Əbu Əli İbn Sina: “Həkim şahin baxışına, qız əlinə, ilan müdrüklüyünə və aslan ürəyinə malik olmalıdır”
Belə deyirlər ki, günlərdən birində qoca loğman öz şagirdini yanına çağırıb, üstüörtülü şəkildə dediyi sözü şagirdinin anlayıb-anlamamasını sınamaq istəyir. Odur ki, deyir: ”Get mənə can al, gətir. Can olmasa, yarım can al gətir, o da olmasa zəhrimar al gətir!”.
Loğmanın dediyi can – ət, yarım can – yumurta, sonuncu isə dərman idi.
Qədim Şərqdə loğmanlar yalnız müalicə etmirdilər, onlar həm də ruhun bilicisi, hikmət xəzinəsinin sirrinə vaqif müdrik filosof idilər.
Təbabət elmi təkcə insanları sağaltmağa deyil, həm də cəmiyyətin ruhi-mənəvi bütövlüyünə xidmət edirdi. Buna görə də böyük loğman Əbu Əli İbn Sina deyirdi: “İnsanın ruhu qəndil, elm onun ziyası, Allahın verdiyi hikmət isə qəndilin yağı kimidir. Bu yanar və işıq saçarsa, o zaman sənə diri deyilər. ” Yəni insanın ruhu bir çıraqdır ki, onun işığı elmdir, Allahın verdiyi müdriklik isə çırağa tökülən yağa bənzəyir. Bu çıraq yandıqca, işıq saçdıqca elmə xidmət edən həqiqi alimin adı əbədi diri qalacaq, hər zaman rəhmətlə anılacaq.
O, bu dünyaya sadəcə yaşamaq üçün deyil, başqalarına nəfəs olmaq üçün gəlmişdi. Bütün həyatı boyunca varlığı bir ağacın sərin kölgəsi kimi ən qızmar istidən himayəsinə sığınanları qorudu, ümid verdi, həyata qaytardı. Sanki mələklər onu minlərlə körpənin taleyinə düşən o müqəddəs şəfqətin kölgəsi olaraq yerə endirmişdi.
1926-cı ilin sentyabrın 9-da Qarabağda Ağdamın Seyidlər kəndində dünyaya gələn Adilə Namazova ağlı kəsər-kəsməz həkim olmaq, həyat qurtarmaq haqqında düşüncələrə dalacaqdı. Qocalardan nə vaxtsa vəba epidemiyasının olduğunu eşitdikcə bu arzu qüvvətlənəcək və sonralar elə ilk iş yeri də Ağdamda olacaqdı. Zahirən çəlimsiz görünən qızın nəcib, yardımsevər, qayğıkeş təbiəti, dərslərdə əzmli, olduqca çalışqan xüsusiyyəti gələcəkdə işıqlı bir insan olacağından xəbər verirdi. Ata nəsihəti idi. . . “nə olursan ol, amma işinin əhli ol!”. . . Adilə xanım ömrü boyunca bu sözləri unutmayacaqdı. . .
Ağdam xəstəxanasında başlayan bu yol uzun bir dövr Azərbaycanın elmi və ictimai mühitində adından söz açdıracaq cəsarətli, hünərli bir qadının-Adilə Namazovanın taleyi olacaqdı.
Nizami Gəncəvi oğlu Məhəmmədə nəsihətində maraqlı bir məqama toxunur. O, tibbin elmlər elmi olduğunu dilə gətirərək yazır:
Elmlər elmidir demiş peyğəmbər
Din elmi, təbabət elmi müxtəsər.
Göbəkdəki ətri bu iki elmin
Fəqihlə təbibdir bunu bil yəqin.
Şərqdə məşhur olan tibb elmi dünya və bəşər tarixinə misilsiz töhfələr vermişdi. Adilə xanım bütün həyatını bu şərəfli peşəyə həsr edərək bir alim, pedaqoq və şəfalı əllərini gələcəyimiz olan uşaqlara uzadan əsl insan ömrü yaşadı.
O, elmə çox böyük qiymət verirdi və belə hesab edirdi ki. hər bir insan istedad sahibi ola bilər, amma münbit şərait olmasa o istedad üzə çıxmaz, tanınmçaz. Adilə xanım haqlı idi.
Onu tanıyanlar nə qədər ciddi, tələbkar bir insan olduğunu yaxşı bilirlər. Əslində ciddi, sərt tələbkarlığın arxasında qayğıkeş, mülayim bir insan vardı. O, insan ki, gənclərin enerjisinə, gücünə inanırdı. Rəhbərlik etdiyi kafedrada onlarla tələbənin ciddi bir elm adamı kimi yetişməsinə, inkişafına təkan verən Adilə xanım üçün hansı sahədə mütəxəssis olmağın fərqi yox idi, əsas odur ki, əsl alim, ziyalı simanı itirməyəsən.
Gələcək nəsillər öz sələflərini xatırlayanda şərəfli bir keçmişdən dərs almalıdır. Adilə xanım belə hesab edirdi ki, müəllim tələbənin idealı olmalıdır. Bu ideal heç vaxt nəzərdən düşməməli, zirvədə qalmağı bacarmalıdır.
1971-ci il nəinki onun , ölkəmizin həyatında tarixə düşdü. Məhz həmin ildə bütün Sovet İttifaqında Tibb Elmləri Akademiyasına üzv seçilən ilk azərbaycanlı qadın pediatr-kardioloq Adilə Namazova oldu. Bu, təkcə bir alimin deyil, Azərbaycan qadınının intellektinin zəfəri idi.
Adilə xanımın elmi fəaliyyətinin, xüsusilə tədqiqatlarının 20 illik bir dövrü Rusiya ilə bağlı olmuşdu. Moskva Mərkəzi Həkilmləri Təkmilləşdirmə İnstitutunda dünya şöhrətli akademik Speranskinin kafedrasında “Uşaqlarda revmotizm xəstəliyinin fəal mərhələsində ürək-damar sisteminin funksional vəziyyətinin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edən bu gənc xanımın dəmir məntiqi elmi rəhbərlərini heyran etmişdi. Sonralar SSRİ Səhiyyə naziri işləyən akademik Boris Vasilyeviç Petrovski onun tədqiqatlarını qiymətləndirərək yazmışdı:
“Namazova ilk dəfə olaraq uşaqlarda ürək qüsurlarının çox aktual və müasir məsələlərini həll edib”.
Adilə Namazova üçün elm kabinet divarları arasında qalan nəzəriyyə deyildi. Onun bütün tədqiqatları – uşaqlarda revmatizm, anadangəlmə ürək qüsurları və damar patologiyaları ilə bağlı kəşfləri – birbaşa palatadakı körpələrin həyatını xilas etməyə yönəlmişdi. O, Azərbaycanda müasir elmi pediatriya məktəbinin memarına çevrildi.
Adilə xanım yorulmaz, əsl elm fədaisi idi. Onun elmi axtarışları müasirləri üçün həmişə maraqlı olmuşdu. O, nəzəri biliklərini praktik surətdə gerçəkləşdirən, mənəvi və fiziki gücünü Azərbaycan səhiyyəsinə, tibb elmimizin inkişafına həsr edən bir alim idi. Akademik Mustafa Topçubaşov onun haqqında yazırdı:
“Adilə xanım cərrahi əməliyyat üçün dəqiq diaqnoz qoyulmasında və klinik-fizioloji müqayisələrdə böyük nəticələr əldə edib”.
Eynilə görkəmli rus pediatrı, akademik Dombrovskaya da uşaqlarda anadangəlmə ürək qüsurlarının müalicəsində Adilə xanımın cərrahlara göstərdiyi yolu əvəzsiz hesab edirdi.
Adilə xanım vətənpərvər, millətini sevən, xalqın içində olan, onun qayğıları ilə yaşayan bir insan, ictimai xadim idi.
1965-ci ildən Azərbaycan Tibb Universitetinin klinik pediatriya kafedrasına rəhbərlik edən Adilə Namazovanın onlarla mütəxəssisin, alimin yetişməsində əməyi vardır. Azərbaycan pediatriyasının banisi ünvanını daşıyan görkəmli akademikin uzun və şərəfli həyat yolu onun ardıcılları, yetirmələri üçün indi də bir nümunədir.
Azərbaycanda, Yaxın Şərqdə Pediatriya üzrə ilk qadın elmlər doktoru, professor, SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı… Bu adların, titulların hər biri uzun ömrün fəsilləridir.
80-ci illərin sonunda SSRİ Ali Sovetinin üzvü, Azərbaycan və Orta Asiya Qadınlar Komitəsinin sədri seçilən akademikin elmi fəaliyyəti artıq siyasi hadisələrin cərəyan etdiyi gərgin və qalmaqallı bir müstəvidə paralel irəliləyir. Adilə xanım yüksək tribunalardan Azərbaycanın haqq işini müdafiə edir. Özü də Tofiq İsmayılov, Arif Məlikov, Vəli Məmmədov kimi ziyalılarla çiyin-çiyinə. O, bu iradəsində aslan pəncəsi göstərərək, doğurdan da öz şəxsində “aslanın erkəyi, dişisi olmaz” atalar sözünün əsassız olmadığını sübut edir.
Müharibənin alovlandığı illərdə o, ən qaynar nöqtələrdə, köçkün çadırlarında idi. Çünki bilirdi ki, ağır sınaqlardan keçən xalqın gələcəyini qorumaq üçün ilk növbədə anaların gözündəki qorxunu silmək lazımdır. Dövlətin ən ali mükafatları –“Şöhrət” və “Şərəf” ordenləri onun sinəsini bəzəsə də, Adilə xanım üçün ən böyük mükafat uzaq bir kənddə şəfa tapmış körpənin baxışları idi.
55 il Azərbaycan Tibb Universitetində kafedra müdiri və professor kimi çalışan Adilə xanım 60-dan çox elmlər namizədi və doktoru yetişdirdi. 1965-ci ildən etibarən bu müqəddəs elm ocağında kafedra müdiri kimi çalışan alim üçün tələbələri də öz övladları qədər əziz idi. O, gələcəyin həkimlərinə xəstənin ürəyinə toxunmağı, tibbi bioetikanın ən ali dəyərlərini öyrədirdi. Bu gün onun elmi məktəbinin yetirmələri təkcə ölkəmizdə deyil, dünyanın dörd bir yanında balaca ürəklərə şəfa verir.
Ümummilli Lider Heydər Əliyev Adilə Namazovanı “Azərbaycanda elmi pediatriyanın banisi” adlandırır, onun dövlətçilik mövqeyinə xüsusi etimad göstərirdi. Məhz bu etimadla da blokada şəraitində yaşayan qədim Naxçıvanda gənc tibb kadrlarının yetişməsi Adilə xanıma həvalə olundu.
Təsadüfi deyildir ki, onu Naxçıvanda tibb fakültəsinin mənəvi anası adlandırırdılar. Bu doğrudan da belə idi. Naxçıvan Dövlət Universitetində tibbi-pediatriya fakültəsinin hamiliyini üzərinə götürən Adilə xanımın rəhbərliyi, mənəvi və elmi dəstəyi ilə inkişaf edən fakültə onun pedaqoji fəaliyyətinin səmərəli nəticələrindən biridir.
1965-ci ildən Azərbaycan Tibb Universitetinin klinik pediatriya kafedrasına rəhbərlik edən Adilə Namazovanın onlarla mütəxəssisin, alimin yetişməsində əməyi vardır. Azərbaycan pediatriyasının banisi ünvanını daşıyan görkəmli akademikin uzun və şərəfli həyat yolu onun ardıcılları, yetirmələri üçün indi də bir nümunədir.
Azərbaycanda, Yaxın Şərqdə Pediatriya üzrə ilk qadın elmlər doktoru, professor, SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı… Bu adların, titulların hər biri uzun ömrün fəsilləridir.
Lakin. bütün titulların, akademiyaların və ordenlərin fövqündə isə onun başqa bir adı vardı: sadəcə “Adilə ana”. Bir ömrə alim zəkasını, həkim fədakarlığını sığdıran — amma hər şeydən əvvəl böyük bir qadın, şəfqətli bir ana və sözü eşidilən müdrik bir Ağbirçəkdi o.
Bu gün onun adını daşıyan auditoriyalarda, doğma Azərbaycan Tibb Universitetinin divarları arasında yetişən hər bir gənc həkim and içərkən, əslində, Adilə Namazovanın əbədi şəfqət kölgəsi altına sığınır. Nə qədər ki, bu torpaqda körpə ürəkləri döyünür, nə qədər ki, ağ xalatlı gənclər onun kitablarından elm öyrənir – o müdrik ağbirçəyin şəfqət kölgəsi üzərimdə olacaq.
Təranə Quliyeva