Bakıda bu yaxınlarda ölkəmizin ilk və yeganə inklüziv kafesi açılıb. Kafenin fəaliyyəti olduqca önəmli, adı isə çox maraqlıdır. Gəlin əvvəl inküzivlik nədir ondan başlayaq? İnklüzivlik sosial prosesə kiminsə və ya nəyinsə daxil edilməsidir. Çox vaxt inklüzivlik əlilliyi olan insanların cəmiyyətin həyatına daxil edilməsini nəzərdə tutur. İnklüzivlik əlilliyə sosial yanaşmanı nəzərdə tutur. Bu yanaşma ilə xüsusi qayğıya ehtiyacı olan insanlara “problem” damğası vurulmur, əksinə, onların cəmiyyətə inteqrasiyası dəstəklənir. Bu baxımdan da Azərbaycan bir çox işlər görülüb. Bugünkü müsahibimiz isə əlilliyi olan şəxslərin inklüziv mühitdə məşğulluğuna dəstək məqsədilə yaradılan bu “Kaşalata” inklüziv kafesinin yaradıcısı, həmçinin “Birgə və Sağlam” ictimai birliyinin təsisçisi Aytən Eynalovadır.
– “Kashalata” fikri haradan yarandı?
– Mənim 21 yaşında autizmli Həmzə adlı oğlum var. Onun ilk diaqnozunu aldığım andan gələcək həyatı ilə bağlı fikirləşməyə başladım. Uşaqlar çox tez böyüyürlər. Və onların keçəcəyi yolun ən böyük dəstəkçisi əlbəttə ki, biz valideynləri olmalıyıq. Mən də planlar qurduğum zaman bunu hər yaş dövrü üçün fərqli düşünürdüm. Hansı bağçaya gedəcək, hansı məktəbdə oxuyacaq, böyüyəndə hansı işlə məşğul olacaq kimi fikirlər məni daim düşündürürdü. Həmzə balaca olanda biz Türkiyədə yaşayırdıq və o da bir çox sözləri türkcə deyirdi. Bir gün qaşıqla salat yeyirdi. Süfrədə olan digər yeməyi də görüb istəyəndə bu cür dedi: “Ana, mənə kaşa lata (Həmzənin dilində qaşıq və salat sözlərini türkcə qısaldılmışı) verərsən?” Ondan sonra bütün yeməklərə “Kaşalata” deyirdi. Bu ifadə mənim çox xoşuma gəldi və ürəyimdə arzu tutdum. Bir gün Azərbaycanda “Kaşalata” adlı kafe açacağam və onun əməkdaşları Həmzə kimi autikliyi və fərqliliyi olan gənclər olacaq. İllər keçdi, biz Azərbaycana gəldik. “Kashalata”ya qədər də bir sıra işlər gördük. 2013-cü ildə “Birgə və Sağlam” İctimai Birliyini yaratdıq. Əsas hədəfimiz autizmli gənclər və onların ailələrinə dəstək olmaq idi. Və eyni zamanda da ölkəmizdə bu sahə ilə bağlı – inklüzivlə, fərqliliklə bağlı maarifləndirmə işləri aparmaq idi. Artıq biz 11 ildir bu işlə məşğuluq və bu müddət ərzində bir çox dövlət, qeyri-dövlət və beynəlxalq layihələrə imza atmışıq. Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə Autizm Mərkəzi yaratmışıq. Mərkəzin açılışını ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva edib. Və davamında mərkəzimizi üç dəfə ziyarət edib. Bu autizm mərkəzi də 10 ildir ki fəaliyyət göstərir. Bundan başqa, Heydər Əliyev Fondu və “AzərGold” şirkətinin dəstəyi ilə Gəncədə regional Autizm Mərkəzimiz də artıq 3 ildir ki, fəaliyyət göstərir. var. Orada tamamilə ödənişsiz əsaslarla insanlara dəstək verilir. Əlavə olaraq da ölkədə xüsusi təhsil sahəsində mütəxəssis hazırlığı aparmaq üçün Mehriban xanımın təlimatı, elm və təhsil naziri Emin Əmrullayevin dəstəyi və rəyi ilə ilk lisenziyalı əlavə təhsil müəssisəsi yaratdıq.
