Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/31/2026

Paylaşın

CƏMIYYƏT

Aprel şəhidi Samir Kaçayev – Yarımçıq qalan heykəllər, əbədi yaşayan ad

Dünyaya gələn insanlar fərqli olduğu kimi, taleləri də fərqli və qəribə olur. Bəzilərinin ömrü 100 səhifə olsa da, oxunası, gələcəyə ötürsə bir vərəqi də olmur. Bir başqalarının isə ömrünü illərlə ölçmək mümkün olmur. Çünki yaşadıqları zaman qısa olsa da, qoyduqları iz bir neçə nəslin yaddaşına sığacaq qədər dərin olur. Onlar sanki həyata müəyyən bir missiya ilə gəlirlər: yaratmaq, sevmək, qorumaq və ən sonda öz ömürləri ilə Vətən adlı heykəlin bir parçasına çevrilmək.

Belə insanlardan biri də Aprel döyüşlərinin şəhidi, gənc heykəltəraş Samir Kaçayev idi. Onun taleyi qəribə bir bənzətməni xatırladır. Samir ömrü boyu daşlara can verməyə çalışdı. Mərmərə, qranitə, tunca toxundu, onlara duyğu, fikir, ruh köçürdü. Sonda isə özü xalqın yaddaşında zamana tab gətirən bir abidəyə çevrildi.

1994-cü ilin martında Şamaxının qədim Çuxuryurd kəndində dünyaya gələn Samir Kaçayev uşaqlıqdan tay-tuşlarından seçilirdi. Dəcəl idi, həyəti, dağları, çiçəkləri, ağacları sevirdi. Bir gün anası ona qırdığı budaqların, əzdiyi güllərin də canlı olduğunu söyləyəndən sonra təbiətə baxışı dəyişmişdi. O gündən sonra çiçəklərə başqa cür toxunmağa başlamışdı.

Bəlkə də gələcəyin heykəltəraşı məhz o gün yaranmışdı. Çünki sənətin başlanğıcı mərhəmətdən keçir.

Atası Ziyəddin Kaçayev isə oğlundakı istedadı təsadüf nəticəsində kəşf etmişdi. Balaca Samirin plastilindən düzəltdiyi fiqura (Mikki Maus) əvvəlcə inanmamış, onu əzərək yenidən hazırlamağını istəmişdi. Samir eyni fiquru yenidən yaratmışdı. Ata həmin an anlamışdı ki, oğlunun barmaqlarında adi bacarıq yox, Tanrının verdiyi istedad yaşayır.

Məktəb illərində sakitliyi, məsuliyyəti və tərbiyəsi ilə seçilən Samir uzun axtarışlardan sonra öz yolunu tapdı. Bir vaxtlar baytar olmaq istəmişdi. Sonra bərbərlik öyrənməyi də düşünmüşdü. Amma tale onu tamam başqa bir sənətə aparırdı.

2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunanda qarşısında yeni bir dünya açıldı. Akademiya onun üçün sanki bir nəfəs oldu. Emalatxanalar onun ikinci evi idi.

Səhər tezdən gəlib gecə saatlarınadək işləyər, yarımçıq işi qoyub getməyi sevməzdi. Cəmi bir neçə il ərzində otuzdan artıq kompozisiya hazırlamışdı. Onun yaratdığı fiqurlar zahiri gözəllikdən çox, insanın daxilində baş verənləri danışırdı. Samirin əsərlərinə baxanlar deyirdilər ki, müəllif daşla yox, düşüncə ilə işləyir. Doğrudan da, onun yaratdığı kompozisiyalarda mistik duyğular, fəlsəfi suallar, insan ruhunun tənhalığı və daxili mübarizəsi hiss olunurdu. Yaşından qat-qat böyük düşünürdü. Samir təbiəti sevirdi. İnsanları sevirdi. Ən kiçik canlıya belə mərhəmətlə yanaşırdı. Dostları onun səssizliyini xatırlayırlar. Çox danışmağı sevməzdi. Amma danışanda hər kəlməsinin çəkisi olardı.

Akademiyada tələbə yoldaşları ilə çay dəmləyərdi. Kəklikotu, itburnu, mixək qatardı. Otları yaxşı tanıyırdı. Təbiətin hər rəngini, hər qoxusunu özününkü sayırdı.

