1952-ci ilin dekabrında London sakinləri adi bir qış səhərinə oyandıqlarını düşünürdülər. Şəhəri bürüyən qalın duman isə qısa müddətdə tarixə ən böyük ekoloji fəlakətlərdən biri kimi düşdü.
Baki-baku.az tarixin ən dəhşətli hadisələrindən birini yada salır.
Dekabrın 5-dən 9-dək davam edən hadisə tarixə “Böyük London dumanı” adı ilə daxil olub.
Həmin günlərdə hava kəskin soyuduğundan insanlar evlərini isitmək üçün daha çox kömür yandırırdılar. Zavodların və elektrik stansiyalarının tüstüsü də havaya qarışırdı. Küləksiz hava isə zəhərli qazların dağılmasına imkan vermirdi.
Nəticədə London qalın, sarımtıl dumanın içində qaldı. Görmə məsafəsi bəzi yerlərdə bir neçə metrə düşdü. Nəqliyyatın hərəkəti çətinləşdi, bir çox tədbir ləğv edildi. Zəhərli hava hətta binaların içərisinə dolurdu.
Ən dəhşətlisi isə insanların nəfəs ala bilməməsi idi. Xüsusilə uşaqlar, yaşlılar və ağciyər xəstəliklərindən əziyyət çəkənlər ağır vəziyyətə düşürdülər.
İlkin hesablamalara görə, fəlakət təxminən 4 min insanın ölümünə səbəb olmuşdu. Sonrakı araşdırmalarda isə qurbanların ümumi sayının 12 minə çatdığı təxmin edildi.
Bu faciədən sonra Britaniyada havanın çirklənməsinə qarşı mübarizə gücləndirildi və 1956-cı ildə “Təmiz hava haqqında” qanun qəbul olundu.