Nəşr edilmişdir 06/21/2025

Paylaşın

GÜNDƏM

Abbasqulu ağa Bakıxanovun doğum günüdür

Abbasqulu ağa Bakıxanovun, Abbasqulu ağa Bakıxanov

İyunun 21-i Azərbaycanın ilk tarixçisi, tarix elminin əsasını qoyan görkəmli şəxsiyyət Abbasqulu ağa Bakıxanovun anadan olduğu gündür.

Baki-baku.az xatırladır ki, Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakının Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib.

Atası xanlıq taxtı uğrunda mübarizədə öz əmisi oğlu Hüseynqulu xana uduzduqdan sonra məcburiyyət qarşısında qalaraq ailəsi ilə birlikdə Qubaya, vaxtilə yaxın qohumu olan Fətəli xanın bağışladığı Amsar kəndinə köçməli olub. 1819-cu ildə Abbasqulu ağa general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub.

Azərbaycanın elm tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.

Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb.

Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz, uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm”dir. Bu əsərlə o, eyni zamanda, Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən “Gülüstani-İrəm” faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparıb, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, rus alimlərinin əsərlərindən istifadə edib.

Əsərin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri verilir, qədim yunan, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumatlar yer alır. “Gülüstani-İrəm” əsəri özündə Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, islam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, “Gülüstan” adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edir.

Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.

Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün Azərbaycanın tanınmış bəstəkarı Cahangir Cahangirovun doğum günüdür.

Ən son

GÜNDƏM

SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqə inteqrasiya edilib.

GÜNDƏM

SİMA yeni nəsil rəqəmsal imza “e-Səhiyyə” veb-portalı və eyniadlı mobil tətbiqə inteqrasiya edilib.