Dostlarından biri yerə zibil atanda heç nə demədən onu götürüb cibinə qoymuşdu. Bu səssiz davranış bəzən uzun nəsihətlərdən daha təsirli olmuşdu.

Bu, Samirin xarakteri idi. İnsanları sözlə yox, nümunə ilə dəyişmək…

Magistraturaya qəbul olunması belə onun xarakterini əks etdirirdi. Heç kimə xəbər verməmişdi. Qəbul olunandan sonra atasına zəng edib demişdi: “Artıq magistrantam…”  O biri tərəfdə sevincdən kövrələn ata yalnız bir cümlə demişdi: “Ay köpək oğlu, niyə deməmişdin?” Samir isə gülümsəmişdi. Sürpriz etməyi sevirdi. Həyatının son məzuniyyəti də belə olmuşdu.

Ad günündə gözlənilmədən evə gəlmiş, ailəsini sevindirmişdi. Sonra isə yarımçıq qalan işlərini tamamlamaq üçün Akademiyaya tələsmışdı. Emalatxanada dostlarına demişdi ki, işlərimi qoruyun, əsgərlikdən qayıdanda davam etdirəcəyəm. O özü də bilmirdi ki, həmin yarımçıq heykəllər əslində onun son sözləri olacaq.

2016-cı ildə magistr təhsilinə başlamazdan əvvəl hərbi xidmətə yollandı. Əsgərlik onun üçün Vətən qarşısında borcdan daha çox vicdan məsələsi idi. Tərtər istiqamətində xidmət etdiyi günlərdə də kitab oxumaqdan, düşünməkdən, yazmaqdan əl çəkməmişdi. Anasının hazırladığı Novruz şirniyyatlarını bölükdəki bütün əsgərlərlə bölüşmüşdü. Dostlarına son məktublarında ehtiyatlı olmalarını yazmışdı. Sanki yaxınlaşan fırtınanı hiss edirdi.

2016-cı ilin aprel gecəsi…

Talış istiqamətində döyüş başladı. Güllələr yağış kimi yağırdı. Komandir “İrəli!” əmrini verdi. Samir tərəddüd etmədi. İrəli atıldı. O gündən sonra artıq heykəltəraş Samir Kaçayev yox idi. Azərbaycanın daha bir şəhidi vardı.

Onun dəfni doğulduğu Çuxuryurdda minlərlə insanın iştirakı ilə keçirildi. Silahdaşları son dəfə yaylım atəşi açdılar. Şamaxının dağları gənc heykəltəraşın sükutuna şahidlik etdi. Prezidentin sərəncamı ilə Samir Kaçayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olundu. Lakin onun ən böyük mükafatı medal deyildi. Ən böyük mükafatı insanların yaddaşında yaşamağı bacarması idi.

Bu gün Samirin otağında qalan yarımçıq eskizlərə, bürünc fiqurlara, daş kompozisiyalarına baxanda qəribə hiss keçirirsən. Onlar müəlliflərini gözləyirmiş kimi görünür. Amma əslində Samir geri qayıdıb. Əsərlərində, xatirələrdə, dostlarının danışdığı xırda əhvalatlarda, anasının göz yaşında, atasının qürur dolu sükutunda, Şamaxının küləyində və uğrunda can verdiyi Vətənin hər qarış torpağında…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında onun xatirəsinə həsr olunan “Yarımçıq qalmış…” tamaşasının adı da təsadüfi seçilməmişdi. Çünki yarımçıq qalan təkcə bir tamaşa, bir heykəl, bir magistratura təhsili deyildi. Yarımçıq qalan bir ömür idi. Amma qəribədir. Bəzən Vətən uğrunda başa çatan ömürlər, əslində heç vaxt yarımçıq olmur. Samir Kaçayev də belə ömür sahiblərindəndir. O, daşlara ömür vermək istəyən bir sənətkar idi. Tale isə onun özünü xalqın yaddaşında əbədi yaşayacaq ən möhtəşəm abidəyə çevirdi.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sarı çay təkcə su mənbəyi deyil, həm də həyatın özü idi. Bu gün isə paradoks yaranıb: Yer kürəsinin

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin