Dördüncü yazı
İbrahimxəlil xan: Mən Rusiyanın himayəsini qəbul etməmişəm. Yalnız böyük dövlətin nümayəndəsinə hörmət və ehtiramımı bildirmişəm
Bu dəhşətli səhnədən qaşrdaşın qardaşa sıyırdığı qılıncın acısından, İbrahimxəlil xanın tarixi səhfdən sonra belə Qarabağı, Azərbaycanın siyasi taleyini düşünən Fətəli şah Qacar bir diplomat dövlət xadimi kimi siyasi mövqe nümayiş etdirir, əslində Qacarlar sülaləsinin, Qacarlar dövlətinin, müasir prizmadan yanaşsaq, Azərbaycanın, Qarabağın taleyi ilə bağlı müdrik qərar alır. Qarabağa, Şuşa qalasına, İbrahimxəlil xana məktub ünvanlamaqla kifayətlənmir, elçilər göndərir ki, bu da rəsmi arxiv sənədlərində öz əksini tapmışdır. Fətəli şah bu məğlubiyyətdən, daha doğrusu Qarabağ xanının Çar Rusiyasına aldanışı ilə tarixi səhvə yol verməsindən sonra Kərim xanı və Abdulla xanı İbrahimxəlil xanın yanına göndərdi. Onlara verdiyi məktubda yazırdı ki, rusları Şuşa qalasına buraxmasın. Xudafərin körpüsünün mühafizəsini onlara tapşırmasın. Tərnüküt və Əsgəran qalalarını İran qoşunlarına öz xərcləri ilə versin. Bundan əlavə Fətəli şah oğlu Abbas Mirzəni böyük qoşunla ona köməyə göndərdi ki, bütün qonşu xanlıqları alıb, öz torpağına qatsın və Qarabağdan qaçan oba və kənd camaatlarını yerlərinə qaytarıb, ölkəsini abadlaşdırsın. Daha bu kimi vədlərlə İbrahimxəlil xanı öz tərəfinə çəkmək istəyirdi. İbrahimxəlil xan isə elçilərə bildirdi ki, “Mən Rusiyanın himayəsini qəbul etməmişəm. Yalnız böyük dövlətin nümayəndəsinə hörmət və ehtiramımı bildirmişəm”.
İbrahimxəlil xan bu tarixi səhfinin, böyük qardaşına çevirdiyi kürəyin ağrısını yaşadı, bədəlini ödədi. Böyük dövlətin nümayəndəsinə olan hörmət və ehtiramı ona baha başa gəldi. Az sonra sarayını qılıncdan keçirib başını kəsdilər, düşmənə sığınıb qardaşından qoruduğu Qarabağı qan gölündə boğdular. Vərəsələrindən tək bir nəfər-Mehdiqulu xan qaldı ki, o da, Peterburqda hərbi təhsil alırdı. Çar Rusiyası İbrahimxəlil xanın ruhunu bundan sonra da incitdi. Oğlu Mehdiqulu xanın siyasi səhvləri üzündən Qarabağ xanlığı bütün gücünü itirdi. Nəvəsi Xurşudbanu Natəvan çar generalı Xasay xan Usmiyevlə nigaha məcbur edildi. Bu azmış kimi, Usmiyevlə məhkəmə çəkişmələrində son vərəsənin – Xurşudbanu Natəvanın malı-mülkü bazarlara sürüldü, xanimanı dağıldı. Xurşudbanu Natəvan Usmiyevdən boşanmamış, rəsmi dövlət nigahını ləğv etməmiş, Şuşalı rəiyyət Hüseynlə evləndi. Bu addım Saray qanunları ilə ziddiyət təşkil edirdi. Qarabağın nüfuzlu şəxsləri bunu qəbul etmədi. Xurşudbanu Natəvan gözəl şair, geniş qəlbli, dəyərlərin əyarı olan alicənab insan, gözəl rəssam, incə ruhlu qələm sahibi olsa da, siyasətdən uzaq idi. O, Usmiyevlə nigaha məcbur ediləndə Fətəli şah Qacarın nəvəsi, Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacar əlini ona uzatmış, eşqini elan etmişdi. Xanqızı min illər boyu türk saray mədəniyyətinin qanunlarının əksinə getmiş, zadəgan, əsilzadə, şah, xan vərəsələrinin genetik kodlarını dəyişmişdir. Bu tarixi səhv İbrahimxəlil xanın Çar Rusiyası ilə imzaladığı “Kürəkçay” müqaviləsindən daha dəhşətli idi. Çar cəlladları növbəti dəfə Qarabağ xanlığını Xasay xan Usmiyevin ayaqlarına atmış, səhvini, soyu-soykökü, şəcərə dəftəri qarşısında günaha girib Bəhmən Mirzə Qacara deyil, Hüseynə taleyini etibar edən Xurşudbanunun simasında sarayın əzəmətini, Qalanın, Şuşanın vüqarını şüşə kimi qırmışdı. Tarixin də, tarixi şəxsiyyətlərin də o qədər səhvləri, günahları var ki, oxuduqca, anladıqca kimliyindən asılı olmayaraq, əyilirsən, sınırsan, Simurq quşuna dönürsən. Küllərindən dirilib milli mənlik, milli kimlik uğrunda mücadiləyə könül verirsən.

Şuşa qapıları kimə açıldı?
Tarixi mənbələr sübut edir ki, İbrahimxəlil xanın Çar Rusiyasına olan “hömrət və ehtiramını” Fətəli şah Qacarı qəzəbləndirsə də, o, yenidən İbrahimxəlil xanın yanına elçilər göndərir. Elçilər Kərim xan, Abdulla xan və Rəhim xan idilər. Onların gətirdiyi məktubun məzmunu keçən dəfəkinin eyni idi. Şah vədini bir az artırıb, Quran və qəsəmlə möhkəmləndirmişdi. İbrahimxəlil xan elçiləri buraxmayıb qalada göz dustağı saxladı. Az sonra həmin adamları Sisyanova təslim etdi. Fətəli şah İbrahimxəlil xandan incidi. Fətəli şah Qarabağın rusların əlinə keçməsinə tablamayıb, oğlu Abbas Mirzəyə savaş əmrini verdi. Abbas Mirzə xeyli qoşunla 1806-cı ildə Qarabağa girib, savaşa başladı. Mehdiqulu xan rus generalı Nebolsinlə görüşüb, müdafiəni təşkil elədi. Abbas Mirzə ilk hücumda uğur qazansa da, getdikcə ağırlaşan döyüşdə geri çəkilməyə məcbur oldu”.
Milli dövlətçilik tariximiz üçün kədərli, eyni zamanda dəhşətli hadisə ilə bağlı tarixçi Əminə Pakrəvan qeyd edir: “Şah, baharın sonlarında təkrar Sultaniyəyə, Abbas Mirzə isə yenidən xüsusi tapşırıqla Qarabağa gəldi. Bu dəfəki səfərində digər yerlərini də görsün deyə yolunu Qarabağdan saldı. Xudafərin körpüsündən keçərək Qarabağa vardı. Abbas Mirzə hər şeydən öncə əski İrəvan xanı – Azərbaycan valisi kimi onu narahat edən bir xanla hesablaşmaq fikrindəydi”. Əminə Pakrəvan tarixi mənbələrə istinad edərək onu da qeyd edir ki “Ruslarla işbirliyində olan İbrahimxəlil Cavanşirin rəftarı onu rahatsız etməkdə idi. İbrahimxəlil xan əsgəri birlik toplayaraq kiçik bir ordu düzəltmiş və ruslardan da yardım istəmişdi. Amma ruslar ona tam dəstək verməmiş, sadəcə neçə yüz eyitilmiş, ancaq qazaq olmayan süvarilərlə onun istəyinə cavab vermişdi. Rusların eyitilmiş əsgəri birliklərinə qazaq deyirdilər. Ancaq rusların qazaqlardan başqa qazaqlar qədər tam eyitilməmiş birlikləri də var idi. İbrahimxəlil xan Cavanşirin oğlu bu birliklərin başını çəkirdi. O, Abbas Mirzənin yolunu Xudafərindən keçərkən kəsib və onunla hesablaşmaq istəyirdi. Abbas Mirzə Xudafərin körpüsündən keçər-keçməz savaş başladı. Ancaq Abbas Mirzə bu zəif ordunu dərhal məğlub edib, dağıtdı. Bu zəif birlik dağıldıqdan sonra Abbas Mirzə öz ordusunu iki sütun şəklində Şuşaya doğru yönləndirdi. Bu on il sürən savaş sürəsincə və sonralar da bütün savaş yolları Şuşadan keçir və bəzən də Gəncəyə yönəlirdi. Bu savaş da bir irəliləyiş olmadan davam edirdi. Yəni ormanlığın içində pusquya durub və uyğun zamanlarda qarşı tərəfə zərbə endirilirdi”.

