Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/24/2026

Paylaşın

Mədəniyyət

ABŞ-yə casusluqda ittiham olunan, Metropolu improvizasiyaları ilə heyrətləndirən caz ifaçısı

20260624_093652

Pərviz Rüstəmbəyov – Üzeyir bəyin, Tofiq Quliyevin kəşf etdiyi istedad

Bakıda 1922-ci ildə dünyaya gələn, fitri-istedadı, cazın, sazın, muğamın sintezində sənət əsərləri yaradan Azərbaycanın ilk caz ifaçısı Sovet İttifaqının qurbanı oldu. Pərviz Rüstəmbəyovun adı çəkiləndə ağıla gələn ilk ifadə məhz belə olur.

Klarnet ifaçısı kimi sənətə qədəm qoyan Pərviz Rüstəmbəyov Üzeyir bəyin ona hədiyyə etdiyi saksafon alətini ifa etdikdən sonra, bütün həyatını onun fırtınalardan süzülüb gələn dünyasına həsr etdi. Davamlı məşqlər, daha doğrusu onu ondan alan məşqlər bir gün bütünlüklə ifaçını bu sehrli alətə və cazın ecazkar aləminə bağladı.

ABŞ səfirliyinin əməkdaşları ifaya heyran qalaraq onu öz masalarına dəvət edirlər

Pərviz Rüstəmbəyovun caza olan istək və sevgisini görən bəstəkar Tofiq Quliyev onu öz ansamblına dəvət edir. Bir müddət sonra Moskvaya köçən Pərviz taleyini Tofiq Quliyevin ansamblı ilə bağlayır. 40-cı illərin sonunda Moskvanın məşhur “Metropol” restoranında Pərviz bir neçə caz imrpovizasiyası təqdim edir. Restoranda olan ABŞ səfirliyinin əməkdaşları ifaya heyran qalaraq onu öz masalarına dəvət edirlər. Pərviz Rüstəmbəyova ifalarını təkmilləşdirmək üçün Amerikaya köçməsini təklif edirlər. Təklif gənc ifaçıya maraqlı gəlir. Zaman itirmədən səhəri gün ABŞ səfirliyinə gedir. Söhbətin uğurlu keçməsinə, Amerikaya səfər zamanı ona xüsusi diqqət göstəriləcəyinə vəd etsələr də, bu Pərviz Rüstəmbəyovun əbədi sükutu ilə nəticələnir.

Məhkəmənin qərarı ilə 15 il azadlıqdan məhrum edilir

Səfirlikdən ayrıldıqdan sonra ifaçının qaldığı evə təhlükəsizlik xidmətinin, o zamanın dili ilə qeyd etsək KKB-nin əməkdaşları gəlir. Və onu sorğu-sual edirlər. Səfirlik əməkdaşları ilə söhbəti olduğu kimi danışsa da, Pərviz Rüstəmbəyova Moskvanı tərk etmək barədə göstəriş verilir. Məsləhət üçün Tofiq Quliyevin yanına gələn ifaçıya onun sənət taleyini həll etmək üçün əlindən gələn hər şeyi etməyə razı olan sənətkar da, vəziyyətin təhlükəli olduğunu nəzərə alıb, Moskvanı tərk etməsini, Bakıya qayıtmasını tövsiyyə edir.

Bakıya döndükdən sonra 1949-cu il mayın 20-də Azərbaycan SSR Daxili İşlər Nazirliyində çalışan polis-mayoru Ayriyan tərəfindən qərar alınır: “Pərviz Rüstəmbəyov Amerika maraqlarını irəli sürür və Sovet Hökumətinə qarşıdır.” İki gün sonra isə məhkəmənin qərarı ilə 15 il azadlıqdan məhrum edilir. Həmin il dekabrın 20-də gecə saat 4-ə 10 dəqiqə qalmış 877 nömrəli məhbus – Pərviz Rüstəmbəyov dünyasını dəyişir.

Arzuları yarımçıq qalan, üstünü şərin, böhtanın qara buludları alan Pərviz Rüstəmbəyovun anası Münəvvər xanım 10 il dayanmadan Moskvaya məktublar yazır. Nəhayət Stalin rejiminin bitməsi ilə o, istəyinə nail olur. Oğlunun heç bir xüsusi xidmət orqanı əməkdaşı, ən əsası Amerika ilə əlaqəsinin olmadığını sübut edir. Amma artıq gec idi. Olan olmuşdu. Sənət dünyası Pərviz Rüstəmbəyov kimi klarnet, saksafon və caz ifaçısını itirmişdi.

Bolşevik Rusiyasının qırmızı terroru bizdən nələri, kimləri almadı ki?

Pərviz Rüstəmbəyovun təməlini qoyduğu gözəl ifaların səsi isə sonralar çıxacaqdı. Muğamla cazın sintezində şah əsərlər yaradan Vaqif Mustafazadə onun yarımçıq arzularını gerçəyə çevirəcək, “Sevil” vokal ansamblını quracaq, dünya səhnəsini fəth edəcəkdi. “Qaya” vokal ansamblı isə əldə etdiyi nəaliyyətlərlə musiqi tariximizdə yeni səhifə açacaq, Əzizə Mustafazadənin zərif, incə barmaqlarından, qəlbindən qopan ritmlər Odlar Yurdu Azərbaycanın nəfəsini, hərarətini, qəlb çırpıntısını dünya səhnəsinə gətirəcəkdi. Bakıda Azərbaycanın ABŞ-dakı ilk səfiri, ADA universitetinin rektoru, professor Hafiz Paşayevin himayəsi ilə Caz Mərkəzi qurulacaq, Caz festivalları təşkil olunacaqdı. Hər şey olacaqdı, təkcə SSRİ “KQB”sinin və erməni polis-mayoru Ayriyanın qanına susayıb, 27 yaşında dünyaya vida nəğməsi oxumağa məcbur etdiyi Pərviz Rüstəmbəyov, bir də onun ruhunun ritmi olan caz improvizasiyaları, milizmaları olmayacaqdı. Şura hökuməti, bolşevik Rusiyasının qırmızı terroru bizdən nələri, kimləri almadı ki? Gerçəkdən də Azadlıqdan şirin nemət, İstiqlaldan gözəl sərvət yox imiş!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az-ın məlumatına görə, təbrikdə deyilir:

Ən son

Mədəniyyət

Pərviz Rüstəmbəyov – Üzeyir bəyin, Tofiq Quliyevin kəşf etdiyi istedad

Mədəniyyət

Pərviz Rüstəmbəyov – Üzeyir bəyin, Tofiq Quliyevin kəşf etdiyi istedad
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin