Selen mikroelementinin müntəzəm fiziki məşqlərlə birlikdə qəbulu damarların və sümük toxumasının vəziyyətinə müsbət təsir göstərə bilər. Bu qənaətə Taylandın Burapha Universitetinin tədqiqatçıları gəliblər.
Baki-baku.az xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Nutrition” elmi jurnalında dərc olunub.
Tədqiqatda 40 sağlam gənc iştirak edib. Onlar təsadüfi seçim əsasında iki qrupa bölünüblər. Hər iki qrup 12 həftə ərzində aerob və güc məşqləri ilə məşğul olub. Lakin qruplardan birinin iştirakçıları gündəlik olaraq əlavə 200 mikroqram selen də qəbul ediblər.
Araşdırmanın nəticələri göstərib ki, selen qəbul edən iştirakçılarda bir neçə ölçmə nöqtəsi üzrə arteriyaların sərtlik göstəriciləri yalnız idmanla məşğul olan qrupun üzvləri ilə müqayisədə daha aşağı olub. Bu nəticə mikroelementin damarların elastikliyinə müsbət təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.
Bundan başqa, selen qəbul edən qrupda topuq nahiyəsində sümük toxumasının mineral sıxlığı daha yüksək qeydə alınıb. Bununla belə, topuq-bazu indeksi və bilək nahiyəsində sümük sıxlığı da daxil olmaqla, bir sıra digər göstəricilərdə əhəmiyyətli fərq aşkarlanmayıb.
Tədqiqat müəllifləri əldə olunan nəticələrin hələlik qəti qənaət üçün kifayət etmədiyini vurğulayırlar. İştirakçıların sayının az olması və eksperimentin cəmi 12 həftə davam etməsi selenin sümük kütləsini artırdığını və ya damar xəstəliklərinin qarşısını aldığını təsdiqləməyə imkan vermir.
Beləliklə, araşdırma selen və fiziki aktivliyin birlikdə damar və sümük sağlamlığına mümkün təsirlərini ortaya qoysa da, bu nəticələrin daha geniş və uzunmüddətli tədqiqatlarla təsdiqlənməsinə ehtiyac var.
Qeyd edək ki, selen orqanizmin normal fəaliyyəti üçün vacib mikroelementdir. Lakin onun əlavə preparat şəklində qəbulu hər kəs üçün zəruri deyil. Gündəlik 200 mikroqram selen qəbulu da həkim məsləhəti olmadan tətbiq edilməməlidir. Həddindən artıq selen qəbulu sağlamlıq üçün zərərli ola bilər.