Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/10/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Atatürk – tabutu Gül ağacından yonulan Lider

IMG-20251110-WA0007

II yazı

Vida zamanı Qazinin üzünü son görən, 15 il sonra nəşinə toxunan alim

Fətih dastanları, mühiş ölümləri, vida mərasimləri ilə dillərə dastan olan Sərkərdə-xaqanların sırasında Qazi Mustafa Kamal Paşa Atatürkün öz yeri, məqamı var. 1953-cü il noyabrın 9-da bir bazar gecəsi, saat 11-də Türkiyənin ünlü alimi, professor Kamilə Şeyke Mutlunun telefonu çalır. Bu qəfil zəng Ankara Valisindən idi. Vali sabah Qazi Mustafa Kamal Paşanın məzarının açılacağını bildirir və bunun üçün hər kəsin görəvləndiyi barədə məlumat verir. Deyirlər, professor bu xəbəri eşidəndə gözləri dolur. 1938-ci il noyabrın 10-da qəlbində hiss etdiyi üzüntünü yenidən yaşayan Kamilə Şeyke Mutlu səhərin açılmasını səbirsizlikdə gözləyir. Onun əlləri yenidən Qazinin müqəddəs cənazəsinə, nəşinə toxunacaqdı. Ötən günlər professorun gözləri qabağından kino lenti kimi keçir. Qəfil zəng Qazi Mustafa Kamal Paşa Atatürkün dünyaya vida nəğməsi oxumasından 15 il sonra gəlmişdi. İstanbulda Dolmabağça sarayında ruhu bədənindən qopan Atatürkü Fateh Mehmetin fətih dastanı yazdığı şəhərdə torpaq müqəddəsliyinə qovuşdursalar da, onu İstanbula əmanət etmişdilər. Ankarada Anıtkabır Atatürkə layiq şəkildə qurulduqdan sonra onun nəşi Türkiyə Böyük Millət Məclisinə aparılmış, iqamətgahda bir gün qaldıqdan sonra insan selinin müşayiəti ilə 1938-ci il noyabrın 21-də Etnoqrafiya Muzeyinə gətirilmişdi. Baş nazir Çolan Boyar Baş katib Hasan Rzasoya təhlil-analiz işlərinin yapılmasının təşkili əmrini vermişdi.

Anıtkabrın qurulmasından dolayı nəşin uzun müddət qalması üçün ciddi tibbi analiz-təhlil aparılmışdı. Təhlil başlamamışdan öncə İstanbul Universitetinin İlahiyyət fakültəsinin professoru Şərafəddin Yanıtkayanın nəzarəti altında İslam dəyərlərinə uyğun halda cənazə suya çəkilərək kəfənlənmişdi…

