Birinci Pyotrun Qafqazı parçala hökm sür, İstanbulu fəth et, Şərqin və Avropanın alınmaz qalasına çevir nidası ilə Qafqaza qoşun yeridən, Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın, Fətəli şah Qovanlı-Qacarın, Abbas Mirzə Qovanlı – Qacarın, Şeyx Şamilin, Cavad xanın, Fətəli xanın iradəsi ilə üz-üzə qalan Çar Rusiyası “Kürəkçay”, “Türkmənçay”, “Gülüstan” müqavilələri imzalanana, Azərbaycan iki imperiya arasında bölünənə qədər Qacarlarla qılınc qılınca gəldi. Bu əslində müsəlman Şəqrinə, Türk dünyasına növbəti xristian həmləsi, səlib yürüşü idi.
XVIII əsrin sonu XIX yüz ilin əvvəli Çar Rusiyasının Qafqaz siyasətinin dirçəlişi, Qafqazın isə tənəzzül dövrü kimi tarixə daxil olub. Qafqaz sərvətləri, bioresursları, cəngavər igidləri, insan kapitalı ilə Çar Rusiyasının “dənizdən-dənizə siyasəti” üçün ciddi baza idi. Onun ələ keçirilməsi yolunda I Pyotrdan sonra da hərbi təlimlər gerçəkləşmiş, Yaxın və Orta Şərqin tarixinin, mədəniyyətinin araşdırılması, topoqrafik xəritələrinin hazırlanması üçün mühüm işlər görülmüşdü. Buna örnək olaraq Peterburq və Kazan Universitetlərində qurulan Şərqşünaslıq bölmələrinin, həmin beyin mərkəzlərində yetişdirilə, Bartold Baskakov kimi məşhur alimlərin, onların mürşidi, müəllimi – Mirzə Cəfər Topçubaşovun və Mirzə Kazım bəy kimi dahilərin adını çəkmək kifayətdir ki, qeyd olunanların həqiqət olduğunu etirafda bulunması, Çar Rusiyasının Qafqaz Canişinliyinin Tiflisdə yerləşməsi, Tiflisin mədəni-mərkəzə çevrilməsini, Mirzə Fətəli Axunzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı kimi tarixçi, ədəbiyyatşünas alimlərin, ədib və mütərcimlərin yüksək çinli məmur kimi Canişinlikdə vəzifəyə cəlb olunması sıradan bir hadisə deyildi. Bu faktın üzərinə Qafqazın Rusiya yönümlü media qurumlarının, qəza məktəblərinin, Tiflis Aleksandr İnstitutunun, Nəcib Qızlar Gimnaziyasının, Real məktəblərin, Qori Müəllimlər Seminariyasının açılmasını da əlavə etsək, mənzərə bütün təfərrüatı ilə göz önündə canlanacaq.
Tarixi mənbələr də sübut edir ki, XVIII yüz ildə iqtisadi, siyasi, hərbi dirçəlişin zirvəsində dayanan Çar Rusiyası alman mütəxəssislərinin imkanlarından, təşkilatçılıq məharətindən istifadə edərək dövrün yüksək hərbi bazasını formalaşdırmışdı. Hərbi sursat zavodlarının tikilməsi, bioresurslarının zənginliyi XIX yüz ildə onu I Pyotrun vəsiyyətlərini gerçəyə çevirmək, yarımçıq arzularını reallaşdırmaq üçün ayağa qaldırır. Sərt, sıldırım qayaların, zəngin təbiətin, mədəniyyətin daşıyıcısı olan Şimali və Cənubi Qafqazda tarixi torpaqlarında min illərdir yaşayan türklərin, çərkəzlərin, bulqarların, çeçenlərin, avarların, ləzgilərin, kumıkların və digrə məğrur insanların, hə biri bir qoşuna, orduya bərabər igid sərkərdələrin üzərinə yerimək asan olmasa da, çar cəlladları Qafqaza doğru irəlilədi. Qafqazı alınmaz qalaya çevirən İmam Şamilə və Gəncəli Cavad xana “Gəlirik!” deyə, qorxu mesajı yollasalar da, iki qüdrətli liderin kəskin cavabı, əyilməz iradəsi ilə üzləşdirlər. Şeyx Şamilin “Qunib hündür bir dağdır, mən onun üzərindəyəm. Arxamda xalq, başımın üstündə Allahdır!”, Cavad xanın “Qalanı təslim alarsanız, ancaq mənim cənazəmin üstündən keçəndən sonra!” nidası, əslində Pyotrun varislərinin üzünə oun xəyal etdyi İstanbulun adına “Osmanlı tokatı” idi. Şimali Qafqazı bir həmlə ilə ələ keçirmək mümkün olmadı. Dağıstanın, dağlıların vüqarı, Mirzə Kazım bəyin təbirincə desək, “Qəhrəmanlar yetirən Qəhrəman Şamilin” düz 20 il aşına zəhər qatması onu Qafqazın digər istiqamətlərinə üz tutmağa məcbur etdi. Tiflisdə onun təbəliyini qəbul etməyə hazır olan Gürcü İmereti Knyazlığı vardı. Buradakı münbit şərait tez bir zamanda Tiflisi Çar Canişinliyinin iqamətgahına çevirdi. Yaxın məsafədən xanlıqlara parçalanmış Azərbaycanın üzərinə yerimək isə onun üçün çətin deyildi. Məmməd Arazın dili ilə desək “Səndən, məndən, o xandan, bu xandan ötən güllə Vətənə dəydi” Vətənə dəyən güllə Cavad xanın qürurla söykəndiyi acı həqiqəti gerçəyə çevirdi. Gəncə qalası işğal edildi. Bakı xanı, Şəki xanı, Quba xanı, İrəvan xanı, Naxçıvan xanı, Şamaxı xanı, Gəncə xanı, Qarabağ xanı, qılıncına doğrandıqca, təbəliyi qəbul etdikcə qalalarda özgələrin bayraqları dalğalandı. Azadlıqdan şirin nemətin, istiqlaldan böyük sərvətin olmadığını dərk etməyən, bir-birinə arxa çevirən xanların, daha doğrusu Vətənin – Odlar Yurdu Azərbaycanın səsinə səs o taydan, Qacarlar dövlətindən gəldi. “Öldü var, döndü yoxdur” nidası ilə Çar Rusiyasının üstünə yeriyən Ağa Məhəmməd şah Qacarın, Abbas Mirzə Qovanlı – Qacarın, Baba şahın – Fətəli şah Qovanlı – Qacarın diplomatik gedişləri səmərə verməsə də, Çar Rusiyası Qafqazlarda məğrur, əyilməz sərkərdə-xaqanlarla üz-üzə gəldi.

Çar cəlladları Qafqaza hücum edəndə Abbas Mirzə Qacarın heç 20 yaşı belə yox idi
Erməni məliklərinin, yepiskoplarının imkanlarından, xəyanətlərindən istifadə edən Çar Rusiyası Nadir şah Əfşarın, Ağa Məhəmməd şah Qacarın, Fətəli şah Qacarın, vəliəhd Abbas Mirzə Qacarın xəyanət nəticəsində aradan götürülməsinə nail oldu. Qafqazın, Qafqaz qarışıq Odlar Yurdunun işğalı ilə ermənilərin Azərbaycanda məskunlaşması prosesi kütləvi hal aldı. Qalaların gizli yolları barədə məlumat verən, açarlarını cəlladlara təqdim edən erməni yepiskopları həm də, Qafqaz Albaniyasına məxsus məbədlərə əl qoydu. Bu bizim sonrakı dönəmlərdə, xüsusən də Birinci Qarabağ savasında faciəmizə çevrildi. Nadir şah Əfşarın zəhərlənərək qətlə yetirilməsi bu hadisələrin sürətlənməsinə təkan verdi. Ağa Məhəmməd şah Qacarın ürəyinə xəncər saplanaraq qətlə yetirilməsi Güney Qafqazda düzəni, mizanı dəyimişdi. Min illər boyu qüdrətli dövlətlər quran Odlar Yurdu Azərbaycan ölüm-qalım savaşı verir, mücadilə edirdi. Hərbi məsələlərdən çox diplomatik gedişləri ilə tarixdə qalan Fətəli şah Qovanlı – Qacar xalqı qorumaq, taxt-tacı, səltənəti xilas etmək üçün Çar Rusiyası ilə danışıqlara gedir. Belə bir həssas dönəmdə Osmanlı sultanları, İngilis və fransız kralları ilə dil tapmağa çalışırdı. Çar Rusiyasının da gözləmədiyi, ağlına belə gətirmədiyi bir vaxtda vəliəhd Abbas Mirzə Qacarın onun üzərinə yeriməsi ciddi problemlər, sürətlə gedən məsələlərə maneə törətdi. Abbas Mirzə Fətəli şah oğlu Qovanlı – Qacar Qacarlar dövlətinin vəliəhdi olmaqla yanaşı, həm də Güney Azərbaycanın valisi idi. Fətəli şah Qovanlı – Qacarın övladları da, oğulları da çox idi. Seçiləni, Tanrı tərəfindən seçilmişi isə Abbas Mirzə Qovanlı – Qacar idi. Fitri istedadı, analitik təfəkkürü, sərkərdəlik məharəti ilə digər qardaşlarından fərqlənən Abbas Mirzəni təkcə atası Fətəli şah Qovanlı – Qacar vəliəhd elan etməmişdi. Onun bir vəliəhd kimi yetişməsi üçün babası, Qacarlar dövlətinin ruhunun atası Ağa Məhəmməd şah Qovanlı – Qacar xüsusi təlimçilər ayırmışdı.
Çar cəlladları Qafqaza hücum edəndə Abbas Mirzənin heç 20 yaşı belə yox idi. O, bir Qacar törəsi idi. Qeyrət, cəsarət, ləyaqət, məğrurluq və əyilməzlik ona genetik kodlarından miras qalmışdı.
Bütün ruhu, duyğuları ilə Azərbaycan olan, elə onun yolunda da babası Ağa Məhəmməd şah Qacar kimi müəmmalı, müdhiş ölümü ilə mənsub olduğu millətin, məmləkətin əyilməz sərkərdələrindən birinə çevrilən, vəliəhd kimi tarixdə qalsa da, qüdrətli dövlət xadimi kimi cəsarətli qərarları ilə milli mənlik, milli kimlik uğrunda savaşın mücahidinə, həm də şəhidinə çevrilən Abbas Mirzə Fətəli şah oğlu Qovanlı – Qacar bütün dövlətlərin qüdrətli sərkərdəsi kimi anılır. Onun haqqında tarixi mənbələrdə qeyd olunur: “Mürəkkəb dövrün mükəmməl şəxsiyyəti, naibüs-səltənə Abbas Mirzə Qacar – Qovanlı yaşadığı dövr ölkəsinin Rusiya, İngiltərə, Fransa və Osmanlı kimi böyük dövlətlərlə gərgin diplomatik münasibətlər, hətta müharibələrin baş verdiyi dönəmə təsadüf edir. Dövrün siyasi, hərbi və təhsil tarixində bəxtsiz şahzadə olaraq qalır. Bəlkə də, Nadir şahdan sonra tariximizin ən möhtəşəm şahı olacaqdı. Ömür vəfa etmədi…”
Əslində elə çar cəlladlarının üstünə qılınc sıyıran, Azərbaycanın ərazi bütövlüyü uğrunda at üstə şahə qalxan Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Gəncəli Cavad xan, Qubalı Fətəli xan kim, o da, əcəldən macal tapmadı. Zəhər camı, sinəsinə saplanan xəncər, kürəyinə sıyrılan qılınc qisməti oldu. Bu qismət də deyildi. Bu cəlladların, Azərbaycanı parçalayan, Osmanlı və Çar Rusiyası arasında, sərhəddə digər bir türk dövləti görmək istəməyən Çar cəlladlarının tarixi planının bir hissəsi idi. Rus-Qacar müharibələrinin əyilməz sərkərdəsi kimi tanınan, məğrurluğu ilə cəsarətin, ləyaqətin simvoluna dönən Abbas Mirzə Qovanlı – Qacarın adı çəkiləndə həm də, taleyin sərt üzündən sinəmizə dağ kimi basılan “Gülüstan” və “Türkmənçay” ilhaq müqavilələrini xatırlayırıq. O, Ağa Məhəmməd şah Qacarın ümidlə uşaqlığından üstündə əsdiyi, səltənət üçün yetişdirdiyi, eyni zamanda qardaşı oğlu vəliəhd Fətəli şahdan sonra Qacarlar dövlətinin başında görmək istədiyi lider idi.
1788-ci il avqustun 20-də Laricanda dünyaya gəlmişdi. Anası Asya bəyim də Qacarlara bağlı baş xatun idi. Abbas Mirzə Qacarın vəliəhd elan olunmasında əsas səbəb də onu xanədana bağlı əsilzadə, qanının və geninin təmizliyi, saflığı, paklığı idi. Tarixi mənbələr, arxiv sənədləri də sübut edir ki, Ağa Məhəmməd şah Qacarın Fətəli şahı övlad əvəzi vəliəhd elan etməsi, onun yerində Abbas Mirzəni vəliəhd olaraq görməsi də, əsassız deyildi. Fətəli şahın qeyri-millətə məxsus xatundan olan ilk iki övladı olsa da, onların geni qarışıq idi. Abbas Mirzə Qacar isə qeyd etdiyimiz kimi hər iki qan və gen bağı ilə bir Qacar törəsi idi. Səltənətin gələcəyi üçün hələ bir yaşından Ağa Məhəmməd şah Qacarın göstərişi ilə kiçik Abbası naibül-səltənə kimi yetişdirmək üçün ayrı-ayrı yörələrdən tərbiyəçi müəllimləri çağırması da bununla bağlı idi. Trəbiyə üsulu şahın nəzarətində gerçəkləşdirilirdi. Lakin, taleyin sərt üzündən Abbas Mirzə dörd yaşında xəstələnir. Dərmansız dərdə mübtəla olur. Aylarla, hətta illərlə davam edən müalicənin uğurla başa çatması üçün müxtəlif ölkələrdən məşhur təbiblər dəvət olunur. 15 yaşına qədər sistemli müalicələr alan Abbas Mirzə hələ gəncliyindən iradənin gücü, xarakterin əyilməzliyi ilə ağır xəstəliyi – sümük əriməsini, müasir dillə desək, sümük və ilik xərçəngini yenir. Sağlam ruhu ilə sağlam bədənə nail olan, ağır məşqlər, milli döyüş növləri texnikası, pəhləvan məharəti Vəliəhdin tarixi zəfərinin mayası, təməl prinsipi olur. İngiltərənin məşhur salnaməçisi, tarixçi Malkolm da onun sümük-ilik xəstəliyindən əziyyət çəkdiyini, məhz özünün iradəsi ilə ona qalib gəldiyini qeyd edir. Onun qeydlərindən o da, məlum olur ki, xəstəlik onda bir də 30 yaşında sonra üzə çıxmışdır.
Aparılan araşdırmalar, istinad edilən mənbələrdən bəlli olur ki, Abbas Mirzənin siyasi xadim, sərkərdə, Azərbaycan valisi kimi fəaliyyət dövrü ən ağır illərə təsadüf etmişdi. Ölkənin ərazi bütövlüyünü qorumaq üçün özü şəxsən böyük mücadilələrdən keçmişdi. Rusiya İmperiyasının hələ 1783-cü ildə Şərqi Gürcüstan çarı ilə Georgievski müqaviləsi bağlaması və onu himayəsinə alması Azərbaycan xanlarını narahat etmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar bir neçə istiqamətdə hücum edərək rusları Azərbaycanın tarixi torpaqlarından sıxışdırıb çıxarmağı planlaşdırırdı. Düşünürdü ki, əsas təhlükə Gürcüstan tərəfindən gələ bilər. Bu zaman Abbas Mirzə də onunla birlikdə yürüşlərə qatılırdı.

Ağa Məhəmməd şah Qacarın müəmmalı ölümünün, müdhiş qətlinin arxasında Çar cəlladları, erməni yepiskopu və məlikləri dayanırdı
1877-ci ildə Çar Rusiyası ilə danışıqlara gedən, nicatını Şimal sərhəddində görən Qarabağ xanı İbrahimxəlil xanın, vəzir Molla Pənah Vaqifin tarixi səhfi, aldanışı üzündən “Kürəkçay” müqaviləsi imzalandı. Dəhşət bununla bitmədi. Ağa Məhəmməd şah Qacar Şuşa qalasında qətlə yetirildi.
Ağa Məhəmməd şah Qacarın qətlindən sonra bütün yürüş planları yarımçıq qaldı. Tanınmış rus şairi Aleksandr Sergeyeviç Puşkinin əsərlərində “Şanlı Məhəmməd” deyib, vəsf etdiyi Ağa Məhəmməd şah Qacarın sifarişli ölümü özündə Nadir şah Əfşarın müəmmalı, müdhiş zəhər camını, doğmalarının, daha doğrusu həyat yoldaşı Səfəvi şahzadəsi Raziyyə Sultanın zalımlığını yada salırdı. Ağa Məhəmməd Şah Qacarın bu dəhşətli qətli erməni yepiskopunun və məliklərinin sifarişi ilə yerinə yetirilmişdi. Qətli icra edənlərin Məhəmməd xan Batman Qılınc, Sadıq xan Şəqaiqi, Abbas bəy və qul Səfəralının olması bəllidir. Onlar bir gün sonra edam olunacaqdılar. Müəmmalı ölümün, müdhiş qətlin arxasında isə qeyd etdiyimiz kimi Çar cəlladları, erməni yepiskopu və məlikləri dayanırdı. Deyirlər Ağa Məhəmməd şah Qacar xəncər ürəyinin başına saplananda dik atılıb, cəlladların dalıyca qapıya qədər qaçıb və yerə sərilib. Həmin gecə saat 3-ə 15 dəqiqə qalmış Şuşa qalasının divarlarına Şahın bu cümləsi həkk olunub: “Ey evi dağılmışlar, xanədanı viran qoydunuz!” O müdhiş gecədən 16 il sonra Azərbaycan ikiyə bölünüb.
Bütün bu dəhşətlərə baxmayaraq Abbas Mirzə şah atasından bir vali, həm də vəliəhd olaraq yardım istədi. Bir vali kimi müdrik insanları, məharətli döyüşçüləri əhatəsinə cəm edən Abbas Mirzə Avropa standartlarına uyğun mükəmməl ordu yaratdı. Təlimlərə bir sərkərdə kimi şəxsən özü nəzarət etməyə başladı. İrəvan, Lənkəran, Qarabağ, Gəncə uğrunda işğalçılara, Çar Rusiyasına qarşı savaşmaq üçün qüdrətli orduya ehtiyac var idi. Əhalini qandan, ölkəni fəlakətdən qorumaq istəyən atası Fətəli şah Qovanlı – Qacardan fərqli olaraq o, diplomatik danışıqların fayda verməyəcəyini anlayır, zamanın ağıla yox, zora ehtiyac duyduğunu bilirdi.
Çar Rusiyasının sərhədlərini genişləndirmək, daha çox qənimət əldə etmək üçün, haqq etmədiyi ərazilərə müstəmləkəsi kimi əl qoyan Çar I Aleksndrın qoşunlarına qarşı hücuma keçən Abbas Mirzə Qacar nəticənin necə olmasından asılı olmayaraq sərkərdə ucalığı sərgiləyir, Qacarlara xas əyilməzliyi, məğrurluğu ilə düşmənin üstünə yeriyir. Atasında qüdrətli ordu yaratmaq üçün maddi və mənəvi dsətək istəsə də, diplomatik danışıqlara üstünlük verən Fətəli şaha müraciəti nəticəsiz qalır. Heç bir hərbi qüvvəsi, texniki bazası, maddi təminatı olmadan at üstə şahə qalxıb qılınc sıyıran 20 yaşlı Şahzadə Qacarlar Abbas Mirzə Qacar yüksək hərbi potensiala, təchiz olunmuş mükəmməl orduya, peşəkar əsgər, zabit heyətinə malik olan Çar cəlladlarının üstünə yeriyir, bir Qacar törəsi olduğunun sübut üçün sərkərdə-xaqan vüqarını, qürurunu nümayiş etdirir.

Abbas Mirzə Qacar sərkərdəlik məharəti, təlim texnikası, hücum taktikası, hərbi strategiyası ilə Çar Rusiyasının qorxulu röyasına çevrildi
Bəbək Xürrəmi Ərəb xilafətinə, İmam Şamil Çar Rusiyasına qarşı 20 il mücadilə etdiyi kimi, Azərbaycanın valisi, vəliəhd-şahzadə Abbas Mirzə Qacar da düz 20 il mücahid ömrü sürdü. Qeyri-bərabər döyüşlərdə təlatümlərlə dolu illər yaşasa da, meydandan çəkilmədi. Son ana qədər savaşdı. Ayrı-ayrı tədqiqatçılar, nüfuzlu tarixçilər tərəfindən aparılan araşdırmalar sübut edir ki, bu 20 illik mücadilənin hər günü bir qərinəyə, əsrə bərabər olmaqla yanaşı, qəhrəman sərkərdənin məharətini, özünə məxsus təlim-texnikasını, hücum taktikasını, hərbi strategiyasını, ən əsası sonsuz millət, məmləkət sevgisini dünyaya sübut etdi. Qaniçən Sisyanovu Bakının – İçərişəhərin Şamaxı darvazası önündə qanına qəltan edən Hüseynqulu xan məhz Abbas Mirzə Qacarın sərkərdələrindən biri idi. İşğalçı generalın başını kəsən Hüseynqulu xan onu müjdə tabağına qoyub bir ayrı adama deyil, məhz Abbas Mirzəyə göndərmişdi. İrəvan qalası uğrunda Abbas Mirzənin, onun sərkərdələri – İrəvan xanı Hüseynqulu xanın və qardaşı Həsən xanın – Sarı Aslanın qəhrəman müqaviməti Qafqazın azadlıq və istiqlaliyyət tarixinin unudulmaz səhifələridir. Rus generalları Sisyanovun, Tormosovun, Budoviçin, Aristovun və Paskeviçin saysız-hesabsız hücumlarına yalnız Abbas Mirzənin və onun sərkərdələrinin tüfəngçiləri müqavimət göstərirdi. Ən quduz rus generalı, şəninə Puşkinin nəğmələr yazdığı Pyotr Kotlyarevski ilə 1810-cu ildə Lənkəran Qalası uğrunda mübarizədə yerli igidlərlə bərabər, 20 min Qacar-Azərbaycan-türk əsgəri canını qurban verdi. Ruslardan da 2500 nəfər həlak oldu. Kotlyarevski özü başından yara alaraq ömürlük iflic oldu. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq Abbas Mirzə Rus ordusu üzərində çaldığı qələbələrlə tarixə düşdü. Rus çarı I Nikolay təcrübəli və hiyləgər Qraf Paskeviçi saysız ordularla Qacarların üstünə göndərdi. İşğalçılar Tərbirzə qədər gəlib çıxanda Abbas Mirzənin inadı qırıldı. Və o, atası Fətəli şah Qovanlı – Qacarın təkidi ilə ilk dəfə sülhə, daha doğrusu ilhaq müqaviləsinə razı oldu. Beləliklə Azərbaycan türklərinin tarixinin ən kədərli günündə “Türkmənçay” müqaviləsini imzalamaqla Abbas Mirzə atası Fətəli şah Qacarın Quzey Azərbaycanı, Arazın bu tayını qurban verib Güney Azərbaycanı xilas etdi. Deyirlər, “həmin gün böyük sərkərdə oturub göz yaşı tökərək ağlayırmış”.
Abbas Mirzə 20 il fasiləsiz Azərbaycanın Rus işğalından xilası üçün mücadilə etdi. Azərbaycanın parçalanması, onun yarısının itirilməsi, kafirlərin zülmü və boyunduruğu altına düşməsi Qacarlar səltənətinin Vəliəhdi üçün ağır zərbə oldu. Və o, bu hadisədən sonra çox da yaşaya bilmədi. Tarixi mənbələr onu da sübut edir ki, əslində Abbas Mirzə Qacarı aparan Fətəli şah Qacar, Ağa Məhəmməd şah Qacar kimi “Şimaldan əsən qara yellər” oldu. 1833-cü ildə 44 yaşında dünyaya vida nəğməsi oxudu. Güney Azərbaycan tarixçisi Nasir Nəcmi Avropa səyyahlarının “Səyahətnamə”lərinə istinad edərək yazırdı ki: “Vəliəhdin nişan almaqda, at çapmaqda tayı-bərabəri yox idi. O, at üstündə çapa-çapa göydə quşu vururdu, həm də ədalətli, ağıllı hakim Abbas Mirzə Cənubi Azərbaycanın tam müstəqil hökmdarı idi”.
Şərəf Cəlilli