Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/20/2026

Paylaşın

Mədəniyyət

Bəhruz Vaqifoğlu: “Ən gözəl duyğular nə sözə, nə də hərəkətə sığır” – MÜSAHİBƏ

Sözün bitdiyi, hərəkətin və sükutun danışmağa başladığı yerdir teatr. Xüsusən də söhbət Azərbaycan Dövlət Pantomim Teatrından gedirsə, burada hər jest bir fəlsəfəyə, hər plastik hərəkət isə dərindən düşünülmüş duyğuya çevrilir. Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcı şöbə müdiri – quruluşçu rejissoru və aktyoru Əməkdar artist Bəhruz Vaqifoğlu ilə söhbətimiz sənətin sərhədləri, sözlə hərəkətin vəhdəti, rejissor və aktyor münasibətləri, eləcə də illərin həsrətindən sonra doğma yurda – Zəngilana qayıdışın o unudulmaz, sözə sığmayan anları üzərindən quruldu. Bu müsahibə təkcə bir sənətkarın yaradıcılıq axtarışları deyil, həm də illərin yaddaşına və teatr fəlsəfəsinə işıq salan səmimi etirafdır.

– Sizcə, insanın deməyə sözü çatmayanda, yoxsa sözlər hisslərini ifadə etməyə yetməyəndə pantomim başlayır?

– Çox maraqlı sualdır. Əslində, hər gün məşğul olduğumuz işlər bizi çox vaxt düşündürmür. Məsələn, əlimiz kəsilməsə, barmağımızın varlığı heç yadımıza düşmür; amma kəsildiyi gün bütün diqqətimiz orada qalır. Bu sual da məni indiyə qədər belə düşündürməmişdi. Amma indi fikir verəndə deyərdim ki, mənim üçün söz hərəkətə çevrilə bildiyi an pantomim başlayır.

Yəni pantomim mənim üçün əməldir, sözün əmələ keçdiyi zamandır. Bu da müxtəlif mimikalar, jestlər və tapılmış gerçək hərəkət topluları vasitəsilə baş verir. Təbii ki, pantomimin müxtəlif qolları və janrları var, amma bizim üçün əsas olan onun emosionallığı, teatrallığı, bədii təzahür forması və həqiqi hiss-həyəcanıdır. Tamaşaçı səhnəyə baxanda qarşısında sadəcə “ağrını oynayan” aktyoru görməməlidir, o ağrını özü hiss etməlidir. Hər duyğunun öz plastik tapıntısı var. Məsələn, ayrılıqların özü də fərqlidir: sevgilisindən ayrılanın, vətənindən uzaq düşənin, doğmasını itirənin ağrısı eyni deyil. Bir sözlə, pantomim sözün hərəkətə çevrildiyi anda doğulur.

– Bəs istənilən bir hissi – istər ağrını, istərsə də sevinci – sözlə ifadə etmək asandır, yoxsa mimika, jest və plastik hərəkətlərlə?

– Məsələn, mən opera tamaşalarına baxanda öz-özümə düşünürəm ki, görəsən, fikirləri, düşüncələri bu cür tamaşaçıya çatdırmaq necə baş verir? Çox maraqlı janrdır opera. Halbuki baletdə də məhdud sayda hərəkət elementləri var. Necə ki musiqidə cəmi yeddi not var, amma bəstəkarlar onlardan möhtəşəm əsərlər yaradır, yaxud rəssamlar bir neçə rəngi bir-birinə qatıb tablo ərsəyə gətirir – pantomim də belədir. Biz plastik hərəkətlə məşğul olduğumuzdan bu dil bizim üçün ən asan variantdır.

Düzdür, mən Akademik Milli Dram Teatrında, Bakı Bələdiyyə Teatrında, eləcə də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dövlət tədbirlərində sözlü tamaşalar və səhnələr üzərində işləmişəm. Amma bütün bunlara baxmayaraq, mənim üçün ən rahat və doğma yol hərəkətlərlə, mimikalarla, yəni pantomim dilində danışmaqdır. Çünki 2007–2008-ci illərdə Pantomima Teatrına qədəm qoyandan bəri Bəxtiyar Xanızadədən aldığımız dərslər bizi bu cür düşünməyə öyrəşdirib. Teatrımıza gələn hər bir aktyor bu məktəbi keçib. Biz nə ediriksə, artıq plastik düşünürük, yəni pantomim janrında fikirləşirik.

– Akademik Milli Dram Teatrında, Bakı Bələdiyyə Teatrında çalışmısınız. “Sözlü teatr”dan “sözsüz teatr”a keçid sizin üçün necə baş verdi? Nə vaxt düşündünüz ki, artıq sözsüz hərəkətə üstünlük verməlisiniz?

– Əslində, bizim üçün burada kəskin bir keçid yoxdur. Xarici festivallara gedəndə münsiflər heyəti və aktyorlar bizim tamaşaları görüb təəccüblənirlər. Çünki onlar Marsel Marso stilistikasına – ağ əlcək, ağ qrim və tam səssizliyə öyrəşiblər. Bəxtiyar Xanızadə isə pantomimə tamamilə fərqli istiqamət verib və bizə də bunu öyrədib. Biz Pantomima Teatrında təkcə hərəkətlərlə deyil, həm də sözlə işləyirik.

Ona görə də mən “Azdrama”da və ya Bələdiyyə Teatrında tamaşa hazırlayanda sözlə hərəkətin vəhdətini rahatlıqla yaradıram. Məsələn, hazırda Bakı Bələdiyyə Teatrında Şekspirin “Makbet” əsəri üzərində işləyirəm. Adətən bu tamaşa 3 saata yaxın davam edir, amma mən 110 səhifəlik mətni 40 səhifəyə endirib 1 saat 15 dəqiqəlik tamaşa qururam. Sadəcə informasiya verən, təkrarçılıq yaradan və əmələ çevrilə bilməyən bütün artıq sözləri kəsib atıram. Dövr dəyişib: indi nə uzun mətnlər oxunur, nə də uzun tamaşalar izlənir. 

– Klassik əsərləri bu cür ixtisar edib fərqli formada təqdim edəndə aktyorların və ya tamaşaçıların reaksiyası necə olur?

– Bəzən aktyorlar etiraz edirlər ki, “Şekspirdə belə deyil”. Mən isə deyirəm ki, Şekspiri olduğu kimi oxumaq istəyən kitabxanaya getsin. Teatra müəllifə yox, rejissor yozumuna baxmağa gəlirlər. Məsələn, mən Hüseyn Cavidin “İblis”ini pantomimə çevirəndə süjet xəttini olduğu kimi köçürmədim; Cavidin narahatlıqlarını Leonardo da Vinçinin tabloları ilə sintez edib yeni bir xoreoqrafiya və stilistika qurdum.

Düzdür, tamaşaçı auditoriyası da fərqlidir. “Azdrama”da “Ləng” tamaşasını 1 saat 20 dəqiqəlik etdik, amma oranın tamaşaçısı uzun və hər şeyi açıq izah edən tamaşalara öyrəşib. Pantomima Teatrının tamaşaçısı isə fərqlidir – o, açıq mesaj gözləmir, bədii ifadəni və üstüörtülü mənanı hiss etməyə gəlir. 

– Danışarkən aktyorun fikri dediyi sözdə olur. Bəs sözsüz oyunda aktyorun daxilində hansı proseslər, hansı “dialoqlar” gedir?

– İnsan adi həyatda da iş görəndə beynində daim daxili dialoq və ya monoloq gedir. Səhnədə də belədir. İvana Çabbakın “Aktyorun gücü” kitabında “beyin səsləri” deyilən bir anlayış var. Aktyor səhnədə oynayarkən beynində paralel fikirlər dolaşa bilər – səhnəarxasında baş verən nəsə, işığın gec yanması və ya zalda əyləşən tamaşaçının reaksiyası. Bu, canlı mexanizmdir və həmişə var.