Millətin Atasının nəşi ilə üz-üzə qalmaq səadəti yaşayacaqdı

Bu dəfə isə yenidən tabutun açılması Atatürkün cansız bədəninin bir başqa tabuta köçürülməsi tələb olunurdu. Bu xatirə professor Kamilə Şeyke Mutlunun qəlbini göynədib könlünü sızlatsa da, o dözür, göz yaşı tökürdü. Aradan nə az, nə çox 15 il ötmüşdü. Cənazə nəhayət hazırlanan yeni məzara köçürüləcəkdi. Osmanlını iflasdan, səfalətdən, səlib yürüşündən xilas edən, dövlətçilik tarixində yeni səhifə açan Qazi Mustafa Kamal Paşa Atatürkün nəşinin nə durumda, hansı halda olduğu məlum deyildi. Ruhu qopmuş, cansız bədəni ilə növbəti dəfə üz-üzə gələcəkdilər. Bu günə qədər yüzlərlə cənazə üzərində çalışan Kamilə Şeyke Mutlunun özünün belə ruhu bədənindən qopsa da o, millətin Atasının nəşi ilə üz-üzə qalmaq səadəti yaşayacaqdı. Cənazədə yatanın Atatürk olması Peyğəmbərə qovuşmaq qədər dəyərli idi, əziz idi, üstəgəl ağlagəlməz idi. Bu onun alın yazısı, Tanrıdan tale payı, özü də hər kəsə, hər alimə, həkimə nəsib olmayan müqəddəslik idi. Digər tərəfdən də o, bir həkim idi. 15 ildə nəşin nə vəziyyətə düşə biləcəyindən xəbərdar idi. 15 il öncə Qazi odun, atəşin içərisində yanarkən müayinə üçün şəxsən onu- professor Kamilə Şeyke Mutlunu istəmişdi. Valinin “bu görəvi ancaq siz yerinə yetirə bilərsiniz” deyib, onu israrla dəvət etməsi, üstəlik tələb etməsi professor Mutlunu sən demə, unuda bilməyəcəyi, hətta deyərdim ki, tarixin unuda bilməyəcəyi mutluluğa götürmüşdü. Özü də atəşdə yanan professor Kamilə Şeyke tarixi görəvini dərk edib ayağa durmuşdu. Türkiyə Cümhuriyyətinə qadın haqları ilə bağlı qanunları gətirən, onların təhsil alması üçün bütün bağlı qapıları açan, anaların haqq səsinə dönüb də, onların şəhid oğullarının sümükləri üzərində yoxdan bir Dövlət qurub Bayraq yapan, Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə fətih dastanı yazan Qazi Mustafa Kamal Paşa Atatürk naminə ayağa durmuşdu. Professor Kamilə Şeyke Mutlu Atatürkün qoyduğu yolla yürüyən, onunla birlikdə tarix yazan ilk qadınlardan, təbib kimi adını əbədiyaşarların sırasına yazanlardan idi. Tibb fakültəsini bitirən ilk qadın doktor-həkim kimi artıq öz məktəbini yaratmışdı. Quruluşun, zamanın üstünə yeriyib alim qadın kimi yetişmişdi. Türkiyənin ilk qadın patoloji professoru ünvanını almışdı. Atatürkün təkcə millətin, məmləkətin, türk xalqının deyil, məhz onun da üzərində özəl haqqı vardı.

Anıtkabırın yapılmasının uzanması səbəbi ilə Atatürkün nəşi nə az, nə çox, düz 15 il Etnoqrafiya Muzeyində “müvəqqəti məzarında özəl baxımla torpağa veriləcəyi günü gözlədi”.
Bu illər ərzində Valinin göstərişi ilə professir Kamilə Şeyke Tanrı tərəfindən ona əta edilən görəvini ləyaqətlə, sonsuz sevgi və ehtiramla yerinə yetirdi. Kamilə xanım hər gün valinin göndərdiyi xüsusi maşınla Etnoqrafiya Muzeyində olur Millətin atasının nəşinə övlad sevgisi ilə xidmət edirdi.

Kamilə xanım hər gələndə ilk günü, ilk görüşü sevgi, qürur, həm də şərəf hissi ilə xatırlayırdı. Baş nazir Adnan Menderesin, yeni Məclis Başqanı Rəfiq Koraltanın, əski Məclis Başqanı Adil Haluk Ürənlə müzakirələri ömrünün sonunadək xoş xatirə kimi qəlbində daşıyır, Qazinin nəşini sevgi ilə əhatə edirdi.

