Bakı şəhəri və Abşeron yarımadasında içməli suya olan tələbatın artması və mövcud mənbələrin gələcək inkişafı nəzərə alınmaqla uzunmüddətli planlaşdırma aparılır.
Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunmuş müşavirədə bildirib.
O qeyd edib ki, hazırda Abşeron yarımadasında gündəlik orta su istifadəsi təxminən 16 kubmetr/saniyə təşkil edir, layihə gücü isə 19,1 kubmetr/saniyədir. Onun sözlərinə görə, yay aylarında bu göstərici daha yüksək səviyyəyə qalxır və Bakı şəhəri ilə Abşeron yarımadası üzrə pik tələbat 20,8 kubmetr/saniyə təşkil edir.
Z.Mikayılov bildirib ki, inkişaf proqnozlarına əsasən, 2040-cı ildə orta su tələbatının 20,7 kubmetr/saniyə, pik dövrlərdə isə – xüsusilə yayın ən isti günlərində və bəzi istiqamətlərdə suyun gəlişində problemlər yarandığı hallarda – 26,9 kubmetr/saniyə səviyyəsində olacağı gözlənilir: “Hazırda icra üçün nəzərdə tutulan Dövlət Proqramı məhz 2040-cı ilə qədər olan dövrü əhatə edir. Proqram çərçivəsində yalnız şəbəkə və magistralların genişləndirilməsi deyil, eyni zamanda su mənbələrinin artırılması da nəzərdə tutulur. Bu layihələrdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır ki, həmin layihə illik 100 milyon kubmetrdən çox içməli su istehsal edəcək. Bu isə gündəlik 3,2 kubmetr/saniyə əlavə su deməkdir”.
Onun sözlərinə görə, paralel olaraq “Bakı–Şollar” xətti üzrə iki istiqamət, Kür çayı üzərində yerləşən sutəmizləyici qurğular, eləcə də Oğuz–Qəbələ su mənbəyi təkmilləşdirilərək əlavə suyun Bakıya gətirilməsi planlaşdırılır.
Z.Mikayılov vurğulayıb ki, bu tədbirlər nəticəsində pik tələbat səviyyəsinin artıq 2030-cu ildə təmin olunacağı gözlənilir, 2040-cı ilə qədər isə şəbəkə genişləndirilməsi hesabına bütün tələbat tam qarşılanacaq.
ADSEA sədri bildirib ki, görüləcək tədbirlər çərçivəsində dəniz suyundan gündəlik 3,2 kubmetr/saniyə, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin yenidən qurulması və klassik qurğunun tamamlanması hesabına əlavə 3 kubmetr/saniyə, mövcud su xətlərində daşıyıcı kəmərlərin və qurğuların istismarı nəticəsində isə daha 2 kubmetr/saniyə əlavə su əldə olunacaq: “Hazırda su itkilərinin yüksək olması mövcud ehtiyatlardan səmərəli istifadəyə mane olur. İtkilər 20 %-ə endirildikdən sonra bu, əlavə suya olan ehtiyacın əhəmiyyətli hissəsini qarşılayacaq. Proqramda mövcud xətlər üzrə qurğuların həcminin artırılması ilə yanaşı, görüləcək işlər hazırda verilən suyun da dayanıqlı şəkildə təmin olunmasına xidmət edəcək”.
O vurğulayıb ki, Şollar və Oğuz–Qəbələ artezian sularının təmiri yeraltı su ehtiyatlarına da təsir göstərir.
Bununla yanaşı, Kür çayının səviyyəsinin tənzimlənməsi istiqamətində tədbirlərin görüldüyünü bildirən Z. Mikayılov qeyd edib ki, “Mingəçevir” Su Anbarı artıq çoxillik tənzimləmə rejiminə keçirilib və Kür çayının səviyyəsinin sabit saxlanılması hesabına həmin mənbələrdən Bakıya suyun dayanıqlı şəkildə çatdırılması təmin ediləcək.