“Kaşalata”ya gəlincə, 7 il əvvəl Autizm Mərkəzimizdə bir pilot layihə olaraq bu kafeni yaratmışdıq. Amma mənim ən böyük arzum bu kafeni individual formada şəhər mərkəzində açmaq idi. Bizim ailə birliyimizin sədri Natəvan Məmmədova ilə birgə əl-ələ verib şəhərin mərkəzində bu kafeni açdıq.
– Kafe necə ərsəyə gəldi?
– İndiyə kimi ortaya qoyduğumuz bütün işləri bizə verilən dəstək və öz çalışmalarmızla həyata keçirmişik. “Kaşalata” pilot layihəsi olan zamanda biz BP şirkəti və AMCHAM (Amerika ticarət palatası) dəstək göstərmişdi. Amma indi kafeni individual şəkildə açmaq fikrinə düşəndə də bizə bir çoxları dəstək oldu. Biz ilk olaraq “Pasha holding” müraciət etdik. Rəhbərlik bizə kafeni qurmaq üçün məkan ayırdı. Və istədiyimiz kimi şəhərin mərkəzində – Üzeyir Hacıbəyli küçəsi 57-də. Təmiz məsələsini SOCAR boynuna götürdü. Avadanlıq mövzusudan çox böyük dəstəyi isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev göstərdi. Nazirlik bizə “yanınızdayıq” dedi və Məşğulluq Agentliyi ilə birgə bizi bir kofeşopun ehtiyacı olan avadanlıqlarla təchiz etdilər. Ümumiyyətlə layihəni həyata keçirməyimizə dəstək oldular. Yanaşı olaraq da, KOBİA kafenin mebellərini təqdim etdi. “Azərsun” şirkəti qida və qeyri-qida məhsulları ilə təmin edir. “Bosch”, “Bravo”, “Baku-elektroniks” bizə kiçik avadanlıqlara olan ehtiyacımızı qarşıladı. Telefon və nömrə dəstəyi “Bakcell”dən gəldi. Kafedə olan yaşıllığı bizə “Zirə gülçülük” təqdim etdi. “Sensum By Amapola” bizə tamamilə ödənişsiz əsaslarla 6 ay qəhvə dəstəyi verir. Burada həm fərqliliyi olan, həm də tipik insanlar işləyir. Tipik insanların maaşını 6 ay boyunca “Trendyol- Azərbaycan” şirkəti qarşılayıb. Hər birinə həm ana, həm qurucu olaraq çox minnətdaram. Bilirsinizmi, dəstəksiz bunu bu qədər keyfiyyətli etmək mümkün olmazdı.
– Kafedəki inklüzivlik nədən ibarətdir?
– Kafemiz ölkənin ilk və yeganə inklüziv kafesidir ki, burada əlilliyi – fərqliliyi olan və tipik gənclər bir yerdə işləyirlər. Əməkdaşlarımızdan barista, aşpaz köməkçisi, afisinat olmaqla 9 nəfəri fərqliliyi olan şəxslərdir ki, onlardan 1-i Daun sindromlu, 8-i autizmli gənclərdir. Digər 8 əməkdaşımız isə tipik insandır.
– İndi ən böyük ehtiyacınız nəyədir?
Oktyabrın birində bu kafeni bu qədər böyük dəstəklə açdıq. Bundan sonra ən böyük ehtiyacımız budur ki, insanlar gəlsin, müştərimiz bol olsun. Onların bizdən bir fincan qəhvə alması da bizim üçün böyük bir dəstəkdir. Sloqanımız da belədir: “Təşəkkürlər! Sizin sayənizdə biz hər fincanla bərabərlik və sevgi dolu inklüziv bir dünya yaradırıq!” Yəni müştərilərimiz bir fincanla da belə bizə böyük bir dəstək vermiş olurlar.
– Kafe böyük maraqla qarşılandı…
– Həqiqətən də, kafemiz çox böyük maraq və sevgi ilə qarşılandı. Bir çox qurumlar bizə müraciət edir: tədbirlərini burada keçirirlər və ya tədbir üçün sifarişlər verirlər. COP29 zamanı COP nişanəsi almış 45 restorandan biri idik. Və mavi zonada biz də xidmət göstərirdik. Dövlət və özəl məktəblərin, universitet və kolleclərin diqqətini çox çəkirik. Tələbələr bura çox gəlir. Bundan başqa, universitetlərdə də inklüzivlik mövzusu olanda müəllimlər tələbələri ilə bura gəlirlər və canlı-canlı bizim uşaqlarımızla ünsiyyətdə olurlar.
– Ən böyük çətinliyiniz nədədir?
– Hazırda biz böyük dəstəklə fəaliyyət göstəririk. Bizim ən böyük hədəfimiz və məqsədimiz öz ayağımız üstünə qalxmaq və ayaqda qalmaq, davamlılığı təmin etməkdir. Bunun üçün bizim müştəriyə ehtiyacımız var. Ona görə daha çox tanınmalı, daha çox görünməliyik. Gələn hər bir müştəri sosial şəbəkə hesabında kafemizi paylaşsa, biz, əlbəttə ki, daha çox tanınarıq. Bəli, bu, sosial biznesdir. Amma sosial biznesin də davamlılığı, ayaqda qalması üçün özünün özünü idarə etməsi lazımdır. Hazırda müştərilərimiz kafenin çox pozitiv abu-havada olduğunu deyir, eyni zamanda xidmətimizi də yüksək qiymətləndirirlər. Qeyd etmək istərdim ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, nazirlər kafemizə baş çəkirlər. Sahil Babayev isə ailəsi ilə birlikdə mütəmadi olaraq buranı ziyarət edirlər. Bu bizim üçün bu çox böyük dəstəkdir.
– Fərqliliyi olan övlad valideynlərinə tövsiyəniz nədri?
– Fərqliliyi olan övlada sahib valideynlərə demək istəyirəm ki, utanmasınlar, çəkinməsinlər, problemi qəbul etmək prosesini uzatmasınlar. Çünki bu proses nə qədər uzanarsa, uşaqlar bir o qədər gecikəcəklər. Bilsinlər ki, ayağa qalxdıqları andan övladları daha çox xoşbəxt olacaq və daha çox inkişaf edəcək, dəstək alacaq. Analar güclü olmalıdır. Amma anaların güclü olması üçün atalar onlara güc verməlidir. Daha sonra ailənin digər üzvləri, ətrafdakı adamlar gərək onlara mənəvi dəstək olsunlar. Tövsiyə edərdim ki, onlar bu yolu doğru insanlarla getsinlər.
– Sizcə, insan nə vaxt daha çox mərhəmətli olur?
– ABŞ-də araşdırma aparılıb və insanların mərhəmət hissi ölçülməyə başlayıb. Araşdırmanın nəticəsi göstərir ki, tipik insan həyatında bircə dəfə də olsa, ya ailəsində, yaxınında fərqliliyi olan insanla ünsiyyətdə olubsa, onda mərhəmət hissi digərlərindən daha güclüdür. Ailəsində fərqliliyi olmayan valideynlər gərək öz uşaqlarını fərqliliyi olan uşaqlarla tanış etsin, onların ünsiyyətinə, bir yerdə vaxt keçirməyinə şərait yaratsınlar. Yəni tipik övladları olan valideynlər uşaqlarını fərqliliyi olanlardan uzaq tutmasınlar.
Söhbətləşdi: Xanım Aydın