1969-cu il iyulun 20-də Neil Armstrong ilk dəfə Aya ayaq basdı. Onun məşhur “Bu, insan üçün kiçik, amma bəşəriyyət üçün böyük addımdır” sözləri artıq tarixə çevrilib. Lakin bu addım təkcə yaddaşlarda yox, Ayın səthində də əbədi iz buraxdı.
Baki-baku.az xəbər verir ki, elm adamlarının fikirlərinə görə, Armstrong və onunla birlikdə səfərdə olan Buzz Aldrinin Aya endiyi zaman səthdə qoyduğu ayaqqabı izləri bu gün də oradadır. Səbəbi isə Ayın təbiətində gizlidir. Orada nə külək, nə yağış, nə də atmosfer var. Yəni Aya enən insanın atdığı hər addım, sanki zamanın donduğu yerdə əbədiləşir.
Ayın səthi toz halında olan regolit adlanan materialla örtülüdür. Astronavtların ayaqqabılarının altında sıxılıb və formalaşan izlər ətraf mühitin təsirinə məruz qalmadan qorunub qalıb. Yer kürəsində bu izlər çoxdan küləklə silinərdi, amma Ayda onları siləcək heç bir təbii qüvvə yoxdur.
Alimlər hesab edirlər ki, bu izlər milyon illərlə dəyişmədən qala bilər. Yalnız gələcəkdə başqa kosmik cisimlərin toqquşması və ya insanların yeni missiyaları nəticəsində bu izlər pozula bilər.
Beləliklə, Armstrongun atdığı o ilk addım təkcə insanlığın kainata doğru addımı deyil, həm də zamana meydan oxuyan bir izdir. Aya baxdıqda onun səthində, tozun içində bir insanın cəsarətinin izi hələ də qalır.
 
				 
								 
								 
								 
															 
															 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								 
								