Yuxusuzluq yalnız gün ərzində yorğunluq, diqqət dağınıqlığı və yaddaş zəifliyi ilə nəticələnmir. Kifayət qədər yatmamaq insanın ağrını hiss etmə həddinə də təsir göstərir. Belə ki, yuxu çatışmazlığı zamanı adi narahatlıq yaradan ağrılar belə daha kəskin və dözülməz hiss oluna bilər.
Mütəxəssislərin diqqət çəkdiyi bu məqam elmi araşdırmalarla da təsdiqlənir. Yuxu çatışmazlığı baş ağrılarının artmasına, əzələlərdə gərginliyin güclənməsinə, eləcə də bel ağrılarının daha qabarıq hiss edilməsinə səbəb ola bilər.
Bəs yuxusuzluq ağrı hissini niyə artırır?
Əslində, baş beyin yalnız bədəndən gələn ağrı siqnallarını qəbul etmir, həm də onların intensivliyini tənzimləyir. Sinir sistemində ağrı hissini zəiflədən xüsusi mexanizmlər mövcuddur. Lakin insan kifayət qədər yatmadıqda bu mexanizmlərin fəaliyyəti pozula, ağrıya dözümlülük həddi aşağı düşə bilər.
Nəticədə əvvəllər sadəcə yüngül narahatlıq yaradan bir təsir belə, yuxusuz insan üçün güclü ağrıya çevrilə bilər.
Araşdırmalar göstərir ki, hətta bir gecə yuxusuz qalmaq belə baş beyində ağrı siqnallarının emalına təsir göstərə bilər. Yuxu çatışmazlığı mütəmadi hal aldıqda isə ağrıya qarşı həssaslıq daha da arta bilər.
Sağlamlıq üçün neçə saat yatmaq lazımdır?
Yetkin insanların normal fizioloji fəaliyyəti üçün gündə 7-9 saat yatması tövsiyə olunur. Bununla yanaşı, yuxunun yalnız müddəti deyil, rejimi də mühüm əhəmiyyət daşıyır.
Hər gün təxminən eyni vaxtda yatmaq və oyanmaq, gecə istirahətini iş və digər gündəlik qayğılar naminə qısaltmamaq sağlam yuxunun əsas şərtlərindəndir.
Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu uzun müddət yatmaqla tam aradan qaldırmaq da mümkün deyil. Buna görə də yuxu rejiminin mütəmadi qorunması vacibdir.
Unutmaq olmaz ki, yuxu sadəcə yorğunluqdan xilas olmaq üçün ayrılan vaxt deyil. Bu, beynin və sinir sisteminin normal fəaliyyəti, orqanizmin bərpası və gündəlik həyat keyfiyyətinin qorunması üçün vacib prosesdir. Bəzən insanın səbəbini anlaya bilmədiyi ağrıların arxasında da məhz gecə istirahətinə kifayət qədər vaxt ayırmaması dayana bilər.