Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/03/2026

Paylaşın

TARİX

Allah buradadır, səni görür, səni unutmayıb…

İkinci yazı

İbn Ərəbi: “Quşun köçü ruhun qopub gəldiyinə dönüşünün bənzəridir”

Quşun azadlığı təkcə uçuşuna deyil, həm də yolunu tapmasına bağlıdır. Köç edən quşları düşünün. Quşlar minlərlə kilometr məsafə qət edir, heç çaşmadan hədəflərinə çatırlar. Onları istiqamətləndirən görünməz bir İlahi varlıqdır. Ruhun yolu da elədir. İbn Ərəbi insan ruhunun Allahdan gəldiyini və yenə Allaha qayıdacağını izah edir. Quşun köçü ruhun qopub gəldiyinə dönüşünün bənzəridir.

Bir quş pəncərənə qonanda bu sadəcə kiçik bir qarşılaşma deyil, ruhunun dərinliklərinə toxunan bir xatırlatmadır: sən də azadsan, sənin də qanadların var. Bəlkə fiziki qanadların yoxdur, amma qəlbinin, ruhunun qanadları ilə yüksələ bilərsən. Düşüncələrinin, sevgilərinin və inancının qanadları səni adi həyatın fövqünə daşıyar.

İbn Ərəbi ruhunun həqiqətini dərk edən insanın artıq zəncirlərdən qurtulduğunu, azadlığın dadını hiss etdiyini söyləyir. Quş uçarkən qanadlarına deyil, göyə əmanət olur. İnsan ruhu da Allaha yönəldikdə öz nəfsini deyil, İlahi qüdrəti hiss edir. Əsl azadlıq insanın öz istək və ehtiraslarının əsarətindən çıxaraq Allahın hüzuruna yönəlməsidir.

“Sən də əslində göyə aidsən, qanadlarını xatırla”

Quşun azadlığı insan üçün bir güzgüdür. Əgər quşun göyə doğru qanad çalmasını izləyəndə qəlbində yüngül bir rahatlıq yaranırsa, bu, ruhunun öz həsrətini xatırlamasındandır. Ruh göylərə baxanda öz mənbəyini xatırlayır. Quşun yüksəlişi sənə, sənin də mahiyyət etibarilə eyni yolçuluğa çağrıldığını pıçıldayır.

Bəlkə də elə buna görə quşlar peyğəmbərlərin qissələrində və sufilərin mənqibələrində tez-tez qarşımıza çıxır. Onlar İlahi sirlərin səssiz elçiləri kimi təqdim olunur. Göyə yüksəlişləri ilə ruhun azadlığını, yerə enişləri ilə isə Allahın mərhəmətini xatırladırlar. Elə isə pəncərənə qonmuş quşa baxarkən təkcə bir varlığı deyil, öz ruhunun əksini gör. Onun azadlığında sənin daxili zəncirlərini qırmağa çağırış var. Çünki quş sənə səssizcə belə deyir: “Sən də əslində göyə aidsən, qanadlarını xatırla”.

Quşların zikri həqiqətin ən zərif nümunələrindən biridir

Quşların həyatımıza qəfil gəlişi çox vaxt fərq edilmədən keçib gedir. Amma İbn Ərəbinin baxışında heç bir gəliş səbəbsiz deyil. Ona görə hər bir varlıq Allahın bir işarəsini daşıyır. Quş isə bu işarələrin ən diqqət çəkənlərindən biridir. Çünki quş göylə yer arasında hərəkət edir: həm yer üzündə gəzir, həm də göyə yüksəlir. Buna görə də onun gəlişi çox vaxt insana İlahinin nur bəlgəsi kimi görünür. Quşun baxışı, cəh-cəhi və ya səssizcə duruşu həmin anda qəlbinə düşən düşüncə ilə birləşəndə məna kəsb edir. İbn Ərəbiyə görə işarələr insana özəldir. Yəni eyni quş iki fərqli insana fərqli məlumatlar gətirə bilər.

Elə isə bir quş pəncərənə qonanda, bəlkə də Allah həmin an sənə nəsə söyləyir. Vacib olan bunu adi bir hadisə sayıb keçmək deyil, qəlbin gözü ilə görmək, anlamaqdır: “Mənə hansı xəbəri gətirirsən?” Çünki o balaca quşun gəlişi sənin üçün yazılmış bir cümlənin görünməz kağıza düşən hərfləri ola bilər.

İbn Ərəbiyə görə kainatda olan hər şey – fərqində olaq, ya olmayaq – Allahı zikr edir. Qurani-Kərimdə buyurulur: “Yeddi göy, yer və onlarda olanların hamısı Onu təsbih edir. Həmd ilə Onu təsbih etməyən heç bir şey yoxdur” (İsra, 44). Bu ayə həmin həqiqətin əsasını təşkil edir. İnsanlar çox vaxt bu zikri eşidə bilmir, çünki qəlbləri pərdəlidir. Amma pərdə qalxdıqda ən kiçik bir səs belə İlahi bir gözəlliyə – duyğu çələnginə çevrilir.

Quşların səssiz zikri təkcə səslərində deyil, hərəkətlərində də gizlidir

Səhərlər eşitdiyimiz quşların cəh-cəhi  sadəcə bir təbiət hadisəsi və ya ünsiyyət forması deyil, Allahın adlarının təcəllasıdır. Bülbülün səsində eşq və həsrət, göyərçinin səsində sakitlik, xoruzun səhər çağırışında isə oyanış nidası var. İbn Ərəbi bu fərqliliyin Allahın “Əsmaül-hüsna”sındakı zənginlikdən qaynaqlandığını bildirir. Hər quşun bir adın əks-sədasını daşıdığını söyləyir. “Quşların səssiz zikri təkcə səslərində deyil, hərəkətlərində də gizlidir: qanad çalmalarında, göyə yüksəlişlərində, bir budaqda səbirlə gözləmələrində… Bunların hər biri Allahın fərqli bir adının təcəllasıdır. Səbirlə gözləyən quş “Səbur”, yüksəklərdə süzən qartal “Cəlil”, balaca bir sərçənin həyat mübarizəsi isə “Rəzzaq” adını xatırladır. Bu səssiz zikr insan üçün böyük bir xəbərdarlıqdır. Çünki insan çox vaxt Allahı dillə zikr etməyi unudur. Halbuki quşlar düşünmədən, zamanı və vaxtı hesaba almadan təbiətləri etibarilə daim zikr halındadırlar”. İbn Ərəbiyə görə, bu hal Allahı mahiyyətindən zikr etməkdir; yəni süni deyil, varlığın özü ilə Allahı anmaqdır.

“Sən də bizim kimi öz mahiyyətinlə Allahı an”

Quşların səssiz zikri eyni zamanda insana bir çağırışdır: “Sən də bizim kimi öz mahiyyətinlə Allahı an”. Çünki quşlar kiçik varlıqları ilə göyə yüksələrkən belə zikri tərk etmirlər. Bu isə insana xatırladır ki, Allahı anmaq üçün böyük sözlərə ehtiyac yoxdur. Bəzən səssizcə oturmaq, bəzən qəlbinin dərinliyində Onu hiss etmək ən güclü zikrdir.

İbn Ərəbinin ən diqqətçəkən vurğularından biri də budur ki, aləmdə heç nə elə-belə yerə baş vermir. Ona görə gördüyümüz, eşitdiyimiz və qarşılaşdığımız hər bir hadisə Allahın bəndəsinə yönəltdiyi bir işarədir. İnsan çox vaxt bu işarələri görmür, çünki zehni məşğuldur, qəlbi pərdələrlə örtülüb. Halbuki diqqətlə baxıldıqda gündəlik həyatın ən xırda detallarında belə İlahi bir mesaj gizlidir.

Bir quşun pəncərənə qonması bunun ən gözəl nümunələrindən biridir. Sən bunu qısa bir qarşılaşma zənn edərsən. Halbuki İbn Ərəbiyə görə bu hadisə sənin halına uyğun bir İlahi işarə ola bilər. Bəlkə səbirli olmağın gərəkdiyini, bəlkə də artıq hərəkətə keçməyin vaxtının çatdığını pıçıldayır. Çünki Allah bəndələri ilə fərdi işarələr vasitəsilə danışır. Eyni hadisə müxtəlif insanlar üçün fərqli mənalar daşıyır.

Tanrı hər kəsin pəncərəsinə Qumru quşu qondursun

Gündəlik həyatda rast gəldiyimiz bir çox hadisə əslində eyni həqiqəti göstərir. Qəfil yağan bir yağış Allahın bərəkətinin işarəsi ola bilər. Qarşına çıxan bir yad adamın dediyi tək bir cümlə isə qəlbinin dərinliyində uzun müddətdir cavab gözləyən bir suala son qoya bilər. İbn Ərəbi bu hadisələrin “təsadüf” adlandırılmasını qəbul etmir. Onun baxışına görə hər şey müəyyən bir nizamın parçasıdır və bu nizamın arxasında Allahın hikməti, möcüzəsi dayanır.

İbn Ərəbinin ən böyük qənaətlərindən biri isə budur: Allah bəndələri ilə daim danışır, lakin çox vaxt bəndə Onu eşitmir. İşarələr isə hər yerdədir. Bunu Qurani-Kərim də təsdiq edir: “Allah görəndir, biləndir, eşidəndir!”

Bir quş pəncərənə qonur, qısa müddət dayanır və sonra qanad çalaraq uçub gedir. Həmin an geridə bir sükut qalır. Amma bu sükut deyil, sükutun sonundakı tufanın, qasırğanın, nisgilin, ayrılığın, sonsuz, hüdudların məlum olmayan sevginin harmoniyasıdır. Bəlkə də əbədi vüsalın şərbət camından süzülən cənnət nemətidir. Çünki İbn Ərəbiyə görə hər qarşılaşma bir imtahan, hər ayrılıq isə bir ruhun vicdanla dialoqudur. Tanrı müqəddəslərin üzü suyu hörmətinə hər kəsin pəncərəsinə bir quş qondursun. Sevginin, məhəbbətin, səadətin, sədaqətin, isti yuvanın rəmzi olan Qumru quşu!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan musiqi tarixində belə əsərlərdən biri, bəlkə də birincisi "Cücələrim" mahnısıdır. Və bu nəğmənin müəllifi Qəmbər Hüseynlidir.

Ən son

Mədəniyyət

1 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə

Mədəniyyət

1 iyun 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Professor Aktotı Raimkulova Parisə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin