Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/30/2025

Paylaşın

TARİXİMİZ

Ağa Musa Nağıyev – Samançının milyonçu oğlu

I yazı
Bakının tikilib qurulmasında, klassika ilə müasirliyin körpüsünə çevrilməsində, qumsal çöllərin, qırgəzlərin yaşıllaşdırılmasında milyonçu neftxudaların mühüm rolu olub. Daha doğrusu Bayır şəhərin salınmasında onların əvəzi olmayıb. Xeyirxahlığı, yaxşılığı ilə ad çıxaran, tikdirdiyi məşhur binalar, karvansaralar, məscidlər, saraylarla, saldıqları limanlarla şöhrət qazanan mesenatların adları ilə bağlı əfsanələr, nağıllar, gerçəklər də o dövrün salnaməsidir.

Çar II Nikolayın “Neftin kralı” adlandırdığı Ağa Musa Nağıyevlə bağlı çox əhvalatlar var. Şəhərin yüzdən çox məşhur tikililərinə, tarixi binalarına imza atan, hər quruşun qədrini bilən, Hacı Zeynalabdin Tağıyevin diqtəsi ilə nakam oğlu İsmayıla “İsmailiyyə” adında abidə ucaldan, 1918-ci ilin mart soyqırımı zamanı erməni daşnakları tərəfindən yandırılıb bir hissəsi dağıdılan möhtəşəm tikiliyə baxıb “İsmayıl gözümün qabağında ikinci dəfə öldü! Birinci dəfə qan qusub, ikinci dəfə külə dönüb!” nidası ilə Tağıyev və Ağa Əlizadəni kədərləndirən Ağa Musa Nağıyevin məzarının yeri iki dəfə dəyişdirildi. Bibiheybət və Çəmbərəkənd qəbiristanlıqları köçürələndə onun da, ruhunu Həsən bəy Zərdabi kimi dərbədər etdilər.

On bir neftxudadan biri


O, 1842-ci ildə Biləcəridə doğuldu, kasıb bir ailədə. Samançı atasına ailənin dar günündə 11 yaşından yardımda bulunan Ağa Musa Nağıyev Biləcəridən Bakıya çörək dalıyca ayaqyalın gəldiyindən idi ki, alın təri, əlin qabarı ilə qazanılan paranın dəyərini bilirdi. 18 yaşında qazandığı qəpik-quruşu üst-üstə yığıb şərikləri ilə neft qoxuyan torpaq sahələri alan Ağa Musa Nağıyevdən qazılan quyular neft vermədiyindən şərikləri ayrılır. Nağıyev onların çəkdikləri xərci ödəyib, bəxtinə doğan günəşi gözləyir. Günəş doğrudan doğur. Nağıyevin buruqları “fontan” vrurur. Samançının oğlu dönüb milyonçu, bu azmış kimi Bakının məşhur 11 neftxudasından biri olur. Ağa Musa Nağıyev 11 yaşından halal çörək qazanmaq üçün alın təri töküb zəhmət çəkdi, 11 milyonçudan biri oldu. Qəribəsi, daha maraqlısı isə odur ki, o ömrünün sonuna qədər iş otağındakı qırmızı divanın küncündə dirsəklənib, söykənib dinclik tapdığı mütəkkənin içinə qaz tükü, qu tükü deyil, saman yığmağı əmr edərmiş. Bunu onun xəsisliyinə bağlayanlar bir həqiqəti unudurlar: Milyonçu Ağa Musa Nağıyev Samançının samançı oğlu idi. Zəmilərdə çox kisələr doldurub çörək qazanmışdı.

Bakının imzasına çevrilən 100-dən çox bina onun zəhmətinin, səbrinin yadigarıdır

“İsmailiyyə” binası yandırılanda “İsmayıl gözümün qabağında ikinci dəfə öldü!” nidası ilə övlad acısının ahını ərşə bülənd edən Ağa Musa Nağıyev saman dolu mütəkkəsi ilə yaddaşa sədaqətin simgəsi, bəlgəsidir. Tağıyev şahlara, padşahlara layiq malikanəsindəki iş otağındakı xalçasının üstündən “Suvaq malasını” asmaqla keçmişini danmadığı kimi, Nağıyev də “Saman dolu mütəkkəsi” ilə canlı tarix, eyni zamanda sadəliyin əzəməti adlı nümunə idi.

Samançı Nağının oğlu Musa Ağa Musa Nağıyev olana qədər samançı, bazarda yükdaşıyan olaraq ağır zəhmətə alışmışdı. O, nə məşhur milyonçu Murtuza Muxtarov kimi neft cihazlarını araşdıran mühəndis, nə də İsa bəy Hacinski kimi ali təhsil alıb Bakı bulvarının layihəsini işləyən memar deyildi. Borca-xərcə girib torpaq sahəsi alaraq Tanrıya, taleyə, bəxtə ümid edib ağ günə çıxıb sərvət əldə etmişdi. Bu gün Bakının imzasına, möhürbəndinə çevrilən 100-dən çox dövlət qurumlarına məxsus inzibati bina tarixi tikili və yaşayış evləri Ağa Musanın yuxusuz gecələrinin, zəhmətinin, dualarının və səbrinin aynasıdır.

Təmbəkini yanan şamla yandırmayan adamdan ekonom olar?
Qoslavski, Ploşko kimi zövqlü memarların layihəsi əsasında tikilən məşhur binaların israfı sevməyən, “Xəsis” adlandırılan sahibi ilə bağlı, onun mahiyyətini, batini əzəmətini, halallığını, dürüstlüyünü özündə ehtiva edən maraqlı bir əhvalat 100 ildən çoxdur ki, yaddaşdan yaddaşa ötürülməkdədir. Deyirlər, bir gün Ağa Musa Nağıyev digər milyonçular, neftxudalar kimi özünə o zaman “ekonom” adlanan iqtisadçı götürmək qərarına gəlir. O dövrün ekonomları neftxudaların evlərini və şirkətlərini az xərclə idarə edən alman və Avropa yəhudiləri idilər. Bu adamlar qısa müddətdə milyonçuların sayəsində milyonçu olmasalar da, yarım milyonçuya çevrilirdilər. Deyirlər, Ağa Musa Nağıyev onlardan biri – alman ekonomla tanışlığından sonra, ona kağıza bükülmüş tütün uzadıb. Ekonom olacaq Vaynştok masanın üstündəki kibritlə papirosu alışdırmaq istəyib. Bunu görən Ağa Musa Nağıyev ayağa durub deyir: “Yox, cənab Vaynştok, bizimki tutmaz”. “Ekonomun nəyə görə, Ağa? Mən ki sizə milyonların kölgəsində kiçik xərclərlə böyük işləri idarə etməyi təklif etdim?” sualına təhərini pozmayan, “Atam, Atam!” deyimi ilə yaddaşlara yazılan Ağa Musa Nağıyev masanın üstündə yanan şamı göstərib ekonoma yerini göstərir. Bir kirbitin böyük sərvətin xəzinə də öz yerinin olduğunu bildirir. “Təmbəkini yanan şamla yandırmayan adamdan mənə nə ekonom olar?” cavabı ilə müdrikliyini sübut edir.

Pulun hər şey deyil, çox şey olduğunu anlayan, onu həm də çevrəsinə anladan Ağa Musa Nağıyev haqqında dolaşan, yaddaşdan yaddaşa ötürülən bu rəvayətlə belə, dəyərlərin əyarına çevrilən ciddi iş adamı kimi xatırlanır. Onun parası Qara qızıldan – mazutdan, neftdən, vedrə-vedrə çıxsa da, misqal-misqal, zərrə-zərrə toplanıb dama-dama göl olmuşdu.

Bakıya əsir gətirilən Osmanlı əsgərlərinin müdafiəsinə qalxıb

Tikdirdiyi tarixi binalar, mülklər, saraylar, xəstəxanalarla yanaşı Ağa Musa Nağıyev sərvəti ilə Bakının milli maarifçilik, Azərbaycanın milli dövlətçilik tarixinə töhfədə bulunub. Bunu danmaq, inkar etmək olmaz. 1918-ci ilin Mart soyqırımı, Bakının, Azərbaycanın işğaldan azad olunması zamanı varı, dövləti, sərvəti ilə XI Qafqaz İslam Ordusunun və Cümhuriyyət qurucularının yanında olan Ağa Musa Nağıyev həm də, Rusiya-Türkiyə müharibəsi, Sarıqamış hadisələri zamanı Osmanlının yanında olub. Bakıya əsir gətirilən, Nargin adasında Çar cəlladları tərəfindən incidilən Osmanlı əsgərlərinin müdafiəsinə qalxıb. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aşurbəyov qardaşları kimi onların müalicəsi, ərzaq təminatı, hətta gizli şəkildə Bakıdan çıxarılıb Osmanlıya yola salınmaları üçün əlində gələni əsirgəməyib.

Necə olur, Allah yəhudilərə, almanlara qənim olmur, mənə olur?

Deyirlər, Ağa Musa Nağıyevin çoxsaylı kazinoları varmış. “Milyonların hərləndiyi bu kazinolarda öz xüsusi masası arxasında oturan Ağa Musa Nağıyev qumarda uduzan zənginlərə və onların övladlarına, torpaq və mülk sahiblərinə borc pul verər, bunun müqabilində onların əmlakını çox ucuz qiymətə alarmış.

Bir müsəlman olaraq İslam dininin haram buyurduğu, qadağa qoyduğu faizlə pul vermək məsələsinə baxmayaraq Ağa Musa Nağıyev bu minvalla xeyli sərvət toplayıbmış. Bir gün onun torpaq sahəsi üstündə Nobel qardaşları ilə çəkişən mühəndis-milyonçu İsa bəy Hacınski ilə faiz üstündə bərk davası, söz-söhbəti çıxır. Ağa Musa Nağıyev üzünü adı tarixə “İstiqlal bəyannməsi”nə imza atan milli şuranın və Məclisi-Məbusanın üzvü kimi düşən Hacınskiyə tutub deyir: “Atam, Atam necə olur, Allah yəhudilərə, almanlara qənim olmur, mənə olur? Onların iş-gücü faiz üstündə deyil? Haradan tamxa, pul-para gəlirsə müsəlmanın işi ora qadağa qoymaqdı. Mən o qədər də avam deyiləm ki, əlimyandıda olan Mirzəbəyovun qumarda uduzduğu mülkünü baha qiymətə alım. Ona indi pul lazım deyil, mən də ona pul verirəm. Pislik etmirəm ki, nə olsun ki, sabah pulumu alanda faizimi də geri alacağam!” Deyirlər, söhbətə heyrətlənən Hacınski sükutla Nağıyevin üzünə baxır…

Pul əxlaqlı adamları sevir, oğlum…

Ağa Musa Nağıyev haqqında yazan müəlliflərin bir çoxu qeyd edir ki, o, inadkar adam idi. Müftə, zəhmət çəkmədən pul qazananları sevməzdi. Onun Lütfü bəy adlı bir qələm əhlinə, ziyalıya verdiyi dərs maraqlı olmaqla yanaşı, həm də ibrətamizdi. Deyirlər, bir gün köməkçisi Nağıyevin qarşısına qəzet qoyur və yazılanlar barədə ona məlumat verir: Məsələnin nə yerdə olduğunu anlayan Ağa Musa “Lütfi bəy məndən pul istədi. Mən də vermədim. Ona görə gedib qəzetdə yazıb ki, guya mən xəsisəm. Xub. Olsun. Amma, mən ona unutmayacağı dərs verəcəm. Atam, atam firəngin ziyalısı xalqına havayı xidmət edir. Amma, bizimkilərin fikri-zikri pul qazanmaqdı. Yaxşı, atam, atam bu şəhərdə bu binaları, xəstəxanaları, teatrları sən tikirsən? Yoxsa, mən?” deyib, heyrətini gizlətməyən Ağa Musa Nağıyev üzünü köməkçisinə tutub göstəriş verir: “Lütfi bəyi sabah çay içməyə çağır. De ki, Ağa əmr etdi ki, bankdan pul çıxaraq, yaxşı. Al, bu çeki də, get, Rus Bankından 100 min pul çıxar”. Köməkçi baş üstə ağa, deyib tapşırılan işin dalıyca gedir.

Səhəri gün Lütfi bəy dişinin dibində şirə dolmuş adam kimi özünü Ağa Musa Nağıyevin mülkünə yetirir. Ağa onu çay süfrəsində közü öləziməmiş samovarın ətrafında qəbul edir. İlk sualı da bu olur: “Lüfti bəy, mənəm xəsis? Sənin gözündən gəlsin, mənim etdiklərim. İndi mən sənə göstərərəm, xəsis kimdir. Heç eybi yoxdur, indi görərsən, mən nə edirəm. Ağa 100 minlik bank çekini dürümlüyüb samovara atanda, dili-dodağı quruyan Lütfi bəy “Ağa nə edirsən?” deyib, əlinə, ayağına düşür. Özgə malından sərvət tutan “bəyə” həyat dərsi verən Nağıyev onun “Ağa, puluna heyfin gəlmir?” sualına “Gəlir, niyə gəlmir, onu qazanmaq üçün mən əziyyət çəkirəm” – deyə cavab verir. Abrını itirib öz malına qonan Lütfi bəyin, “Bəs, onda niyə yandırırsan?” sualına onu öldürəcək qədər kəskin cavab verən Ağa deyir: “Sənə dərs vermək üçün. Pulu qazanmaq, xərcləmək hər adamın işi deyil. Pul əxlaqlı adamları sevir, oğlum. Sən də işləyərsən, pul qazanarsan, sonra da mənim kimi götürüb, istəsən beləcə dürüm edib samovara, oda atarsan, yandırarsan, istəsən də, özgə malına göz dikənlərə verərsən. Heç kəsdən pul istəmə, əxlaqın olsun!”

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Qlazqo Virus Tədqiqatları Mərkəzinin alimləri süni intellektin köməyi ilə “Viro3D” adlı yeni məlumat bazası hazırlayıblar.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Müasir araşdırmalar göstərir ki, mülayim miqdarda qəhvə istehlakı sağlamlığa xeyir gətirə bilər, əsas odur ki,

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Müasir araşdırmalar göstərir ki, mülayim miqdarda qəhvə istehlakı sağlamlığa xeyir gətirə bilər, əsas odur ki,
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin