Əmir Teymur: “Bu qalanı bir türk yapa bilərdi, yapıb da! Bu, qala deyil, Türkün özüdür!”
Ön hissədən – aşağıdan baxdıqda sadəcə sərt, sıldırım qayanı xatırladan, zirvəsinə varmaq üçün nə az, nə çox düz iki min pilləkən qalxmaq, nəfəs dərmək məcburiyyətində qaldığımız Əlincə qalası tarixin daş yaddaşı, salnaməsi, Atabəylər dövlətinin qüdrətinin, əzəmətinin simgəsidir. Əlincə qalasına qalxmaq cəsarət tələb edir. Onun zirvəsindən Naxçıvan yaylasına, Şərur düzünə boylanmaq isə insanda “Bura Vətəndir!” nidası ilə qürur hissi doğurur.
Bu əzəmətli, ehtişamlı qalanın dünyanın məşhur alimləri, səyyahları, sərkərdə-xaqanları Odlar Yurdu Azərbaycanın Maçi-Puqusu, Çin səddi adlandırmaqdan belə çəkinməyiblər. Sərt-sıldırım qayaların zirvəsində, susuzluğun hökm sürdüyü bir məkanda tarixin ilk su quyularının belə təməlini qoyan ulularımız qayaları qarış-qarış Vətən etməyin əzəmətini hələ minillər öncə yaşamışlar. Qar və yağış sularını yeddi quyuda cəm edən düşüncəli insanlar onu əbədi həyatın mənbəyinə çevirmişlər. Qayaların təpəsinə – zirvəsinə ərzaqları gizli keçidlərlə daşıyan əcdadlarımız yemək üçün yaşadıqlarını deyil, yaşamaq üçün yediklərini yüzillər öncə sübuta yetirmişlər ki, 1336-cı ildən 1405-ci ilə qədər dünya fatehi Əmir Teymurun qoşunları belə onun qarşısında lal sükuta dalmaq məcburiyyətində qalmışlar. On üç illik intizardan, qalanın himayədarı qismində çıxış edən gürcü knyazını yendikdən sonra Əlincə qalasına varan Əmir Teymur onun ehtişamlı mənzərəsindən Yer üzünü seyr etdikcə heyrətini gizləməyərək deyib: “Bu qalanı bir türk yapa bilərdi, yapıb da! Bu, qala deyil, Türkün özüdür!”

Əlincə qalası Naxçıvanın vizit kartlarından biridir
Yaponiyada tapınakları dağların ən hündür nöqtələrində, zirvəsində yapanlar oraya qalxarkən ruhun təmizləndiyinə, cismin arındığına inanırdılar. Yamaderanı, Rushakunu mənəvi saflıq ünvanı hesab edən yaponlara rəğmən Əmir Teymur Əlincə qalasını “Qılıncın qüdrəti, iradənin gücü!” adlandırmaqdan belə çəkinməmişdir.
Ağlın və iradənin, gücün və qüdrətin, cəsarətin və ləyaqətin, əbədi sevginin və əyilməzliyin ünvanı olan Əlincə qalası bu gün də Turanın – Türk dünyasının ortaq dəyərlərindən, Şərqin və Türkün qapısı olan Naxçıvanın vizit kartlarından biridir.
1383-cü ildə Culfanın şimalında susuzluqdan çökmək üzrə olan insanların son ümidi olan Əlincə qalası Əmir Teymurun ordusu ilə üz-üzə qalsa da dözmək məcburiyyətində idi. Artıq illərdir mühasirədə qalan, anbarları boşalan insanların, qala müdafiəçilərinin ağlına gəlməzdi ki, bir anın içərisində yağış yağacaq, anbarlar su ilə dolacaq, dünya fatehinin ordusu onu bu dəfə də fəth edə bilməyəcək. O zaman Əmir Teymurun ordusunun başında sərkərdə Məhəmməd Mirakə dururdu. O, bir neçə dəfə hücum etsə də, Əlincəni ala bilməmişdi. Daha sonra isə onu geriyə çağırmışdılar. Qaraqoyunlu hökmdarı Qara Məhəmməd başqa bir cəbhədən Teymurlulara qarşı hücuma keçmişdi. Bu səbəbdən də Əlincə qalası növbəti dəfə xilas olmuşdu.

Əlincə qalası Cəlairilər üçün Azərbaycandakı ən son dayaqlardan birinə çevrilir
Əldə olunan məlumatlara istinad edərək deyə bilərik ki, Xanagah kəndinin qərbində Əlincə çayının sağ tərəfində, dağın başında yerləşən Əlincə qalasının divarları bir sıra deyil, ətəkdən zirvəyə qədər bir neçə sıradan ibarətdir. Hücum edən istənilən qüvvə hər sıranı ayaqla fəth etməlidir. Zirvədəki su anbarı günəş döyməyən yerlərdə qazılmışdı ki, yağış və qar suyunu uzun müddət saxlaya bilsin. Bu, su quyuları və qüllələr Atabəylərin zamanında tikilmişdi. Qalanı Calairilər fəth etdiyindən Sultan Əhməd Cəlairinin adamları burada hökmdarlıq edirdilər. Onlar Əmir Teymurun ən qatı düşmənlərindən idilər. 1393-cü ildə Bağdadda Əmir Teymura məğlub olan Cəlairilər öncə Qahirəyə keçmiş, sonra Əlincə qalası onların Azərbaycandakı ən son dayaqlardan birinə çevrilmişdi.
Əldə olunan məlumatlar onu da sübut edir ki, 1391–1395-ci illərdə Toxtamışla savaşan Əmir Teymur 1393-cü ildə Bağdadı tutur, 1398-ci ildə isə Hindistanı fəth edir. Bu səbəbdən də Əlincə qalasını onun sərkərdələri mühasirədə saxlayırdılar. 1394-cü ildə Əmir Teymur Məhəmməd Dərvişini Muştan əlavə qüvvələrlə Əlincə qalasına göndərir. Elə həmin il Qaraqoyunlu hökmdarı Qara Yusif hücuma keçir. Məhəmməd Dərvişinin qoşunu Təbrizə geri çəkilmək məcburiyyətində qalır.

Naxçıvanda xalq arasında Miranşaha ilanlar şahı – Maranşah deyə ləqəb verilir
Sultan Əhmədin oğlu Sultan Tahir fürsətdən istifadə edib 1394-cü ildə Əlincədə yerləşir. Qalanın müdafiəsini möhkəmləndirir və buranı Cəlairlərin mübarizə köşkünə çevrilir. 1396-cı ildə Əmir Teymur Azərbaycanın idarəsini Miranşaha həvalə edir. Əlincənin mühafizəsinin möhkəmlənməsini də ona tapşırır.
Əzazilliyi, qaniçənliyi ilə tanınan Miranşaha münasibət Naxçıvanda o qədər kəsin şəkil alır ki, xalq arasında ona Miranşah deyil, Maranşah – ilanlar şahı deyə ləqəb verilir.
Təbrizdə qədim qalaları dağıdan, yerli əhalini incidən, eyş-işrət, qumar və içki məclisləri ilə ad çıxaran Miranşahın mənəvi ölümü də Əlincə qalasının – Naxçıvanın adı ilə bağlı olur. Hürufilərin mürşidi-kamili Nəiminin tikə-parça edilməsi ilə bütün Azərbaycanı üstünə qaldıran Miranşah 1398-ci ildə qalanın ətrafında divarın çəkilməsi haqqında qərar alır. Düşünür ki, bununla Əlincə tərəfə keçən qüvvəllərin qarşısını almaq mümkün olar. 1399-cu ildə Əlincənin müdafiəsinə gürcülər gəlir. Gürcü çarı VII Georgi gürcülərdən və Şəkidəki qüvvələrdən istifadə edərək Əlincə qalasına doğru hərəkətə keçir. Gürcü knyazlığı 1396-cı ildə Əmir Teymurun hücumuna məruz qaldıqdan, Tiflis Teymurlular tərəfindən tutulduqdan sonra gürcü çarı Miranşahın mühasirəsini yarıb sərkərdə Seyfəddini Təbrizə qaçmağa məcbur edir. Qalanı fəth edən VII Georgi Sultan Tahiri və bir neçə əsiri qaladan çıxarmağa nail olur. Qalada sərkərdə Əhməd Oğulcay və üç gürcü knyazı qalır. Gürcülər geri çəkilən zaman Miranşahın oğlu Əbübəkr onlara yetişir. Qala ətrafında ağır döyüş baş verir. Məğlub olan Əbubəkr Təbrizə geri çəkilmək məcburiyyətində qalır.

Qalanı fəth edə bilməyən Miranşah atasının qarşısına əlində ip çıxır
Həmin il Əmir Teymur Hindistanın fəthindən sonra Azərbaycana geri dönür. Əlincə qalasındakı vəziyyətlə maraqlanır. Qalanı fəth edə bilməyən Miranşah atasının qarşısına əlində ip çıxır. Bu zaman fətih dastanları ilə dünyaya meydan oxuyan Əmir Teymurun qəzəbi şaxə qalxır. Fərsiz oğlunun edamından əl saxlasa da, onu vəzifədən alır, Azərbaycanın səlahiyyətli nümayəndəsi statusunun ləğv edir.
Əlincənin on üç illik mühasirəsini sərkərdə-xaqan şərəfinə sığışdırmayan Əmir Teymur hücum taktikasını dəyişərək, onun müdafiəsinə gələnlərin üzərinə yeriyir. Öncə Gürcüstana hücum edir. Cənubi Gürcüstanı – Azərbaycanın tarixi torpaqları, indi Qərbi Azərbaycan adlanan yurd yerlərini fəth edir. Burada mövcud olan orduları və ordu birləşmələrini yenib, ordusuna birləşdirir. Şəhərləri, kəndləri oda qalayır, əhali köçürülür, sağ qalanlardan təxminən 59.900 nəfər Türküstana aparılır. Ərazidəki sənətkarlar əsirlərin sırasından seçilərək Səmərqənd, Xarəzm, Buxara, Xivə kimi şəhərlərin mədəniyyət mərkəzlərinin tikintisinə cəlb olunurlar. Bundan sonra Əlincənin müdafiəsinə yetişəcək qüvvə qalmır. Beləliklə, 1398-ci ildə Miranşahın çəkdiyi divar hələ yerində qalsa da, qalanın xilası üçün köməyə gələn heç bir qüvvə qalmır. 1401-ci ilə qədər müqaviməti qırılmayan Əlincə qalası aclıqdan və susuzluqdan təslim bayrağını qaldırır.

Türkün bütün düşmənlərinin qulağına sırğa olacaq tarixi kəlamını bir daha işlətdi
Teymurluların on üç il savaşla təslim edə bilmədiyi qala Dünya Fatehinin qüdrətli taktikası, düşmənin dostunun üstünə yerimək siyasəti ilə yenildi. Həmin il Əmir Teymur Bağdadı ikinci dəfə fəth etdi. Həmin il o, həm də ikinci dəfə “Şahnamə”nin müəllifinin – Firdovsinin məzarının önünə gəlib, çənəsini qılıncının tiyəsinə söykəyib Türkün bütün düşmənlərinin qulağına sırğa olacaq tarixi kəlamını bir daha işlətdi: “Qalx, qalx, qalx! Ömrü boyu əsərlərində aşağıladığın millətin qüdrətini gör!”
Dünya Əmir Teymurun bu nidasını 600 il sonra Şuşa qalasında, Cıdır düzündə, Xudafərin körpüsündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin simasında “Qarabağ Azərbaycandır!”, “Kimsənin bir qarış torpağında gözümüz yoxdur, kimsəyə də bir qarış torpaq vermərik! Əgər kimsə revanşist addım atmaq istəyirsə, Biz buradayıq! Dəmir Yumruq da yerində!” nidasında yenidən yaşadı!
Şərəf Cəlilli