Ziyarətçilərin çoxu yəqin bilmir ki, Atatürkün gerçək məzarı mərmər sənduqənin altında deyil
Qüdrətli sərkərdə-xaqanların fətih dastanları kimi onların aldığı qərarlar, imzaladıqları fərman və sərəncamlar, hərəm və hərəmxanaları, övladları, müdhiş ölümləri, məzarları, qəbirüstü abidələri, məqbərələri belə diqqət mərkəzində olub. Üstündən illər, əsrlər ötməsinə baxmayaraq Çingiz xaqanın qayib məzarı, Nadir şah Əfşarın məqbərəsi, tarixi şəxsiyyətlərin Sultan Eyyubdakı, Miri-Gurdakı, Fəxri Xiyabandakı məzarları, sərdabələri dünyanın ünlü tarixçilərinin, səyyahların diqqət mərkəzində olub. Şirvanşahlarına, Atabəylərə, Səfəvilərə, Teymurlu xanədanına, Əfşarlara, Qacarlara aid məqbərələr, sənduqələr, abidələr oxunmamış kitab kimi diqqət çəkib. Xaqaninin, Nizaminin, Nəsiminin, Füzulinin, Şah İsmayıl Səfəvinin, Uluqbəyin, Həbibinin, Fateh Mehmetin, Sultan Süleymanın, Əmir Teymurun, Sultan Bəyazitin, Nadir şah Əfşarın, Atatürkün, Ulu Öndər Heydər Əliyevin məqbərələri, qəbirüstü abidələri Qılıncla Qələmin vəhdətində imperiyalar, dövlətlər quran millətin əzəmətini, ustad sənətkarlara, sərkərdə-xaqanlara münasibətinin, sayğısının, sevgisinin göstəricisi olub.
Qazi Mustafa Kamal Paşa Atatürkü deyib, Anıtkabrı ziyarətə gələnlərin çoxu yəqin bilmir ki, Bakıda Bibiheybət Kompleksində uyuyan Peyğəmbərin (s.ə.s.) nəvəsi İmam Museyi Kazımın qızı, İmam Rzanın bacısı Həkimə xanımın məzarı başına dolanıb ziyarət etdiyimiz sənduqənin altında olmadığı, ayrıca məzar odasında olduğu kimi, Qazi Mustafa Kamal Paşa Atatürkün məzarı da Anıtkabrın görünən hissəsində deyil.

Məzarımın qarşısında hər daim dalğalanan şanlı Türk Bayrağını görmək istərəm
Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda, Dolmabağça sarayında dünyaya vida nəğməsini oxudu. Cənazəsi Etnoqrafiya Muzeyində nəzarət altına alınaraq xüsusi tabut və sənduqədə qorundu. Nə az, nə çox, düz 15 il sonra 1953-cü il noyabrın 10-da Ankaraya gətirilərək Anıtkabırda torpağa verildi. Özü də Anatkabırdakı sənduqənin altında deyil, ondan 7 metr dərinlikdə və aralı Məzar Odasında. Bu səbəbdən də bilənlər bilir ki, Atatürkün Anıtkabrdakı mərmər sinədaşı – sənduqəsi simvolikdir. Əsl məzar əslində qeyd etdiyimiz kimi 7 metr dərinlikdə bərqərar olan Məzar Odasındadır. Bu Məzar Odası Səlcuqlu və Osmanlı Qiblə memarlığı üslubunda 8 guşəli biçimdə inşa edilmişdir. Atatürkün vəsiyyətinə uyğun olaraq Məzar Ankara qalasına baxacaq şəkildə qurulmuşdur. Buradan baxanda məzardan boylananda Türkiyə Cümhuriyyətinin, türk xalqının özgürlük, istiqlal rəmzi olan al Bayrağı görünür. Qazi Mustafa Kamal Paşa Atatürk ömrünün son günlərində iki tarixi kəlamı qələmə almışdı. Onun birincisi: “Bir gün əlbət öləcəyəm. Millətim məni hara istəsə dəfn edə bilər. Məzarımın qarşısında hər daim dalğalanan şanlı Türk Bayrağını görmək istərəm!” Sonuncusu isə “Xatırlayarsınız!” kəlamı olmuşdur.
Məzar Odasının pəncərəsindən boylananda Ankara qalasından dalğalanan şanlı Türk Bayrağı görünür! “Hatırlayırsız!” nidası, Bayraq sevdası ilə dünyadan köçən Qazi Mustafa Kamal Paşa Atatürkün ruhuna bundan böyük mükafat olmaz!
Şərəf Cəlilli