Dörd min kitabla dolu kitabxananın sahibi
İlklərə imza atan Qazi Mustafa Kamal Paşa Atatürk 4 mindən çox kitabla zəngin olan kitabxanası ilə də məşhur idi. Bu kitabxanaların böyük bir qismi isə mütaliə zamanı altından xətt çəkib, seçdiyi fikirlərlə, xüsusi qeydlərlə zəngin əsərlər idi.
Tarixçi Emanuel Edmundun kitabının kənarına: “Bu millət öz tarixini yaxşı bilməzsə başqalarının köləsi olar” qeydi onun tarixə münasibətinin göstəricisdir. Oxuduğu kitablar təkcə siyasəti və tarixi deyil, həm də astronomiya, sosiologiya, fəlsəfə, ədəbiyyat, hətta uşaq təhsili və tərbiyəsi kimi müxtəlif sahələri əhatə etdiyindən eksiklopedik biliyi ilə dövrün dövlət xadimləri sırasında xüsusi nüfuz sahibi olan Atatürkün sənət, mədəniyyət, incəsənət, mifologiya ilə bağlı mütaliə etdiyi əsərin də onun mənəvi əzəmətinin inkişafına təsir etdiyini söyləmək mümkündür.
Millətinin tərəqqisi, sivil dünyaya inteqrasiyası üçün teatr, kino və balet sənəti ilə bağlı əsərlərə də kitabxanasında yer verən Qazi Mustafa Kamal Paşa Atatürk dövlətin, elm, təhsil, mədəniyyətlə bağlı aldığı qərarlarda da məhz mütaliə etdiyi əsərlərdən əldə etdiyi biliklərdən istifadə etmişdi. Teatr və Balet tamaşalarına sadəcə bir seyirçi, tamaşaçı kimi deyil, sənətşünas, teatrşünas, musiqişünas zövqü, düşüncəsi ilə qədəm qoyan Atatürk sənətin bu növlərinin ölkəsində sürətlə yayılıb inkişaf etməsi üçün xüsusi qərarlar alır, sərəncamlar verirdi. Vyana Teatrı Ankaraya qastrol səfərinə gələrkən ön cərgədə əyləşib onları diqqətlə izləyib dinləyən Mustafa Kamal Paşa sənətə, mədəniyyətə xüsusi münasibətli ilə də, öndərlik missiyasını yerinə yetirmişdi. Ankarada Dövlət Konservatoriyasının qurulması üçün qərar almaqla kifayətlənməyən Atatürk peşəkar kadrların yetişdirilməsi üçün gəncləri İtalyanın, Avstriyanın, Almaniyanın müxtəlif şəhərlərinə göndərilmişdir. Ölkənin milli təhsil siyasətinin inkişafını Avropa dəyərlərinə inteqrasiyada görən, bunun üçün də onun kompleks inkişafının təməl prinsiplərini müəyyənləşdirən Atatürk tarixdə həm də, məhz bu müdrik kəlamı ilə qalmışdır: “Kitab millətin qibləsidir!” Qazinin kitab, sənət, mədəniyyət, teatr sevgisi onda məhz Sofiyada Hərbi Attaşe kimi çalışdığı illərə təsadüf etmişdir. O, burada sənət və mədəniyyət ocaqlarını ziyarətdə bulunmuş, kitabxanalarda və kitab köşklərində olmuş, zəngin kitabxanasının 380 nüsxəsini məhz Sofiyadan alıb gətirmişdir.
Atını “İki gözüm! Bəbək nurum!” deyə öyən sərkərdə
Min illər boyu yetirdiyi qüdrətli sərkərdə-xaqanlarla dünyaya səs salan türklər fətih dastanını Qolunun davamı onun Qılıncın, ruhunun davamı olan Sazın, Tanrının Kəlam və Qələm müqəddəsliyinin əzəməti ilə yazdı. Atının kişnərtisinin yetdiyi diyarları Vətən edən, at üstə şahə duranda kralların, kardinalların, çarların dizini titrətdi. Metenin, Atillanın, Alp Arslanın, Osman Qazinin, Fateh Mehmetin, Sultan Səlimin, Sultan Bəyazitin, Əmir Teymurun, Sultan Süleymanın, Şah İsmayıl Səfəvinin, Nadir şah Əfşarın fətih dastanı at üstündə yarandı.
