Milli-mənəvi dəyərlər tariximizdə mühüm yeri olan Osmanlının, Türkiyə Cümhuriyyətinin dünya mirası olan inciləri çoxdur. Onların sırasında Tınaztəpə mağarasının və Darengenin “Aslan taşları”nın ayrıca yeri var. Min illərin daş yaddaşı, saxlanc yeri olan bu müqəddəsliklərin seyrinə çıxmaq üçün dünyanın o başından belə hər gün onlarla turist, elm və bilim adamları, səyyahlar gəlməkdədir.

Tınaztəpə mağarası – Konyanın zülmətdəki möcüzəsi
Ehtişamlı təbiəti, min illərin yaddaş saxlancı olan mağaraları, qalaları ilə dünyaya meydan oxuyan Türkiyənin ən uzun mağarası irfan bulağından içən və içirən Mövlananın diyarındadı. Min kilometrlərlə uzanan, sirlər, möcüzələrlə dolu qaranlıq bir dünyaya, aləmə ünvan olan Konyanın Tınaztəpə mağarasını ziyarət üçün hələ də dünyanın o başından bu başına gəlirlər.

22 kilometr məsafəni əhatə edən Tınaztəpənin yalnız 1588 metr olan hissəsi ziyarət olunmaqdadır. Yeraltı sular və təhlükəli keçidlər səbəbindən qapalı olan digər hissəsi isə sirr və möcüzə olaraq hələ də qalır. Əldə olunan məlumatlardan bəlli olur ki, tədqiqatçılar belə o zülmət təpənin digər hissəsini kəşf etmək üçün qorxu üzündən ora varmayıblar.

Onun möcüzəsini Konyanın ucsuz-bucaqsız çöllərini süsləyən rəngli lalələrlə müqayisə edirlər
Tınaztəpə mağarası mübhəm dünyası ilə sirli-soraqlı bir aləmdir. Onun möcüzəsini hər yazbaşı Konyanın ucsuz-bucaqsız çöllərini süsləyən rəngli lalələrlə, bir də, bu torpaqların bir cüt incisi hesab olunan Mövlana Cəlaləddin Ruminin və Şəms Təbrizinin müqəddəsliyi ilə müqayisə edirlər. Deyilənə görə, Tınaztəpənin bir divarına Mövlananın məhz bu kəlamı həkk olunub: “Bizi bilənlər bilir, bilməyənlər də, bildiyi qədər bilir”

Hithitlərin Elbistan səhrasına açılan pəncərəsi, yaxud Malatyanın “Daş ocağı” ndan “Aslan taşı”na
Hər daş, qaya parçası yaddaş yeri, saxlancdır. Üç min ildir gözü yol çəkən, tarixin daş yaddaşı, salnaməsi kimi milli kimlik uğrunda mücadilə edib keşikdə dayanan, Darengenin himayədarına çevrilən, bir cüt Qoç-Aslan abidəsi Yeniköyün yaxasında ucsuz-bucaqsız bir səhranın mələk qanadıdır sanki.

Bu iki əzəmətli abidə Darengenin tarixi, yaddaş yeri, dövlətçilik ənənələri ilə bağlı bilgilər verməklə yanaşı, həm də, Ağqoyunluların əzəmət, qüdrət simgəsi, bəlgəsi kimi dimdik ayaqda durmaqdadır. Yerli əhali onlara “Aslan taşları” desə də, Hithit İmperiyasından qalma yaddaş yeri kimi qəbul etsə də, abidələrin quruluşu Ağ qoç, Qara qoç dünyasından miras olaraq var olduğu elmi əsaslarla sübut edilib. Xalq inancına görə bu heykəllər Hithit İmperatorluğu tarix səhnəsindən çıxdıqdan, yıxıldıqdan sonra bu torpaqlarda qurulan Kec Hithit bəyliklərindən nişanədir. Üç min il tarixi olan bu abidələrin həm də daha əski inanclarla bağlı olduqlarını da söyləyirlər. Üzərində bir cümlə yazı olmamaqla yanaşı, abidələrin əhatəsində də, heç bir yaşayış məskəni yoxdur.

Sevdili köyündə mövcud olan “Daş ocağ”ın bulunması onun türk mifologiyasına bağlı olduğunu təsdiqləməkdədir
Abidələrin əski çağ dəyərlərinə bağlı olduğunu sübut edən amil yalnız 35 km qabaqda aşkarlanıb. Sevdili köyündə mövcud olan “Daş ocağ”ın bulunması və onun yanında yatmış bir Aslanın – Qoçun varlığı Darengenin daha qədim yaddaşa, türk mifologiyasına bağlı olduğunu təsdiqləməkdədir. 2025-ci ildə Amerikada və Avropada keçirilən müzakirələrdə abidələrin artefakt olaraq yerindən götürülməsi, Amerikaya aparılması barədə qərar çıxarılsa da, onlar, Malatya Valiliyinin və Darenge bələdiyyəsinin etirazı ilə üzləşmişlər. Bəzi tədqiqatçılara görə “Aslan taşları” Avropa ilə Asiyanı birləşdirən yolda Elbistan səhrasına açılan türk keçidinin simgəsidir. Üzərində heç bir yazı nümunəsinin olmamasına baxmayaraq, onun quruluşu türk ruhunu özündə ehtiva edir. Osmanlının və Türkiyə Cümhuriyyətinin bu qərarı tarixçi Hanre Heys tərəfindən hələ 1881-ci ildə sübuta yetirilmişdir.
Şərəf Cəlilli