədər İsgəndərlə birlikdə olmuş müasirlərin xatirələrinə və qeydlərinə əsaslanmış, onun bütün göstərişlərini və planlarını əks etdirən məlumatları toplamışdır.

Nizami Gəncəvi “İsgəndərnamə” poemasını yazarkən ən etibarlı mənbələrdən biri kimi Flavi Arriana müraciət etmiş və ondan geniş şəkildə faydalanmışdır.

Strabon: “İsgəndər Qafqaz dağlarına gəlmiş,buradan Kaspi keçidini və Araz çayını keçərək Persepolisə qədər irəliləmişdi”

Arrian yazır ki, “İsgəndər yürüş zamanı geri qalmış qoşun hissələrinin çatmasını gözlədi və daha sonra Girkaniyaya yola düşdü. Bu ölkə Baktriyaya gedən yolun sol tərəfində yerləşirdi. Ərazi sıx meşələrlə örtülmüş dağlarla əhatə olunmuş, dağların arxasında isə böyük dənizə qədər uzanan geniş düzənliklər yerləşirdi. İsgəndər Girkaniyaya gəldikdə öyrəndi ki, Dara ordusunda xidmət edən bəzi dəstələr dağlara, tapurların yaşadığı ərazilərə qaçmışlar. Onları tapurlarla birlikdə cəzalandırmaq istəyirdi.” 

Strabon yazır ki, İsgəndər Araz çayını keçərək Persepolisə qədər irəliləmişdi. Arrian da bu barədə qeyd edir ki, İsgəndər Qafqaz dağlarına gəlib çatmış, orada bir şəhər salaraq ona İsgəndəriyyə adını vermişdi. O, adətinə uyğun olaraq tanrılara qurban kəsmişdi.

Yenə Arrianın verdiyi məlumata görə, İsgəndər öz qoşunu qarşısında etdiyi çıxışında bildirirdi ki, “O, Qafqaz üzərindən keçərək Kaspi keçidinin o tayına çatmışdır.”

Sarkine qalasından Atropatenaya…

Böyük Qafqazın mənzərəli cənub ətəklərindən birində — Alazan-Həftəran vadisində, Şəki-Zəyzid kəndi ərazisində geniş sahəni əhatə edən qala divarlarının qalıqları mövcuddur. Qalanın bürclərinin yerləri və mərkəzi hissəsi müəyyən dərəcədə seçilir. Tamamilə dağılıb məhv olmasına baxmayaraq, onun adı və xatirəsi yaddaşlarda qalmışdır. Bu qala İsgəndər Zülqərneyn qalası kimi tanınır.

Bu günədək arxeoloqların diqqətindən kənarda qalan qəribə, həm də maraqlı tarixi olan qala sübut edir ki, Makedoniyalı İsgəndər Gürcüstandakı Sarkine qalasındakı məğlubiyyətdən sonra Atropatenaya doğru hərəkət etmiş, indiki Balakən–Şəki istiqamətində, Alazan vadisi boyunca irəliləmişdir. Həm mənzərəli, həm də strateji baxımdan əlverişli olan bu ərazidə düşərgə salmış və yerli əhalinin yaddaşında bu günə qədər qalan İsgəndər Zülqərneyn qalasını tikdirmişdir.

Dünya Fatehinin Başkeçid, Qaraçöp, Qarayazı, Qazax, Tovuz və Bərdə izləri

Makedoniyalı İsgəndərin Qafqaz və onun tərkib hissəsi olaraq Odlar Yurdu Azərbaycana yürüşlərini özündə ehtiva edən Alazan – Həftəran vadisi, Şəki –Zəyzid, Balakən – Şəki istiqamətləri ilə yanaşı, Borçalının Başkeçid yörəsindəki İsgəndər oyuğu, Qaraçöp və Qarayazının ətəyində mövcud olan İsgəndər oylağı, Qazax, Tovuz və Bərdə şəhərləri ətrafında qalıqları qalan İsgəndər qala yerləri, ən əsası isə Nizami Gəncəvinin Dünya Fatehini müdrikliyi ilə heyrətləndirən Bərdə hakimi Nüşabənin əzəmətini nümayiş etdirən “İsgəndərnamə” poeması tarixlə müasirlik arasında ciddi körpülərdən, tarixin daş salnamələrindən, kitabələrindən, eyni zamanda mənəvi bağlarındandır. 

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı, paytaxt qəsəbələrinin də küçələri yuyulub,

Ən son

ƏDƏBİYYAT

Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm, Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?

ƏDƏBİYYAT

Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm, Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin