4 oktyabr 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim Zəfərim” adlı tədbir təşkil olunub. Tədbirdə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) şagirdləri iştirak ediblər.
Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin davamında 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və həmrəyliyi haqqında iştirakçılara ətraflı məlumat verilib.
Qeyd olunub ki, əldə edilən tarixi Qələbə xalqımızın çoxəsrlik mübarizə tarixinin ən şanlı səhifələrindən biridir.
Daha sonra tədbir çərçivəsində 1 saylı UGİM-in şagirdlərinin iştirakı ilə ustad dərsi (master-klas) təşkil olunub.
Master-klas zamanı uşaqlar Zəfər Gününün rəmzi mənasını əks etdirən əl işləri hazırlayıblar.
Yaradıcı fəaliyyət zamanı uşaqlar öz bacarıq və istedadlarını nümayiş etdirərək mövzuya uyğun əl işlərini böyük həvəslə hazırlayıblar. Bu fəaliyyət onların yaradıcılıq qabiliyyətlərinin inkişafına, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmlənməsinə və tarixi günün mahiyyətini daha dərindən dərk etmələrinə xidmət edib.
Respublika Uşaq Kitabxanasında keçirilən tədbir uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, Zəfər tariximizin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və yaradıcı bacarıqların inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.