XX yüz ilin əvvəlində milli-dövlətçilik tariximizdə Qılıncla Qələmin vəhdətində əzəmətli dövlət quran, Osmanlının xilaskarı, Modern Türkiyə Cümhuriyyətinin qurucusu kimi tarix yaradan Qazi Mustafa Kamal Paşa Atatürkün də fətih dastanı at üstündə yaranmış, qolunun davamı olan Qılıncı, Çanaqqala səfəri yaddaşlara yazılmışdı. “İstanbulu fəth edən komutan nə mutlu Komutan” lütfünə layiq olan Fateh Mehmet kimi, min illər boyu Şərqin, Turanın, Türk dünyasının üstünə səlib yürüşünə çıxanların belini Qazi Mustafa Kamal Paşa Atatürk Sakaryadan Çanaqqalaya, Çanaqqaladan Cankaya köşkünə vardığı illərdə qırmışdı.
Hərbi Akademiyada təhsil aldığı illərdə belə at üstündə dik duruşu ilə nümunəyə çevrilən Mustafa Kamal atını varlığının bir parçası hesab etdiyindən idi ki, ona “İki gözüm! Bəbək nurum!” deyə müraciət edərmiş.
Savaş illərində belə ata minərkən dik duruşuna, çəkməsinin təmizliyinı, geyiminin səliqəsinə xüsusi diqqət verən Qazi Mustafa Kamal Paşanın deyilənə görə At sevgisinin əvəzi yoxmuş. “Zaman-zaman Cankaya köşkünün civarındakı qırlıq gəzintilərində təbiətlə iç-içə, baş-başa qalan, Paşa Atını əzizləmək üçün münbit, mübhəm mühit bularmış.
“Kadı əfəndi, biz Lətifə xanımla evlənməyə qərar verdik”
Atatürkdən öncə Türk qadınları cəmiyyətin ikinci dərəcəli üzvü hesab olunurdu. Nigah törənlərində belə qadınlar ailə qurduqları kişinin nigah masasında oturmazdılar. Bu azmış kimi ailə quran qadın ortalıqda belə görünməzdi.
Türk dövlətçilik tarixində islahatçı lider kimi qalan Qazi Mustafa Kamal Paşa Atatürk 1923-cü il yanvarın 23-də Lətifə xanımla evlənərkən mövcud olan nikah mərasiminin qaydalarını dəyişərək bu mərasimə yeni düzən gətirir. Kəbini kəsəcək axundun – Kadı Əfəndinin hüzuruna Lətifə xanımın nikah şahidi ilə deyil, onun özüylə qədəm qoyan Atatürk: “Kadı Əfəndi biz Lətifə xanımla evlənməyə qərar verdik. Lütfən gərəkli işləmləri yapın” deyərək, tarixdə bir ilkə imza atdı. Gender bərabərliyi üçün cəsarətli addım hesab olunan bu qərar sonralar, əksər türk dövlətlərində tətbiq olunmağa başladı.

Yazın: “Atatürkün anası Zübeydə burada dəfn edilmişdir”
Əzəmətindəki sadəliyi, sadəliyindəki əzaməti ilə belə nümunəyə çevrilən Qazi Mustafa Kamal Paşa Atatürk ona canından can verən anasına münasibətdə belə müdrikliyin, məğrurluğun simgəsi, bəlgəsi kimi insana, insanlığa örnəkdir.
Ata tərəfdən Konya tərəkəmələrinə, ana tərəfdən isə Koçacıq türkmənlərinə bağlı olan anası Zübeydə xanımın vəfatından sonra yapılan qəbirüstü abidəsinin dəyişdirilməsi üçün göstəriş verən Atatürk bu gün həm də artıq aforizmə çevrilən tarixi kəlamları ilə ehtiramla anılır. Zübeydə xanım 1923-cü il yanvarın 15-də dünyasını dəyişmişdi. Bir neçə il sonra İzmirdə onun məzarı üzərində mərmərdən hündür kitabəli abidə qoyulmuşdu. Abidənin şəklini hörmət əlaməti Atatürkə göndərmişdilər. rəsmdəki ehtiramı görən Atatürk həmin an adına, şəhdi-şayanına layiq şəkildə göstəriş vermişdi: “Dağdan iki böyük daş gətirilsin. Üzərinə Atatürkün anası Zübeydə burada dəfn edilmişdir yazılsın”. Xəbəri alan İzmir bələdiyyə başqanı Behçet Uz Atatürkün yanıan gələrək bir türbə layihəsi göstərən zaman Atatürk: “Yox! Mən necə yapılacağını qeyd etdim. Həm də bələdiyyənin məsrəf etməsi yanlışdır. Məzar üstünü mən özüm yapdıracam”, deyərək son sözü söyləmişdi. Zübeydə xanımın məzarı Atatürkün istədiyi kimi ehtişamdan uzaq, məsrəfsiz şəkildə yapılmışdır.

Şərəf Cəlilli