I yazı
Dilbər Axundzadə: “Müşfiq göz yaşı tökərək məni “Xırda burjua şairi” adlandıraraq “Xalq düşməni” elan edir, haqsız yerə üstümə gəlirlər deyib, hönkür-hönkür ağlayırdı…”
Dilbər Axundzadənin “Qolları bağlı qara qulu”, “Oxu tar, səni kim unudar!” nidası ilə tarix yaradan, tarın himayədarına çevrilən Mikayıl Müşfiqin bivaxt gedişi, müəmmalı ölümü, güllələnməsinin əsl səbəbi, onu hədəfə gətirən qüvvələr hələ də insanı düşündürən suallar sırasındadır. Müşfiqin müəmmalı ölümündən, kədər dolu taleyindən, faciəli qətlindən gələn il nə az, nə çox düz 90 il ötəcək. Bu 90 ildə baş verən hadisələr, aparılan tədqiqatlar, çözülən sualların bir qismi sübut edir ki, 1936-cı ildən Müşfiq irsinə qarşı hücumlar başlayır. Onun yaradıcılığında, “Burjua elementləri” tapılıb üzə çıxarılır. 1937-ci ildə isə bu hücumlar davamlı xarakter alır. 37-ci ilin martında Yazıçılar İttifaqında keçirilən Plenumda əksər çıxışçılar Müşfiqi kəskin şəkildə tənqid edirlər. Kürsüyə qalxan Müşfiq “Məni ölkəmin ögey oğlu kimi qarşılayırlar” deyir və gözləri dolur. Plenumdan sonra evə dönən Müşfiqin halı pisləşir. Sonralar onu erməni müstəntiqə dəyişmək məcburiyyətində qalan Dilbər Axundzadə o müdhiş günü xatırlayaraq qeyd edir: “Müşfiq göz yaşı tökərək məni “Xırda burjua şairi” adlandıraraq “Xalq düşməni” elan edir, haqsız yerə üstümə gəlirlər deyib, hönkür-hönkür ağlayırdı…”

Yazıçılar İttifaqının 26 üzvü onun əleyhinə ifadə verir
Bütün varlığı ilə sosializm quruluşuna bağlı olan, onun hər bir nailiyyətinə ürəkdən sevinən, zamanəsini tərənnüm edən şairə böhtan atmaq, özü də belə bir böhtan atmaq zamanın rəngi-ahəngi idi. Əldə olunan məlumatlardan bəlli olur ki, 1937-ci ilin iyun ayında həbs edilən Müşfiq, 1938-ci ilin yanvarında, ayın 5-də güllələnir. Yazıçılar İttifaqının 26 üzvü onun əleyhinə ifadə verir. Sənədlərə diqqətlə baxdıqda, istintaq materialları ilə tanış olduqda ilk baxışdan elə görünür ki, nə üçün repressiya qurbanı olduğunu heç özü də, Müşfiqi həbs edənlər də bilməyib. O zaman həbs olunanlara əsasən “Musavatçı” damğası vurulurdu. Müşfiq bu damğa ilə güllələnə bilməzdi. Çünki, 1918-ci ildə onun cəmi-cümlətamı 10 yaşı vardı. “Pantürkist” damğası ilə də yarğılana bilməzdi. Çünki, onun poetik nümunələri sırasında Leninə, İnqilaba həsr olunan şeirlər kifayət qədərdi.

Müşfiqin şöhrəti artdıqca düşmənləri çoxalırdı
Bütün bunları nəzərə alan tədqiqatçılar bu səbəbdən də, Mikayıl Müşfiqin güllələnməsinin səbəbi kimi, məhz onun şair olaraq artan nüfuzunu və həyat yoldaşı Dilbər Axundzadəyə bəzi məmurların göz qoyması faktının üzərində dayanır. Nəyin necə olmasından asılı olmayaraq o müdhiş, Müşfiqin rənginin heyva kimi saraladığı gecənin şahidi Dilbər Axundzadə və onun düşüncəsinin aynası olan “Müşfiqli günlərim” adlı xatirələr kitabıdır. Onu vərəqləyərkən hər kəsin gözü önündə təkcə 37-ci ilin dəhşətli repressiyaları deyil, həm də sevərək ailə quran, quruluşun xəyanəti ilə ayrılmaq məcburiyyətində qalan iki insanın kədərli taleyi canlanır. Dilbər Axundzadə deyir: “1935-ci ildə yaxşı əsər üçün müsabiqə elan olundu. Həmin zaman Müşfiq qadın azadlığına həsr olunan “Səhər” poemasını yazdı. Poema mükafata layiq görüldü. Müşfiqin şöhrəti artdıqca düşmənləri çoxaldı. Başladılar Müşfiqi nahaq yerə tənqid etməyə. Bu səbəbdən də, o, hər gün evə qanı-qara gəlirdi. Məni tənqid edirlər deyib, gileylənirdi. Nahaq tənqidlər Müşfiqə çox pis təsir edirdi…

Bir gecə dəhşətli yuxu gördüm, yuxu da gördüm ki Müşfiqi məndən ayırırlar, mən də ağlayıram
Fikrini davam etdirən Dilbər Axundzadə dövrün mənəvi mənzərəsini yaradan xatirələrində bunları da qeyd edir: “1937-ci ilin axrında şəxsiyyətə pərəstiş dövrü daha da kəskinləşdi. Mikayıl Hüseynovu, sonra Hüseyn Cavid kimi dramaturqu, partiya, dövlət xadimlərini həbs etdilər. Bunlar Müşfiqə çox təsir edirdi. Mən qorxurdum ki, Müşfiqi həbs edəcəklər. Müşfiq də mənə ürək-dirək verirdi ki, mən də heç bir şey yoxdur, qorxma. Bir gün yenə çox həyəcanlı gəldi. Onu tənqid etmişdilər. Gecə heç yata bilmirdi, yazırdı. Sonra mən bir gecə dəhşətli yuxu gördüm, yuxu da gördüm ki Müşfiqi məndən ayırırlar, mən də ağlayıram. Ağlaya-ağlaya yuxudan ayılanda Müşfiqi qarşımda gördüm. Dedi: “Dilbər, sənə nə olub?” Dedim: Dəhşətli yuxu görürdüm. Görürdüm ki, səni aparırlar, məndən ayırırlar. Müşfiq özünü ələ aldı. Yanımda oturub, mənə təsəlli verməyə, sonra bu şeiri deməyə başladı: “Bir qara buludam uca göylərdə, bu qara baxtımla bizim ellərdə, Sən necə ağlarsan? Mən duran yerdə, nərgiz gözlərinin yaşına qurban…” Sonra, o, “Necə əl çəkim?” şeirindən bir bənd söylədi: “Yenə şairliyim başıma vurdu. Mehriban sevgilim qarşımda durdu. Məcnun könlün məndən maraqla sordu, Bu saçı leyladan necə əl çəkim?”
Sonra gördüm Müşfiq yenə yazır. Nə isə, həcib yazırdı: “Gəncliyim çatdı başa, baş əymədik pis yoldaşa, Odur ki, basır daşa, O bir yandan, bu bir yandan, İlan kimi çalır məni, O bir yandan, bu bir yandan, Quduz kimi dalar məni, O bir yandan, bu bir yandan…”

Evi axtardılar, “Dilbərnamə”sini tapdılar, dedi ki, “Verin özünə ona aiddir”…
Bir müddət sonra mənim yuxum düz oldu. 37-ci il iyun ayının 4-ü idi. Gecə saat 3 idi. Bir də gördüm ki, qapımız döyüldü. Gözlənilməyən qonaqlar gəldi. Maşından düşdülər. İki nəfər idilər. Biri cavan idi. Müşfiqin məktəb yoldaşı, azərbaycanlı, biri də qaş-qabaqlı yaşlı kişi idi. O oğlan Müşfiqə dedi ki: “Ay Müşfiq, Vallah mən gəlmişəm səni aparmağa. Heç ağlıma gəlməzdi, özüm də həyəcanlanıram. Bu saat biz özümüz də pis vəziyyətdəyik. Evdən çıxanda ailəmizlə görüşürük ki, bəlkə qayıtmadıq.” Sonra evi axtardılar. Evdən “Dilbərnamə”sini tapdılar. Dedi ki, “O Dilbərə aiddir, verin özünə. Sonra məni də tutdular. Bilmirəm “Dilbərnamə”nin taleyi necə oldu. O gecə Müşfiq sapsarı saralmışdı. Mən nə etdiyimi bilmirdim. Amma, o, özünü ələ alırdı. Mənə ürək-dirək verirdi. Ağlamamağı, fikir etməməyi tapşırırdı. Deyirdi burada heç bir şey yoxdur. Bir azdan qayıdacağam…”
Şərəf Cəlilli