“Santa-Barbara” və “Dostlar” serialında rol alan amerikalı aktyor Larri Poindexter yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. 66 yaşlı aktyorun ölümü Hollivud ictimaiyyətində kədər doğurub.
Baki-baku.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 16-da Los-Ancelesin Studio City rayonunda baş verib.
Məlumata görə, aktyor evindən yemək almaq üçün çıxıb. Yolu keçərkən onu avtomobil vurub. Ağır xəsarətlər alan Poindexter xəstəxanaya yerləşdirilib və dörd gün həkimlərin nəzarəti altında qalıb.
Qabırğalarının sınması səbəbindən əməliyyat olunması planlaşdırılan aktyor cərrahi müdaxiləyə az qalmış dünyasını dəyişib.
Larri Poindexter təxminən 40 illik aktyorluq karyerası ərzində yüzlərlə film və televiziya layihəsində rol alıb. O, “Dostlar” və “Santa Barbara” serialları ilə yanaşı, “Ananla necə tanış oldum”, “Fövqəltəbii”, “Papa yenə 17 yaşında” və “Doroti Dandric ilə tanış olun” kimi ekran əsərlərində də çəkilib.
Aktyorun yaratdığı obrazlar müxtəlif nəsillərin tamaşaçılarına tanışdır. Onun qəfil vəfatı uzun illər televiziya və kino sahəsində fəaliyyət göstərmiş sənətkarın yaradıcılıq yoluna faciəli son qoyub.