Təsəvvür edin, Roma papasının məzarı açılır, cəsədi qəbirdən çıxarılaraq xüsusi geyimdə məhkəmə zalına gətirilir. Onu taxtda əyləşdirir, qarşısında ittihamlar səsləndirir, hətta müdafiəsi üçün bir keşiş də təyin edirlər. Ən qəribəsi isə budur ki, mühakimə olunan şəxs artıq doqquz aya yaxındır həyatda yoxdur.
İnanılmaz görünsə də, bu hadisə 897-ci ildə Romada həqiqətən baş verib.
Baki-baku.az xəbər verir ki, tarixə “Cəsəd sinodu” adı ilə düşən bu məhkəmə prosesinin əsas iştirakçısı Papa Formoz olub. Onun ölümündən sonra hakimiyyətə gələn VI Stefan keçmiş papanın məzarının açılmasını və cəsədinin kilsə məhkəməsi qarşısına çıxarılmasını əmr edib.
Bəs Roma papasını ölümündən sonra da rahat buraxmayan nə idi? Onu hansı günahlarda ittiham edirdilər?
Baş verən bu hadisə dini qaydalardan daha çox siyasi mübarizə ilə bağlı idi. Formoz sağlığında müəyyən hökmdarları dəstəkləmiş, bununla da özünə güclü düşmənlər qazanmışdı. Onun ölümündən sonra hakimiyyətə gələn rəqibləri isə papanın verdiyi qərarları ləğv etdirmək istəyirdilər.
Məhkəmənin nəticəsi əvvəlcədən bəlli idi. Formoz günahkar elan edildi, papa olduğu dövrdə verdiyi qərarlar etibarsız sayıldı. Cəsədinin üzərindən dini geyimlər çıxarıldı, xeyir-dua vermək üçün istifadə etdiyi sağ əlinin üç barmağı kəsildi. Daha sonra cəsədi Tibr çayına atıldı.
Hadisə isə bununla bitmədi. Məhkəməni təşkil edən VI Stefan bir neçə ay sonra hakimiyyətdən uzaqlaşdırıldı və həbsxanada boğularaq öldürüldü. Formozun cəsədi isə sonradan tapılaraq yenidən hörmətlə dəfn edildi. Ona qarşı çıxarılan hökm də ləğv olundu.
Tarixdə bu hadisə “Cəsəd sinodu” adı ilə tanınır. Təxminən 1130 il əvvəl baş verən bu məhkəmə bir həqiqəti göstərir: Orta əsrlərdə siyasi rəqabət bəzən o həddə çatırdı ki, insanlar hətta ölüləri də rahat buraxmırdılar.
Hacı Cavadov