İçərişəhərin tarixi, daşları, divarları, yolları, çıxılmaz dalanları… Hamısı bir ayrı yaddaş, hamısı bir ayrı tarixdir. İçərişəhərin hamamları isə bir ayrı dünya, bir ayrı mədəniyyətdir. O dünya, o mədəniyyət ki, bu gün Bakı tarixinin ayrıca bir yeridir. Qasım bəy hamamı da belə ünvanlardandır. Səlyan darvazasının yaxınlığında yerləşən bu qədim hamam Bakının keçmişindən günümüzə gəlib çatan memarlıq yadigarlarından biridir.
Hamamın inşa tarixi ilə bağlı mənbələrdə fərqli məlumatlara rast gəlinir: bəzi mənbələr onu XV əsrə, digərləri isə XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aid edir. Bir vaxtlar Səlimxanovlar ailəsinə məxsus olan tikili xalq arasında daha çox “Şirin hamam” adı ilə tanınıb.

Bu adın maraqlı bir tarixçəsi var. Rəvayətə görə, hamama gələnlərə çayla yanaşı şirniyyat da təqdim olunurdu. Beləcə, bura yalnız yuyunmaq üçün deyil, bir az dincəlmək, söhbətləşmək, şəhərin gündəlik qayğılarından uzaqlaşmaq üçün də bir məkana çevrilmişdi. Adın təmiz, şirin su ilə əlaqələndirildiyini söyləyən versiya da mövcuddur.
Hamamın memarlığı ənənəvi Şərq hamamlarının xüsusiyyətlərini özündə yaşadır. Yarımyeraltı quruluşu, günbəzləri, soyunma və yuyunma otaqları, kiçik hücrələri bu tikilinin özünəməxsus görünüşünü formalaşdırır. Divarların içindən və döşəmənin altından keçən saxsı borular isə vaxtilə binanın qızdırılması və su ilə təmin olunması üçün istifadə edilirdi. Bu, qədim ustaların sadə görünən daş divarların arxasında necə düşünülmüş bir sistem qurduqlarını göstərir.

XX əsrin 70-ci illərinin sonlarında bərpa edilən hamam sonralar “Yaşıl aptek” kimi fəaliyyət göstərib. Beləcə, onun divarları əsrlərin hamam söhbətlərindən aptekə gələn insanların pıçıltılarına qədər müxtəlif həyat hekayələrinə şahidlik edib.
Bu gün Qasım bəy hamamı İçərişəhərin tarixi-memarlıq irsinin bir parçasıdır. Onun günbəzlərinə baxanda qədim Bakının həyatını təsəvvür etmək çətin deyil: isti suyun buxarı, mis qabların səsi, çay süfrəsi ətrafında uzanan söhbətlər…

“Şirin hamam” adının əsl sirri, ola bilər ki, elə bundadır — insanların bir vaxtlar bu məkana gətirdiyi istilikdə, söhbətlərdə və yaddaşda qalan Bakı şirinliyində.
Xanım Aydın