Telefon zənginə cavab verən kimi ayağa qalxıb otaqda gəzişməyə başlayan insanlara yəqin ki, rast gəlmisiniz. Bəziləri hətta söhbət bitənədək eyni yerdə dəfələrlə irəli-geri addımlayırlar. Bəs bunun səbəbi nədir?
Baki-baku.az-ın araşdırmasına görə, psixoloqlar bu davranışı düşünmə prosesi, emosiyalar və ünsiyyət vərdişləri ilə əlaqələndirirlər.
Üzbəüz söhbət zamanı insan qarşısındakı şəxsin üz ifadəsini, əl hərəkətlərini və reaksiyalarını görür. Telefon danışığında isə bu imkan yoxdur. Belə vəziyyətdə hərəkət etmək bəzi insanlara fikirlərini toplamağa və özlərini daha rahat ifadə etməyə kömək edə bilər.
2014-cü ildə Stanford Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, yerimək zamanı insanların yaradıcı düşünmə göstəriciləri orta hesabla 60 faiz artır. Maraqlıdır ki, bu təsir qapalı məkanda yeriyərkən də müşahidə olunub.
Digər səbəb isə emosional gərginlikdir. Vacib və ya həyəcanlı telefon danışığı zamanı gəzişmək insanın özünü daha rahat hiss etməsinə kömək edə bilər. Bəziləri isə ətrafdakılardan uzaqlaşmaq və daha sərbəst danışmaq üçün qeyri-ixtiyari hərəkətə başlayırlar.
Telefonla danışarkən gəzişmək heç də həmişə əsəbilik əlaməti deyil. Bəzən bu, sadəcə düşünməyin, ünsiyyət qurmağın və özünü rahat hiss etməyin bir üsuludur.
Hacı Cavadov