Heydər Əliyev: “Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.
Milli dövlətçilik tariximizə adı qızıl hərflərlə həkk edilən Ağqoyunlu hökmdarı Uzun Həsən, Teymurlu xanədanının qurucusu Əmir Teymur, dünya fatehi Sultan Süleyman “Qanunnamələr”i ilə Anayasa tariximizin təməlini qoydular. Bu qüdrətli sərkərdə-xaqanların dövlət idarəçilik təliminin əsasını təşkil edən qanunlar sonrakı yüz illərdə vətəndaş haqqlarının toplusu kimi qələmə alınan konstitusiyaların, qanunlar məcəlləsinin aparıcı maddələrinə çevrildi. Milli kimlik, milli mənlik və milli dövlətçiliklə bağlı düşüncələrin kompleks toplusu olan konstitusiyalar ayrı-ayrı türk dövlətlərinin inkişaf yolunu müəyyənləşdirdi.
12 noyabr Azərbaycan Respublikasında Konstitusiya Günü kimi qeyd olunur. Bu tarix xalqımızın dövlətçilik salnaməsində xüsusi yer tutur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Dövlətimizin Əsas Qanunu həmin ilin noyabrın 27-də qüvvəyə minmişdir.
1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə tariximizdə dördüncü Konstitusiyadır. Tarixi faktlara əsaslanaraq qeyd edə bilərik ki, ölkəmizin ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilmiş, daha sonra 1925-ci və 1978-ci illərdə SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdır.
İnsan hüquqları, ədalət və humanizm prinsiplərini özündə ehtiva edən sənəd
Müstəqilliyin bərpasından sonra Ulu Öndər Heydər Əliyev yeni dövlət quruculuğu prosesini hüquqi əsaslara söykəndirmək üçün böyük siyasi iradə və uzaqgörənlik nümayiş etdirdi. Onun rəhbərliyi ilə hazırlanan Konstitusiya Komissiyası 1995-ci ilin mayında fəaliyyətə başladı və həmin ilin oktyabrında sənəd ümumxalq müzakirəsinə təqdim olundu. 12 noyabr 1995-ci ildə keçirilən referendumda seçicilərin 86 faizi iştirak edərək, yeni Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermis, bununla da, bu sənəd Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, hüquqi, demokratik və dünyəvi dövlətin formalaşması istiqamətində dönüş nöqtəsi olmuşdur.
Ulu Öndər Heydər Əliyev Konstitusiyanın hazırlanması zamanı bildirirdi: “Biz elə bir layihə hazırlamalı və elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Yeni Konstitusiya insan və vətəndaş münasibətlərinin tənzimlənməsini, hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etdi, hakimiyyət bölgüsü prinsiplərini təsbit etdi, qanunverici, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyət mexanizmlərini müəyyənləşdirdi. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanun demokratiya, insan hüquqları, ədalət və humanizm prinsiplərini özündə ehtiva edir. Konstitusiyanın qəbul edildiyi gün – 12 noyabrda – respublika parlamentinə ilk çoxpartiyalı seçkilər də keçirildi. 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il bu tarix Konstitusiya Günü kimi qeyd olunur.
Konstitusiyada əks olunan müddəalara əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Qanun qəbul edildi və 1998-ci ildə fəaliyyətə başlayan bu ali orqan Konstitusiyanın aliliyinin qorunmasında mühüm rol oynamağa başladı. Məhkəmə qanunların Konstitusiyaya uyğunluğunu təmin etməklə yanaşı, vətəndaşların hüquqlarının müdafiəsində də mühüm təsisat kimi əhəmiyyətli orqana çevrildi.
Ötən 28 ildə ölkəmizin sürətli inkişafı yeni dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya bir neçə dəfə dəyişikliklərin edilməsini zəruri etmişdir.2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da keçirilən referendumlar nəticəsində Konstitusiyanın ayrı-ayrı maddələrinə ümumilikdə onlarla əlavə və dəyişiklik edilmiş, bu da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, vətəndaş hüquqlarının daha səmərəli müdafiəsinə təkan vermişdir.

“Konstitusiya və Suverenlik İli” – milli birliyimizin, dövlətçiliyimizin təntənəsi
2025-ci il tarixi Zəfərə imza atan Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu mühüm qərar Konstitusiyamızın 30 illiyi və Vətən müharibəsində Qələbənin 5 illiyi münasibətilə qəbul olunub. Sözsüz ki, bu addım Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və dövlət müstəqilliyinə sarsılmaz sədaqətinin ifadəsidir. 2025-ci il ərzində respublikanın müxtəlif bölgələrində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ümumrespublika bilik yarışları, elmi konfranslar, müsabiqələr və vətənpərvərliklə bağlı tədbirlər keçirildi. Bu silsilə tədbirlərin məqsədi gənc nəslin dövlətçilik ruhunda tərbiyəsini, Vətən müharibəsində qazanılmış Qələbənin mənəvi dəyərlərinin yaşadılmasını və milli həmrəyliyin möhkəmləndirilməsini təmin etməkdir. Müsabiqələr və layihələr çərçivəsində ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə, vətənpərvərlik və vətəndaş məsuliyyətinin təbliği kimi mövzulara da xüsusi diqqət yetiriləcək. Bu təşəbbüslər Azərbaycanın həm milli, həm də qlobal səviyyədə məsuliyyətli dövlət kimi mövqeyini bir daha nümayiş etdirdi. “Konstitusiya və Suverenlik İli”nin ən yaddaqalan hadisələrindən biri 2025-ci il noyabrın 8-də Bakıda – Azadlıq Meydanında keçirilən Zəfər paradı oldu. Bu möhtəşəm tədbir Vətən müharibəsində Qələbənin 5 illiyi münasibətilə təşkil edilmiş və dövlətimizin hərbi qüdrətini, xalqın milli qürurunu, Ordumuzun rəşadətini bir daha dünyaya göstərdi. Paradda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın, Türkiyə Cümhuriyyətinin və Pakistan İslam Respublikasının rəhbərlərinin, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin, qazilərin, şəhidlərin ailə üzvlərinin iştirakı, ölkəmizin suverenliyinin bərpası uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi sonsuz millət, məmləkət sevgimizin, Birlik və Bütövlüyümüzün rəmzi idi. Zəfər paradında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, Xüsusi Təyinatlı Qüvvələr, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və digər hərbi birləşmələrin iştirakı, hərbi qüdrətimizin göstəricisi olan döyüş texnikası və bayraqların nümayiş etdirilməsi bu təntənəli mərasimi Azərbaycanın suverenliyinin tam bərpasının, ərazi bütövlüyünün, Xalq – Ordu birliyinin rəmzinə çevrdi. Zəfər paradı həm də gənc nəslə milli qürur, vətənə sevgi və dövlətə sədaqət hisslərini aşılayan unudulmaz hadisə kimi tarixə yazıldı.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirlər ölkəmizdə milli birliyi, həmrəyliyi və vətənpərvərlik ruhunu daha da gücləndirdi. Dövlətçilik tariximizin şanlı səhifələrinin, xalqımızın əzmkarlığının, iradəsinin və qalibiyyət ruhunun təntənəsi kimi tarixə çevrildi.

İlham Əliyev: “Biz güclü dövlət qurmuşuq və bu güc xalqın birliyindən, həmrəyliyindən qaynaqlanır”
Əsrlər boyu azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımız 2020-ci ildə qazandığı tarixi Qələbə ilə müstəqil, suveren və qalib dövlətin azad vətəndaşı olmaq kimi böyük arzusunu gerçəyə çevirdi. Qəhrəman əsgər və zabitlərimizin, igid şəhidlərimizin qanı və canı bahasına bərpa olunan ərazi bütövlüyümüz və suverenliyimiz bu gün müasir Azərbaycanın ən böyük tarixi nailiyyətlərindən biridir. Bu qələbə ilə xalqımız təkcə torpaqlarını azad etmədi, eyni zamanda ədaləti, milli qüruru və dövlətin konstitusiya quruluşunu bütün ölkə ərazisində bərpa etdi. Artıq Azərbaycanın suverenliyi tam şəkildə təmin olunub, dövlət bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qürurla dalğalanır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində əsası qoyulmuş müasir, hüquqi və demokratik dövlət bu gün Prezident İlham Əliyevin iradəsi ilə möhkəmlənərək, dünya miqyasında güclü, nüfuzlu və söz sahibi olan bir ölkəyə çevrilmişdir. Prezident İlham Əliyevin “Biz güclü dövlət qurmuşuq və bu güc xalqın birliyindən, həmrəyliyindən qaynaqlanır” kəlamı bu gün ölkəmizin siyasi, iqtisadi və mənəvi simasını ifadə edir. Azərbaycan bu gün bütün Qafqazda, Böyük İpək Yolu boyunda lider, qlobal proseslərin fəal iştirakçısı, sülhün, ədalətin və inkişafın carçısı kimi çıxış edir. Qalib ölkə kimi respublikamız həm regionda sabitlik yaradan mühüm qüvvə, həm də beynəlxalq arenada etibarlı tərəfdaş mövqeyindədir.
Müstəqilliyin hüquqi təminatı
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu qələbənin mənəvi və siyasi davamıdır. İl ərzində keçirilən silsilə tədbirlər xalqımızın həmrəyliyini daha da gücləndirdi, dövlətçilik ənənələrimizi, dəyərlərimizi, müstəqillik ruhumuzu, milli kimliyimizi, tarixi mücadiləni yeni nəsillərə daha dərindən aşılamaq üçün imkan yaratdı. Tədbirlərdə gənclərin fəal iştirakı, onların dövlətə, özgürlüyümüzün rəmzi olan Bayrağa, Vətənə sevgi hissinin nümayişi bir daha sübut etdi ki, “Bir kərə yüksələn bir daha enməz!”
Bu gün hər bir Azərbaycan vətəndaşı qürurla qeyd edə bilər ki, müstəqilliyimiz dönməz, suverenliyimiz əbədi, qalibiyyətimiz sarsılmazdır. Azərbaycan xalqı öz tarixi iradəsi, milli həmrəyliyi və dövlətə sədaqət hissi ilə gələcəyə inamla addımlayır. Bu birliyin və gücün əsasında xalq – dövlət birliyi, onu tarixi Zəfərə qovuşduran, Şuşa qalasında, Xudafərin körpüsündə bayrağa döndərən Liderə – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə etimad və Anayasanın – Konstitusiyanın aliliyinə sarsılmaz inam dayanır.
Şərəf Cəlilli