«Sağa dön, sonra isə düz get», — deyə telefonda izah edir, boş əlimizlə də yolu göstəririk. Həmsöhbətimiz kilometrlərlə uzaqdadır və hərəkətlərimizi görmür. Bəs görən yoxdursa, bu jestlər kimin üçündür?
İlk baxışdan elə görünür ki, insan sadəcə söhbətə aludə olub və qarşı tərəfin onu görmədiyini unudub. Lakin psixoloqların daha maraqlı izahı var: jestlər danışan insanın özünə fikirlərini ifadə etməyə kömək edir.

Elmdə belə hərəkətlər nitqi müşayiət edən jestlər adlanır. Qutunun ölçüsünü və ya yolun döngəsini əlimizlə göstərməklə izah etməyə çalışdığımız şeyi təsəvvürümüzdə canlandırmağı asanlaşdıra bilərik. Əllərimiz sanki deyəcəyimiz cümlənin ilkin cizgilərini çəkir.
Tədqiqatçılar Cana Ayverson və Süzan Qoldin-Medou bu əlaqəni təsdiqləyən gözlənilməz bir fakt aşkar ediblər. Anadangəlmə görmə qabiliyyəti olmayan insanlar da söhbət zamanı, hətta görmə qabiliyyəti olmayan həmsöhbətlə danışarkən belə jestlərdən istifadə ediblər. Onlar başqalarının jestlərini heç vaxt görməsələr də, özləri danışarkən sözlərini hərəkətlərlə müşayiət ediblər.
Digər təcrübə göstərib ki, jestlər zehni yükü azalda bilər. Böyüklər və uşaqlar riyazi məsələnin həllini izah edərkən eyni zamanda hərfləri və ya sözləri yadda saxlamalı olublar. Jestlərdən istifadə etdikdə onlar daha çox məlumatı yadda saxlaya biliblər.

Dialoqun özü də əhəmiyyət daşıyır. Müxtəlif ünsiyyət üsullarının müqayisə edildiyi bir araşdırmada iştirakçılar telefonla danışarkən diktofona monoloq yazdırdıqları vaxtdan daha çox əl hərəkətləri ediblər. Deməli, hətta görmədiyimiz həmsöhbət də jestlərimizə təsir göstərir.
Odur ki, telefonla danışarkən havada yol cızan və ya əllərini yana açan insanın görüntülü bağlantının olmadığını unutduğunu düşünmək doğru deyil. Bu hərəkətlər ona düşünməyə və danışmağa kömək edə bilər. Telefon yalnız səsi ötürür, amma söhbətdə bədən də iştirak edir.
Hacı Cavadov