Azərbaycan Motosiklet İdmanı Federasiyasında (AMİF) mühüm hadisə baş tutub. Baki-baku.az xəbər verir ki, Federasiya prezidenti Fuad Bağırov “MXC Queens” motoklubunun üzvlərinə rəsmi üzvlük vəsiqələrini təqdim edib.
“MXC Queens” AMİF-in rəsmi iştirakçıları sırasında ilk onluğa daxil olaraq qurumun ilkin üzvlərindən biri statusunu qazanıb. Bu addım ölkədə motosiklet mədəniyyətinin inkişafı və klubların sistemli fəaliyyət göstərməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Təqdimat mərasimində qeyd olunub ki, bu inteqrasiya yerli moto-hərəkatın hüquqi müstəvidə tanınmasına və fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verir. Təhlükəsiz sürücülük prinsiplərinin gücləndirilməsi və motosiklet idmanının təşviqi əsas prioritetlər kimi vurğulanıb.
Federasiya rəhbərliyi “MXC Queens” klubunun təşəbbüsünü yüksək qiymətləndirərək digər motoklubları da bu prosesə qoşulmağa çağırıb.
Bildirilib ki, bənzər addımlar Azərbaycan motosiklet icmasının birləşdirilməsinə və sahənin qlobal meyarlar səviyyəsində inkişafına xidmət edir. Hazırda bu istiqamətdə işlərin genişləndirilməsi planlaşdırılır.