Amma aktyoru səhnədə diri saxlayan tərəf-müqabilini replika gözləmədən, həqiqətən dinləməsidir – eynilə indi bizim müsahibədə bir-birimizi dinlədiyimiz kimi. Əgər aktyor səhnədə “nə edirəm, niyə edirəm və necə edirəm” suallarının cavabını bilirsə və tərəf-müqabilinə münasibəti doğrudursa, artıq söz də, hərəkət də, daxili dialoq da öz yerini tapır. Ən vacibi məhz o səmimi münasibətdir. 

Bir dəfə iki aktyorun kənarda mübahisə etdiyini gördüm. Biri digərinə deyirdi ki, “rejissor lazımsızdır, əsas sən özün nə istəyirsən, onu etməlisən”. Söhbətə qoşulub dedim ki, sizinlə həm razıyam, həm də yox. Rejissorun A-dan Z-yə qədər cızdığı bir xəritə, qırmızı xətlər var; o, aktyora hara, niyə və necə gedəcəyini göstərir. Bu baxımdan rejissor mütləqdir. Amma səhnədə tərəf-müqabillər arasında həqiqi münasibət varsa, onda həmin mizanlar təbii şəkildə özü yaranır. Münasibət doğru qurulanda aktyorun arxası zala dönük olsa belə, tamaşaçı onun nə yaşadığını hiss edir – necə deyərlər, aktyor “kürəyi ilə oynayır”.

– Aktyor obrazı yaşayır, rejissor isə bütöv bir dünyanın taleyini müəyyənləşdirir. Rejissor kürsüsünə keçəndə aktyor Bəhruz Vaqifoğlu ilə aranızda fikir ayrılığı yaranırmı?

– Mən Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm, amma Pantomima Teatrına aktyor kimi gəlmişəm. Sonralar Bəxtiyar Xanızadə teatrın daxilində pantomim rejissorları komandası yaratmaq istədi və mən də daxil olmaqla, Əməkdar artistlər Səbinə Hacıyeva və Nargilə Qəribova, həmçinin Ceyhun Dadaşov, Əflatun Abdullayev kimi aktyor yoldaşlarımız rejissor kimi də çalışmağa başladıq.

Əvvəllər bu iki peşəni paralel aparmaq mənə çox rahat idi. Amma bu gün rejissorluq məni daha çox özünə cəlb edir və hiss edirəm ki, aktyorluğuma müəyyən distansiya yaradır. Hətta aktyor kimi səhnədə oynadığım tamaşalarda belə içimdəki rejissor oyanır: kənardan özümə baxıb “bu mizan belə olmalıydı”, “temp düşdü, sürətləndirmək lazımdır” deyə düşünürəm. Bu da obrazın xarakterinə və istəyinə tam köklənməyimə mane olur.

– Tamaşanın uğurunu müəyyənləşdirən əsas amil nədir: güclü dramaturgiya, rejissor təxəyyülü, aktyor oyunu, yoxsa bunların arasında yaranan görünməz harmoniya?

– Son dönəmlərdə gördüyüm işlərə əsaslanıb deyə bilərəm ki, ən ümdə və vacib amil aktyordur. Çünki rejissorun ideyalarını səhnədə işıqlandıran odur. Əgər aktyor eqosuna qapılıb rejissora qulaq asmırsa, “mən özüm bildiyimi edərəm” deyirsə, nə qədər güclü əsər və quruluş olur-olsun, o tamaşa uğur qazanmayacaq. 

– Bu gün tamaşaçı bir neçə saniyə ərzində sosial şəbəkədə onlarla görüntü izləyir, sürətli informasiya axınında yaşayır. Belə bir zamanda onu bir saatlıq səssiz tamaşaya kökləmək nə dərəcədə çətindir?

