Bu gün başqa bir insanın saçından hazırlanmış bilərzik və ya sırğanı öz istəyi ilə taxan şəxsi təsəvvür etmək çətindir. Bir neçə əsr əvvəl isə belə zinət əşyaları dəbli aksesuar, sevgi, sədaqət və doğma insanların xatirəsinin rəmzi hesab olunurdu.
Baki-baku.az bu unudulmuş zərgərlik sənətinin tarixindən bəhs edir.
İnsan saçından zinət əşyalarının hazırlanması ənənəsi Avropada hələ XVII əsrdə mövcud olub, XIX əsrdə – Viktoriya dövründə isə xüsusi populyarlıq qazanıb. Saçdan bilərziklər, boyunbağılar, sırğalar, üzüklər, hətta cib saatları üçün zəncirlər hazırlanırdı. Bu əşyalar qızıl, gümüş, mirvari və qiymətli daşlarla bəzədilirdi.
Belə zinət əşyaları heç də həmişə matəmlə əlaqəli deyildi. Sevgililər sədaqət rəmzi olaraq bir-birlərinə saçlarından bir tutam bağışlayır, analar övladlarının saçlarını saxlayır, dostlar isə uzunmüddətli ayrılıqdan əvvəl bir-birlərinə xatirə olaraq belə bəzək əşyaları hədiyyə edirdilər.
Bu cür zinət əşyalarının böyük həvəskarlarından biri Böyük Britaniya kraliçası Viktoriya idi. Onun qeyri-adi zinət əşyalarından biri ürək formasında doqquz müxtəlif rəngli medalyonu olan qızıl bilərzik idi. Medalyonların hər birində kraliçanın doqquz övladından birinin saçından bir tutam saxlanılırdı.
İnsan saçından zinət əşyalarını hətta məşhur zərgərlik şirkətləri də istehsal edirdilər. Məsələn, “Tiffany & Co.” şirkətinin təxminən 1854-cü ildə insan saçı, qızıl, gümüş və brilyantlardan hazırladığı bilərzik günümüzədək qorunub saxlanılıb.
Dələduzluq hallarına da rast gəlinirdi. İnsanlar zərgərlərə yaxınlarının saçlarını göndərir, lakin bəzi vicdansız ustalar onları tanımadıqları şəxslərin saçları və hətta at tükü ilə əvəz edirdilər. Belə halların qarşısını almaq üçün qadınlar bu sənəti müstəqil şəkildə öyrənməyə başladılar. XIX əsrdə bu cür zinət əşyalarının hazırlanmasına dair xüsusi vəsaitlər də nəşr olunurdu.
İnsan saçından həmçinin tablolar, gül kompozisiyaları və ailəvi dekorativ çələnglər hazırlanırdı. Bir əşyada ailənin bir neçə nəslinin saçları bir araya gətirilərək özünəməxsus ailə arxivi yaradılırdı.
XX əsrin əvvəllərində bu qeyri-adi dəb tədricən unudulmağa başladı. İsveçin Vomhus kəndində insan saçından zinət əşyalarının hazırlanması ənənəsi günümüzədək qorunub saxlanılıb.
Bu gün belə əşyaları muzeylərdə görmək mümkündür. Müasir insana qəribə görünə bilən bu zinət əşyaları keçmişdə insanların əziz bildikləri şəxslərdən bir parçanı daim yanlarında saxlamaq üsullarından biri idi.
Hacı Cavadov