ABŞ-ın Miçiqan Texnologiya Universitetinin alimləri inqilabi ideya irəli sürüblər. Onlar iddia edirlər ki, asteroidlərdən gələcək kosmik missiyalar üçün qida mənbəyi kimi istifadə etmək mümkündür. AZƏRTAC bu barədə “The International Journal of Astrobiology” nəşrinə istinadla xəbər verir.
Uzunmüddətli kosmik səyahətin ən böyük problemlərindən biri ekipajı kifayət qədər qida ilə təmin etməkdir. Yemək saxlamaq və ya kosmosda bitki yetişdirmək kimi ənənəvi üsulların müəyyən məhdudiyyətləri var. Alimlər prinsipcə yeni yanaşma təklif edirlər: asteroidləri qidalandırıcı biokütlə halına salmaq.
Alimlər buna necə nail olmağı təklif edirlər? Əsasən karbondan ibarət olan asteroidlər plastikə bənzər bir quruluşa malikdir. Tədqiqatçılar asteroid fraqmentlərini əzmək və xüsusi bakteriyalardan istifadə etməklə qida emal etməyi təklif edirlər. Bu bakteriyalar asteroidin karbon birləşmələri ilə qidalanaraq insan istehlakı üçün uyğun qidalı biokütlə yaradacaq.
Qeyri-üzvi materialları təkrar emal etmək üçün mikroorqanizmlərdən istifadə ideyası yeni deyil. Tullantıların təkrar emalına yönəlmiş “ReSource” proqramının bir hissəsi olaraq, Yer kürəsində analoji tədqiqatlar aparılır. Məsələn, alimlər adi plastikdən karamel qatığına bənzər biokütlə yarada biliblər. Onlar ilk mərhələdə torpaq nümunələrinin götürüldüyü Bennu asteroidindən istifadə ediblər. Hesablamalar göstərib ki, belə bir asteroid bir astronavtı 600 il qida ilə təmin etmək üçün kifayət edər. Təbii ki, bunun üçün asteroidin birbaşa kosmosda emalı üçün xüsusi avadanlıq tələb olunacaq.