– Biz tez-tez kənardan eşidir ki, “tamaşaçı yoxdur”, amma mən bu fikirlə razı deyiləm. Hər şənbə-bazar saat 19:00-da Bakının bütün teatrlarında – Pantomima Teatrı, Akademik Dram Teatrı, Rus Dram Teatrı, Musiqili Teatr, “Yuğ”, Kukla Teatrı, eləcə də Heydər Əliyev Sarayında eyni vaxtda tamaşalar və konsertlər başlayır. Hamısını toplasaq, həftəsonları paytaxtda 5-6 min insan mədəni tədbirlərə gedir. Pantomima Teatrının da öz sadiq auditoriyası var, hətta eyni tamaşaya dəfələrlə gələnlər olur. Ona görə də, məncə, bu gün teatr tamaşaçı sarıdan korluq çəkmir.

– Bu gün teatrda nə çatışmır?

– Yaradıcı baxımdan heç bir çətinliyimiz yoxdur. Qırmızı xətt çəkərək deyə bilərəm ki, Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları düşünən aktyorlardır, aktyor heyəti ilə bağlı heç bir sıxıntımız yoxdur. İnşallah, binamız təmir olunacaq, amma biz oturub gözləmirik, fəaliyyətimizi davam etdiririk.

Məni narahat edən ən böyük, yaralı yerimiz aktyorların aylıq məvacibləridir. Maaşların az olması aktyorların fikrini işə tam yönəltməsinə  imkan vermir. Aktyor məcburdur ki, seriala çəkilsin, müxtəlif şənliklərə qaçsın vəs. Oradan gəlir teatrda məşq edir, tamaşa oynayır, sonra yenə başqa işə qaçır. O qədər parçalanırlar ki… 

– Bəhruz Vaqifoğlu hansı hissini söz və ya hərəkətlə ifadə etməyə çətinlik çəkib?

– Ən gözəl duyğular elə o hissələrdir ki, onlara nə söz tapılır, nə də hərəkət. Onlar səhnəyə və ya sözə sığmayan anlardır. Məsələn, mən özüm 30 il evim-eşiyimdən, yurdumdan – Zəngilandan uzaq düşmüş insanam…

İllər sonra Arazın qırağına gəlib dayandım. Orada kimə nə deyə bilərdim? Sadəcə dayandım, gözümdən yaş süzüldü, külək o yaşı aparıb Arazın suyuna qarışdırdı. Sonra doğma evimizin yanına gəldim. Qardaşım telefonu çəkə-çəkə həyəcanla deyirdi ki, “Əmi, bax, bu sizin evinizdir, ağacınızdır…”. Mən isə sadəcə dayandım, gözlərimi yumdum; küləyin səsini, doğma torpağın qoxusunu, havanın rəngini hiss edirdim. Qardaşıma bir kəlmə dedim: “Qurban olum, bir az sakit dayan. Dayan, bir hiss et. 30 il yoxuq biz burada. Qoy görək bu yerlər bizi salamlayırmı?” Orada heç bir sözə ehtiyac yox idi. Köçkün düşəndə mən o ayrılığın, qaçqınlığın ağrısını ilk dəfə məhz orada – Arazın qırağından keçərkən görmüşdüm. Evimizin qarşısında isə uşaqlığım, gülüşlərim, xatirələrim vardı; orada başqa cür bir sükut yaşanırdı. Ən dərin duyğular məhz bu cür – sözə və hərəkətə sığmır. Sənət də, teatr da məhz o sözün bitdiyi, hissin başladığı yerdən ibarətdir.

Söhbətləşdi: Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Səhər yeməyi uzun illərdir günün ən vacib qida qəbulu hesab olunur.

Ən son

HƏR ŞEYDƏN

Kinoteatrlarda Hollivudun məşhur “Rokki” filminin yaranma tarixindən bəhs edən “Rokki – mənəm” (I Play Rocky)

HƏR ŞEYDƏN

Kinoteatrlarda Hollivudun məşhur “Rokki” filminin yaranma tarixindən bəhs edən “Rokki – mənəm” (I Play Rocky)
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin