Windows 11 əməliyyat sistemindən istifadə edənlər kompüterlərində heç bir yeni proqram quraşdırmadan belə yaddaşın azaldığını müşahidə edə bilərlər. Bunun səbəbi sistemin avtomatik işləyən bərpa funksiyası ola bilər. Mütəxəssislər bu funksiyanın parametrlərini dəyişməklə diskdə onlarla gigabayt yaddaşa qənaət etməyin mümkün olduğunu bildirirlər.
Baki-baku.az xəbər verir ki, bu barədə “Computer Hoy” nəşri məlumat yayıb. Məlumata görə, söhbət Windows-un Point-in-time Restore funksiyasından gedir. Bu funksiya əməliyyat sisteminin müəyyən vaxtlarda vəziyyətinin surətini yaradır. Kompüterdə ciddi nasazlıq və ya sistem xətası yarandıqda həmin surətlər vasitəsilə əvvəlki vəziyyətə qayıtmaq mümkün olur.
Lakin bu prosesin bir mənfi tərəfi də var: sistemin yaratdığı surətlər kompüterin daxili yaddaşında yer tutur. Nəşrin jurnalisti Pedro Venegasın sözlərinə görə, funksiyanın istifadə etdiyi yaddaşın həcmi 50 giqabayta qədər çata bilər.
Məlumata əsasən, Windows ilkin olaraq bərpa nöqtələri üçün disk tutumunun təxminən 2 faizini ayırır. İstifadəçi bu limiti artıra bildiyindən yaddaş sərfiyyatı da yüksələ bilər. Funksiya uyğun kompüterlərdə, sistem bölməsinin həcmi ən azı 200 giqabayt olduqda avtomatik aktivləşdirilə bilər.
Yaddaş sərfiyyatını necə azaltmaq olar?
Bu funksiyanın nə qədər yaddaş tutduğunu yoxlamaq və limitini dəyişmək üçün Windows 11-də aşağıdakı addımları yerinə yetirmək tövsiyə olunur:
“Parametrlər” (Settings) bölməsini açın.
“Sistem” (System) bölməsinə keçin.
“Bərpa” (Recovery) seçimini tapın.
“Müəyyən vaxta bərpa” (Point-in-time Restore) bölməsinə daxil olun.
Burada saxlanılan məlumatların nə qədər yaddaş tutduğunu yoxlayın və ayrılmış həcmi azaldın.
İstifadəçi həmçinin yeni bərpa surətlərinin yaradılmasını tamamilə söndürə bilər. Bu isə yaddaşın gələcəkdə əlavə dolmasının qarşısını almağa kömək edir.
Bununla belə, funksiyanı söndürmək mövcud bərpa məlumatlarının dərhal silinməsi demək deyil. “Microsoft”un rəsmi sənədlərinə əsasən, artıq yaradılmış bərpa nöqtələri saxlanma müddəti başa çatana və ya sistem yaddaşın boşaldılması zərurəti yaranana qədər diskdə qala bilər. Standart parametrlərdə yeni surət təxminən hər 24 saatdan bir yaradılır və 72 saata qədər saxlanılır.
Qeyd edək ki, bərpa funksiyasının söndürülməsi gələcəkdə sistemdə ciddi nasazlıq yarandıqda əvvəlki vəziyyətə qayıtmaq imkanını məhdudlaşdıra bilər. Buna görə yaddaşa qənaət etmək istəyən istifadəçilər üçün funksiyanı tamamilə deaktiv etməkdənsə, onun istifadə edə biləcəyi yaddaş həcmini azaltmaq daha ehtiyatlı seçimdir.