Bu gün 2016-cı ilin Aprel döyüşlərinin başlamasından 10 il ötür. Müasir Azərbaycan tarixinin ən mühüm hərbi mərhələlərindən biri sayılan bu dördgünlük müharibə təkcə cəbhə xəttində deyil, həm də regionda qüvvələr balansında ciddi dəyişikliklərə səbəb oldu.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatına başladı. Qısa müddətdə həyata keçirilən bu əməliyyat nəticəsində düşmənə ağır zərbələr endirildi və onun uzun illər ərzində formalaşdırmağa çalışdığı “məğlubedilməz ordu” mifinin əsassız olduğu sübut edildi.
Aprel döyüşləri 1994-cü ildə imzalanmış atəşkəsdən sonra Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən ən şiddətli hərbi toqquşmalar kimi tarixə düşdü. Cəmi dörd gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu mühüm strateji üstünlüklər əldə etdi.
Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi, eləcə də Goranboy rayonunun Gülüstan kəndi və Tərtərin Suqovuşan istiqamətində mühüm mövqelər düşməndən azad edildi. Xüsusilə Lələtəpənin azad olunması böyük strateji əhəmiyyət daşıyırdı. Bu yüksəklik Cəbrayılın Cocuq Mərcanlı qəsəbəsinin və Füzulinin Horadiz şəhərinin təhlükəsizliyinin təmin olunmasına imkan yaratdı.
Azərbaycan Ordusu bu döyüşlərdə müasir hərbi texnologiyalardan geniş istifadə etdi. “Harop” pilotsuz kamikadze aparatları və “TOS-1A” ağır odsaçan sistemləri düşmənə ciddi itkilər yaşatdı. Nəticədə Ermənistan ordusunun onlarla tankı, artilleriya qurğusu və digər hərbi texnikası məhv edildi, yüzlərlə hərbçisi zərərsizləşdirildi.
Ən diqqətçəkən məqamlardan biri isə Ermənistanın müdafiə xəttinin – “Ohanyan xətti”nin qısa müddətdə yarılması oldu. Bu, Azərbaycan Ordusunun həm taktiki hazırlığını, həm də döyüş ruhunu açıq şəkildə nümayiş etdirdi.
Aprelin 5-də tərəflər arasında əldə olunan razılaşmaya əsasən döyüşlər dayandırıldı və yenidən atəşkəs rejiminə qayıdıldı. Lakin bu qısa müddətli müharibə uzunmüddətli nəticələr doğurdu.
Aprel döyüşləri Azərbaycan üçün yalnız lokal hərbi uğur deyildi. Bu hadisə sonrakı illərdə baş verəcək daha böyük zəfərlərin başlanğıcı oldu. 2020-ci ildə baş verən Vətən müharibəsində əldə edilən tarixi Qələbənin əsas psixoloji və hərbi təməli məhz bu döyüşlərdə qoyuldu.
Sonrakı dövrdə Azərbaycan Ordusu ardıcıl olaraq strateji üstünlüyünü möhkəmləndirdi. 2022-ci ildə Fərrux yüksəkliyinin nəzarətə götürülməsi, “Qisas” əməliyyatı çərçivəsində bir sıra hakim yüksəkliklərin azad olunması, eləcə də Laçın şəhəri və ətraf kəndlərdə nəzarətin bərpası bu prosesin davamı idi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Cəmi 24 saatdan az müddətdə aparılan əməliyyatlar zamanı qanunsuz silahlı birləşmələr tərk-silah edildi və separatçı rejimə son qoyuldu.
Bu gün Aprel döyüşlərinə 10 il keçməsinə baxmayaraq, həmin hadisələr Azərbaycan tarixində dönüş nöqtəsi kimi qalır. Bu döyüşlər xalqın və ordunun gücünü, həmrəyliyini nümayiş etdirdi və ölkənin ərazi bütövlüyünün bərpasına aparan yolun əsasını qoydu.