Alma sirkəsinin çəki azaltmağa kömək etdiyini iddia edən ən çox sitat gətirilən elmi işlərdən biri etibarsız hesab olunub.
Baki-baku.az xəbər verir ki, BMJ Nutrition Prevention & Health jurnalında dərc olunan araşdırmada ciddi statistik səhvlərin olduğu üzə çıxıb. Tədqiqatın müəllifləri – Livanlı alimlər də bu səhvləri qəbul ediblər. Halbuki, məhz həmin araşdırma son bir il ərzində yüzlərlə internet məqaləsinin əsasını təşkil etmişdi.
Avstraliyalı ekspert Rozmari Stenton bu mövzuda tənqidi rəy bildirən ilk mütəxəssislərdəndir. O vurğulayıb ki, alma sirkəsinin arıqlamaya təsiri barədə bir çox iddialar elmi dəlillərlə təsdiqlənməyib.
Mütəxəssislər qeyd edirlər ki, reklamların əksinə olaraq, sirkə kalium, kalsium və ya maqneziumun əhəmiyyətli mənbəyi deyil. Əksinə, tərkibindəki turşu diş minasına zərər verə bilər. Buna görə də həkimlər alma sirkəsi qəbulundan sonra ağzı su ilə yaxalamağı məsləhət görürlər.