Hollivudun tanınmış rejissoru Kristofer Nolan süni intellektin kino sənayesində tətbiqinə münasibət bildirib. O, yeni texnologiyanın yaradıcı prosesin incəliklərini və bədii sənətkarlığın mahiyyətini tam anlamayan insanlar tərəfindən inkişaf etdirildiyini vurğulayıb.
Baki-baku.az xarici KİV-ə istinadən xəbər verir ki, Nolan bu barədə həmkarı, meksikalı rejissor Gilermo del Toro ilə söhbəti zamanı danışıb.
“Odisseya” və “Ulduzlararası” filmlərinin rejissoru hesab edir ki, süni intellektin sürətlə geniş yayıldığı, sintetik yaradıcılığın ön plana çıxdığı bir dövrdə sənətkarlığın dəyərini qorumaq xüsusilə vacibdir.
Nolan post-prodakşn mütəxəssislərindən və animasiya rəssamlarından iş prosesində yalnız məntiqə deyil, həm də zövqə, estetik duyuma əsaslanmağı tələb etdiyini bildirib.
“Süni intellektin genişləndiyi, sintetik yaradıcılığın artdığı bir dövrdə bədii sənətkarlığa haqqını vermək vacibdir. Mən post-prodakşn mütəxəssislərindən və animasiya rəssamlarından məntiqə deyil, zövqə əsaslanmağı tələb edirəm”, – deyə rejissor vurğulayıb.
Gilermo del Toro isə süni intellektin təsirlərini kino sahəsində ən çox vizual effektlər üzrə çalışan mütəxəssislərin hiss etdiyini qeyd edib. Onun fikrincə, məhz bu sahə yeni texnologiyanın nəzarətsiz yayılmasından qorunmalıdır.
Rejissor süni intellektin yaradılmasında əsas məqsədin yaradıcılıq deyil, vaxt və maliyyəyə qənaət olduğunu düşünür. Nolan da bu fikirlə razılaşaraq, texnologiyanı inkişaf etdirənlərin yaradıcı prosesin incəliklərini anlamadıqlarını bildirib.
Qeyd edək ki, süni intellektin kino sənayesində istifadəsi son dövrlər Hollivudda geniş müzakirə olunan məsələlərdəndir. Daha əvvəl “Univer” serialındakı rolu ilə tanınan aktyor Aleksandr Martınov da süni intellektin kinoda tətbiqini tənqid etmişdi.