Adın mənası
19-cu əsrin ikinci yarısında Bakıda formalaşan mühafizəçilər zümrəsinə qoçular deyirdilər.
Qoçu sözünün etimologiyasıyla bağlı iki fərziyyə mövcuddur. Bir variant bu sözün Qoç kəlməsindən yaranmasıdır. Həqiqətən də, keçmişdə bizim xalqın içində igid adamların adının əvvəlinə Qoç sözü əlavə olunardı. (məsələn, Qoç Koroğlu)
İkinci fərziyə isə Səfəvilər dövründə xüsusi qvardiyaçılara verilən Qorçu adıyla bağlıdır.
Yaranma səbəbləri
19-cu əsrin ikinci yarısında Bakıda neft bumu yaranandan sonra şəhərdə varlı adamların sayı sürətlə artmağa başlamışdı. Buna görə də Rusiya imperiyasının müxtəlif yerlərindən kriminal ünsürlər Bakıya axışırdı. Onlar Bakı varlılarının ya özlərini, ya uşaqlarını oğurlayır, böyük pullar tələb edirdilər. Jandarm idarəsi bu işlərə barmaqarası baxırdı. Buna görə də Bakı varlıları özlərinə xüsusi silahlı mühafizə dəstələri düzəltməyə məcbur olurdular. Şəhər içindən döyüşkən oğlanları yığar, onları yaxşı silahlandırardılar, silah istifadə etməkdə məşqlər keçərdilər. Qoçuların əksəriyyəti filmlərdə gördüyümüz Amerika kovboyları kimi çox mahir nişançılar olardı. Bakı milyonçularının hamısının mahir nişançı olan qoçulardan ibarət mühafizə dəstələri vardı.
Sonradan bu fenomen başqa sahələrə də yayıldı. Şəhərdə müstəqil fəaliyyət göstərən qoçu dəstələri və məhəllə qoçuları zümrəsi də formalaşdı.
Qoçuların fəaliyyəti
Sovet dövrünün ədəbiyyatında və kinosunda qoçuları yalnız mənfi personajlar kimi təqdim edirdilər. Lakin onların fəaliyyətinin müsbət tərəfləri də çox idi.
Adətən hər məhəllənin də öz qoçusu olardı. Bu qoçu məhəllənin ən hörmətli, nüfuzlu adamı olardı. Həm məhəllə içində, həm də məhəllələr arasında konfliktləri adətən qoçular həll edərdilər. Bir məhəllənin hansısa sakininə başqa yerdə şiddət və təzyiq olunsaydı, məhəllənin qoçusu bunu özünə təhqir kimi qəbul edərdi. Günahkarı cəzalandırardı. Hər qoçu öz məhəlləsindəki əmin-amanlıq və sakitlik üçün cavabdeh idi. Hansısa fəqir bir adamın haqqı tapdalanardısa, məhəllənin qoçusuna kömək üçün müraciət edərdi. Lakin qoçuların bu fəaliyyəti adətən təmənnasız olmazdı. Onlar məhəllədəki ticarət yerlərindən, sənətkar dükanlarından öz aylıq haqqlarını yığardılar.
Maraqlı əhvalatlar
Qoçularla bağlı maraqlı əhvalatlar çoxdur. Deyilənə görə, Bakıda məşhur qoçulardan birinin keçisi var imiş. Bu keçiyə toxunmağa da heç kimin cəsarəti çatmazmış. İstədiyi ərzaq dükana girib istədiyini yeyib çıxarmış.
Bir dəfə Qoçu özü bazarda olanda, keçi gəlib düz mərkəzi yolun ortasında uzanır. Heç kimin onu qovmağa cəsarəti çatmır. Konkalar (atlı tramvaylar), arabalar dayanır, yolda tıxac yaranır. Keçini yeməklə nə qədər şirnikləndirsələr də, tox olduğuna görə reaksiya vermir, yerindən durmur. Bazarın içinə düşüb qoçunu axtarırlar ki gəlib keçisini qaldırsın, yol açılsın. Tərslikdən qoçunu da heç yerdə tapa bilmirlər. Nəhayət, jandarm idarəsinə xəbər çatır, keçini yoldan qovmaq üçün atlı jandarm göndərirlər. Yalnız jandarmlar keçini qovub, yolu konka üçün aça bilirlər.
Məşhur “O olmasın, bu olsun” filmindəki keçiylə gəzən Qoçu Əsgər obrazı da reallıqdan götürülüb. Lakin sovet dövründə çəkildiyinə görə, qoçuların xarakteri çox təhrif olunur. Qoçu Əsgər əvvəlcə hörmətli, nüfuzlu bir qoçu kimi təqdim olunur, lakin düşməni ilə atışmağa başlayanda, ondan qaçır, başına çarşab bağlayır, qadın hamamına girir. Məlum məsələdir ki bu detallar filmin komedik təsirini artırmaq üçün idi. Amma reallıqda əgər bir qoçu digərinin qabağından bu cür acizliklə qaçmazdı, çünki belə olsaydı, onda daha heç vaxt adam arasına çıxa bilməzdi.
Kişi düşmənçiliyi
Qoçular arasında düşmənçiliklər çox olardı. Həm fərdi qaydada, həm də dəstələr arasında atışmalar olar, qan tökülərdi. Lakin buna rəğmən bu düşmənçiliyi aparan qoçular heç vaxt kişilik kodeksini pozmazdılar. Heç vaxt adam arasında konfliktə girməzdilər ki, başqalarına ziyan dəyməsin. Heç vaxt düşmənini arxadan vurmazdılar. Kənar düşmən olanda, düşmən olan qoçular da birləşərdilər.
Məsələn, ağsaqqallardan eşitmişdim ki, Yuxarı dağlı məhəlləsində iki məşhur qoçu varmış. Aralarında qan düşmənçiliyi yaranıbmış. Bir dəfə təsadüfən şəhər içindəki yeməkxanaların birində, rastlaşırlar, lakin adam çox olduğuna görə, konfliktə girmirlər, oturub sakitcə yeməklərini yeyirlər. Elə bu vaxt yeməkxanada olan gürcü lotuları ilə qoçulardan birinin mübahisəsi düşür. Lakin tək olduğuna görə qoçu onlarla çox sərt davrana bilmir. Kənardan bunu görən digər qoçu, ayağa qalxıb ona deyir ki, düşmənçilyimiz qalsın öz məhəlləmizə, burda mən sənin arxandayam, ver bunların cavabını….
Qoçuların bu cür davranışları şəhərin yeniyetmələri, gəncləri üçün də kişilik dərsi olardı, onlardan ibrət götürərdilər.
Müdafiə fəaliyyətləri
Qoçuların xalqın müdafiəsini təşkil eləməsi daha çox 1918-ci ilin mart qırğınında özünü göstərmişdi. Şəhərdə Azərbaycanlı silahlı dəstələr yox idi. Erməni-daşnaq silahlı qüvvələrinin Bakını qanına qəltan etməsinin qarşısını almaq məhz qoçuların boynuna düşmüşdü. Bakı qoçuları əllərində olan bütün silah ehtiyatını yerli sakinlərə paylamış, hər qoçu öz məhəlləsinin gənclərini müdafiəyə səfərbər eləmişdi.
Bakının o vaxt yeni tikilən aşağı küçələrində müxtəlif millətlərdən olan sakinlər yaşayırdı, lakin yuxarı məhəllələrdə yalnız azərbaycanlılar məskunlaşmışdı.
Silahlı erməni daşnakları də, sahilyanı kvartalları tez ələ keçirib, oradakı azərbaycanlıları qətlə yetirmişdilər. Lakin yuxarı məhəllələrə hücum edəndə kəskin müqavimətlə rastlaşmışdılar.
Uşaq olarkən, məhəlləmizdəki ağsaqqallardan eşitmişdim ki, bizim Qırxpilləkən ərazisində həmin vaxt möhkəm döyüşlər getmişdi. Qoçuların rəhbərliyi ilə silahlanmış yerli sakinlər erməni daşnaklarının yuxarı məhəllələrə qalxmağına imkan verməmişdi. Ermənilər bir neçə dəfə müxtəlif istiqamətlərdən hücuma keçsələr də, böyük itkilər verərək, geri çəkilmişdilər.
Bir çox tarixi sənədlərdə bu barədə geniş məlumat verilir. Qeyd olunur ki, əgər Bakı qoçuları olmasaydı, yerli sakinlər arasında qətlə yetirilənlərin sayı üç qat artıq olardı.
Qoçuların xalqı müdafiə fəaliyyətini gördüyünə görə, Sovet hökuməti qurulanda, bolşeviklər ilk olaraq, onları aradan götürmək üçün plan qurdular. 1920-ci il 20 may tarixində Bakı qoçularından ən məşhur və nüfuzluları həbs olunur. İnqilab tribunalı onları mühakimə edir. Bir müddət əvvəl öldürülmüş bolşevik Əli Bayramovun qətlində onları ittiham edirlər. Müttəhimlər bu hadisədən xəbərsiz olsalar da, 28 may tarixində onlara hökm oxunur. Azərbaycanın müstəqillik günü 19 nəfər məşhur Bakı qoçusu güllələnməyə məhkum edilir. Hökm bir gün sonra yerinə yetirilir.
Sonrakı bir il ərzində iki yüzə qədər Bakı qoçusu müxtəlif saxta ittihamlarla həbs edilib ÇEKA tərəfindən güllələnir. Beləliklə, Bakı tarixində xüsusi yeri olan Qoçuluq fenomeni də tarixə qovuşmuş olur.
(Məşhur Qoçular haqqında ayrıca bioqrafik oçerklər yazılacağına görə, bu yazıda konkret adlar çəkilməyib.)