İbrahimxəlil xan vəziyyətin ağırlığını dərk edəndə artıq iş-işdən keçmişdi
Əminə Pakrəvanın da qeyd etdiyi kimi Qarabağın başında on il top-tüfəng atıldı. İbrahimxəlil xanın tarixi səhvi üzündən inandığı, daha doğrusu sığındığı imperiya onun başının bəlasına çevrildi. Nə Fətəli şah Qacarı, nə də Azərbaycanın valisi Abbas Mirzə Qacarı eşitdi. Bu azmış kimi Ağa Məhəmməd şah Qacardan sonra girov kimi Qacarlar sarayına yolladığı övladlarını, Fətəli şah Qacarın dərin hörmət və ehtiramla sarayının baş köşəsində əyləşdirib bütün diplomatik danışıqlarda dövləti məsələlərdə, rəsmi müzakirələrdə əsas sima kimi dəyər verdiyi üç şahbanusundan biri kimi ömrünün sonunadək Sarayın İncisi hesab etdiyi Ağabəyim Ağa Ağabacını da, oğlu Əbülfət Ağanı da uzun müddət eşitmədi. İbrahimxəlil xan vəziyyətin ağırlığını dərk edəndə artıq iş işdən keçmişdi. Qacarlar dövləti ilə bağlı ciddi tədqiqatların müəllifi olan türk və fars tarixçiləri “İran tədqiqatçıları bu barədə yazırlar ki, İbrahimxəlil xanın oğlu Əbülfətdən və qızı Ağabəyim Cavanşirdən ona xəbər çatdı ki, o, Qacarlar dövləti ilə dostluğa cəlb olunsun. Nəhayət, İbrahimxəlil xan Abbas Mirzəyə məktub yazıb, öz bəxşişini tələb edib, Şuşanı işğal etmiş bir qrup rus əsgər və zabitini çıxarmaq üçün Qacarlar dövlətindən kömək istədi”.
Yuxarıda da qeyd etdiyimiz kimi 1806-cı ildə Fətəli şah İbrahimxəlil xanın oğlu, Muğru mahalının başçısı Əbülfət xanı beş min nəfərlik qoşunla Qarabağa göndərdi. Əbülfət xanın yeznəsi Fərəculla xan Sarıxanbəyli-Şahsevəni də ona yardımçı təyin etdi. Qacarların adlı-sanlı sərkərdələri, o cümlədən Qəzvinli sərdar Hüseynəli xan Qacar, Damğanlı İsmayıl xan, Xəmsəli (Zəncanlı) Əmənulla xan Avşar və başqaları Əbülfət xanın başçılığı altında idi. Onlar Qarabağa çatanda artıq ruslar İbrahimxəlil xanı öldürmüşdülər. Əbülfət xan Cavanşir məsələdən xəbərdar olub, öldürülmüş insanların parçalarını kəfən-dəfn etdikdən sonra buranın rəhbərliyini Mehdiqulu xanın (İbrahimxəlil xanın böyük oğlu) öhdəsinə qoyub, özü qalan başçılarla Naibüssəltənənin yanına tələsdi. O, şahzadəni (Abbas Mirzə Qacarı) ruslar tərəfindən törədilmiş bu faciəli əməldən xəbərdar etdi”.
Şərəf Cəlilli