15 il sonra ilk dəfə Atatürkün üzünü görəcəkdilər

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, “Atanın Gül Ağacından olan tabutu 4 noyabr tarixində müvəqqəti məzarından çıxarılıb Muzeyin mərmər masa döşəməsinə qoyulmuşdu. Tabut açılanda nə ilə qarşılaşacağını kimsə bilmirdi. Çünki, “nəş çürüyüb pozulmuş, çıxan qazlar tabutu çatlatmış, növbətçilə qorxudan bayılmış” deyə ortada söhbətlər gəzirdi. Bütün bunların gerçək olub olmadığını öyrənəcəkdilər. 15 il aradan sonra ilk dəfə Atatürkün üzünü görəcəkdilər. Nəhayət tabutun açılma anı gəldi. Komitə üzvləri tamam olunca professor Kamilə Şeyke Mutlu başlayın təlimatını verdi. Dövlətin yüksək səviyyəli təsmilçiləri tabutun çevrəsində toplanmış, nitqləri qurumuşdu. Məzarın beton hissələri sənət məktəbi tələbələri tərəfindən söküldü. Hər kəs həyacan və hüznlə, o önəmli ana göz dikmişdi. Özəlliklə Makbule Atadan “abisini görmənin həyəcanı ilə donub qalmışdı”. Betonlar qırıldı, tabutu qaldıracaq olan taxtalar salonun tavanına yerləşdirildi. Cənazəinin üzəri tamamilə açıldı. Atatürkün 15 ildən bəri nəşi mühafizə edilən qurğuşun tabutu artıq ortada idi. Tabut salonun zəmininə yerləşdirildikdən sonra baş nazir Adnan Menderes, “xanım əfəndi, buyurunuz”, deyərək Makbule Atadanı tabutun yanına dəvət etdi. Tabutun dibi taxta-talaşla örtülmüşdü. Arasında ağzı qapalı, içi dolu bir şüşə vardı. Bu da nəşi qorumaq üçün istifadə edilən tibbi ləvazimatdan bir örnəkdi. Digər bir tərəfdə su çəkən yağlı kağız və maye dolu şüşə qablar vardı. Şüşələr alınaraq Anıtkabır görəvlilərinə təslim edildi. Sənduqədə qazın toplandığı düşünüldüyündən öncə bir burma ilə dəlik açılsa da, qaz və qoxu çıxmır. Atanın nəşi ağ kəfənə bükülmüş, sonra qəhvə rəngli kətan örtü ilə sarılmışdı. Sarıqları açdıqca hər kəs nəfəsini tutmuşdu. Salonda həyacanlı, əndişəqarışıq ürküntücü bir səssizlik vardı. 15 il sonra ilk dəfə Atatürkün üzünü görəcəkləri ana, çox, lap çox az qalmışdı. “Kəfənin sarqıları aralandıqca professor Kamilə Şeyke Mutlu orada bulananların yardımı ilə qatafalka – bütöv məzara çıxdı. Atatürkün üzünə baxdı. Atatürkün dərisi bürünç rəng almış, amma üz quruluşu olduğu kimi qalmışdı. Heç pozulmamışdı. Atatürkün üzünü görən Baş nazir Menderes sapsarı olmuşdu. Dayana bilməyib bir addım geriyə çəkilmişdi. Professor Mutlu Atanın üzünü islak pambıq kütləsini qaldırınca heykəl kimi duran üzü ilə qarşılaşdı. Uzun sarı saçlarından incə bir tutam, sol göz qapağının üzərinə düşmüşdü. Sanki Dolmabağça sarayındakı yatağındakı uyuduğu kimi idi. Professor Mutlu kənarda bəkləyən komitə üzvlərini tabutun başına çağırdı. Bir tək Abdul Haluk Rende qalmışdı. O, da tabutun yanına gəldi. Baş nazir Adnan Menderes isə tabut açıldıqda irəliləyə doğru yönəlmiş Atatürkün üzünə baxa bilməmişdi. Atanın üzündə iki günlük bir zərif sığal – tük vardı. Gur qaşları sanki heç pozulmamışdı. Başı yana doğru əyilmişdi. Gözləri xəfifcə aralı qalmışdı. Atatürkün qız qardaşı Maqbule Atadan başını tabuta dayamış, dəqiqələr boyu abisini seyr etmişdi. Bəlkə çox uzaqlarda Solonikdəki günlərini yad edir, dodaqlarından dualar tökülür, əlini tabutdan ayırmırdı…”

“Bir anda sanki özü danışacaq kimi hiss etdim…”

Professor Kamilə Şeyki Mutlu qadını özgürləşdirən, şəxsiyyətə çevirən və kişilərlə eyni sıraya qoyub topluma qazandıran, varlığına səbəb olan öndəri ilə – Atatürklə üz-üzə idi. Kamilə Mutlu qısa zaman kəsiyində böyük işlərə imza atan Liderin yanağına toxundu, oxşadı, əzizlədi. O anda nələr hiss etdiyini daha sonra “bir anda sanki özü danışacaq kimi hiss etdim” deyə, xatirələr paylaşdı…

Salondakı hər kəs Atatürkü tək-tək gördükdən sonra nəş təkrar kimyəvi maddə ilə isladıldı. Atanın başı pambıqla örtüldü və vücudu bəyaz kəfənə sarıldı. İslam dini ölünün torpağa qarışmasını şərt olaraq irəli sürdüyü üçün müvəqqəti tabutun sökülməsi şərti ilə “Bismillah” gətirilib, “Salavat” çəkildi və Atatürkün nəşi yeni tabuta yerləşdirildi. Tabut 15 il içində yatdığı Gül Ağacından yonulan böyük tabutun içinə qoyuldu. Daha sonra üzəri Bayraqla örtülərək qapadıldı. Atatürkün əziz nəşi artıq torpağa verilməyə hazırdı. 15 il sonra Qazinin qurumuş nəşinə toxunan professor-doktor Kamilə Şeyke Mutlu, son görənlər isə o törənə qatılan heyət və bacısı Makbule Atadan idi .

Anıtkabırı süsləyən Azərbaycan torpağı

“Bir gün əlbət öləcəyəm. Millətim məni hara istərsə oraya dəfn edə bilər. Məzarımın qarşısında hər daim dalğalanan şanlı Türk Bayrağı görmək istərəm!”-nidası ilə modern Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Kamal Paşanın bu vəsiyyətinə əməl edən Anıtkabırın memarları onun əbədiyyən uyuduğu, üzünü söykədiyi torpağın üzərində qurduqları şah əsərlə tarixlə müasirlik arasında körpüyə çevrildilər. Artıq həm də Anıtkabır Muzeyi kimi dünya insanın üzünə açıq olan Saray-Məbədi Atatürkün iqamətgahına çevirdilər. Anıtkabırın böyük, iri pəncərəsindən boylananda səmaya sərilən hilallı, ulduzlu Bayraqla üz-üzə qalanlar bu müqəddəs məkanda al şəfəqə bürünən Türkiyə Cümhuriyyətinin özgürlüyünün rəmzi olan, Ankara qalasından boy verən bayrağı seyr etdikcə Memarını şükran duyğuları ilə anırlar. Bu mutlu məqam Qazinin “Bir gün əlbət öləcəyəm. Millətim məni hara istərsə oraya dəfn edə bilər. Məzarımın qarşısında hər daim dalğalanan şanlı Türk Bayrağı görmək istərəm!” nidasını gerçəyə çevirir.

Mustafa Kamal Paşanın müqəddəs ruhunun dolandığı, adı, özü kimi əziz nəşinin hüzura qovuşduğu Movzoley Binasının içərisində yer alan, Lahit daşından olan Məzar Odası Osmanlı və Səlcuqlu memarlığının ənənələrinə, quruluşuna uyğun olaraq səkkiz guşəli ulduz şəklində inşa edilmişdir. Türk mifilogiyasından anlayışı olanlar bilir ki, səkkiz guşəli ulduz ilahi nizamın sonsuzluğuna, ölümsüzlüyə, əbədi həyatın varlığına inamı özündə ehtiva edir.

Qazi Mustafa Kamal Paşanın nəşi – ruhsuz bədəni İslam qaydalarına uyğun olaraq yenidən kəfənlənərək 1953-cü il noyabrın 10-da 105 fərqli yörədən və istiqamətdən gətirilərək qarışdırılan, Osman Qazinin şəhid qanı ilə yoğurub göz yaşı ilə suladığı Osmanlı torpağına əmanət edildi. Qırmızı mərmərdən yonulan sənduqəsinin ətrafında bulunan sarı bürünc güldanların içərisi Türkiyə Cümhuriyyətinin 81 vilayətindən, eyni zamanda Quzey Kıprıs Türk Cümhuriyyəti və Azərbaycandan gətirilən torpaqlar dolduruldu.
Bütün ruhu, duyğuları, sevgiləri, əzəməti, cəsarəti, məğrurluğu, əyilməz iradəsi, dəyişməz xarakteri ilə əski türk xaqanlarının xatırladan Qazi Mustafa Kamal Paşanın Anıtkabrı Azərbaycanın Fəxri Xiyabanı, Türküstanın Miri-Guru, müsəlman aləminin Kəbə, Mədinə, Məkkə müqəddəsliyi kimi hər bir türk-müsəlman üçün əzizdir, dəyərlidir.
“Qars Bəyannaməsi”nin şərtləri üçün Moskvaya danışıqlara göndərdiyi nümayəndə heyətinin üzvlərinə üz tutaraq: “Naxçıvan Türkün qapısıdır!”. “Azərbaycan qəlbimizdə şah damardır!” nidası ilə tarix yaradan Qazi Mustafa Kamal Paşa Atatürk Çanaqqala Zəfərinə, Qurtuluş Savaşına imzanı həm də Azərbaycanla birlikdə atmışdı. Komissar Nəriman Nərimanov ölkə büdcəsinin sonuncu quruşunu 500 kq qızılı, 300 sisterni, neft və neft məhsulunu, benzini, mazutu, üstəgəl 10.000 rubl şəxsi maaşını Atatürkün bir çağırışı ilə Osmanlıya əta etmiş, “Qardaş daima qardaşın yanında olmalıdı. Qardaşın qardaşa borcu olmaz !” kəlamı ilə yüzil sonra Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” hikmətinə körpü olmuşdu.

Qazi Mustafa Kamal Paşa Atatürkün uyduğu, müqəddəs ruhunun dolandığı Anıtkabır 1953-cü il noyabrın 10-dan bir Türk, Azərbaycanlı olaraq bizim üçün müqəddəs yerlərdən biridir. Orada, Gül Ağacından tabutu yonulan Liderlərimizdən biri , həm də bir gülqabı boyda Azərbaycan torpağı, Türk dünyasının bir parçasından tutiya kmi saxlanılır, qorunub himayə olunur!

Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir

44 günlük Vətən Müharibəsində, haqq davasında Zəfər Bayrağını Şuşa qalasına qüdrətli Azərbaycan ordusu, Müzəffər Ali Baş Komandan iradəsinə noyabrın 10-da sancdı. “ Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” nidası ilə Qardaş sevgisini dilə gətirən Atatürkün vida törənini, ayrılıq adlı kədərini nəzərə alan Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə Zəfər günün tarixi dəyişdirilərək noyabrın 8-nə keçirildi. Bu 1918-ci il soyqrımları və Vətən Müharibəsi zamanı Azərbaycanın yanında olan, arxasında dağ kimi dayanan Qardaş adına atılan ən cəsarətli addım idi. 1918-ci ildə Azərbyacan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət Osmanlı İmperiyası, 1991-ci ildə Müstəqillik aktı imzalananda onu ilk tanıyan dövlət yenə də Türkiyə Cümhuriyyəti olmuşdu. “Qars Bəyannaməsi”ndən “ Şuşa Bəyannaməsi”nə uzanan”Ümid körpüsü” Zəngəzur dəhlizinin, “Türkün qapısının” üstündə, Naxçıvanda qurulmuşdu.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin