Bu gün “Hardasan?” sualı hər kəsə bir saniyəyə çatır. Bir zamanlar isə bu sualın cavabı üçün ya ağlına güvənməli, ya da qapını döyməli idin.
Köhnə Bakı həyətlərində əsas “rabitə vasitəsi” ağciyər idi. Dostunu çağırmaq üçün onun pəncərəsinin altına gəlib adını qışqırırdın. Ən çox deyilən cümlələrdən biri belə idi: “Çıx həyətə, top oynayırıq!” Bəzən çağıran uşaq bir neçə dəfə səslənərdi, dostu çıxmasa, qonşu nənə balkondan xəbər verərdi: “Dayısıgildədir, bir azdan gələr.”
Həyət özü canlı xəbər şəbəkəsi idi. Kimin evə gəldiyini, kimin imtahan verdiyini, kimin toyunun olacağını hamı bilirdi. Məxfilik az idi, amma yalnızlıq da az idi.
Baki-baku.az bu yazıda paytaxt sakinlərinin mobil telefonlardan əvvəl ünsiyyət vasitəsinə nəzər salır.

Evdə bir telefon, bütün küçənin nömrəsi
Ev telefonlarının yeni yayıldığı zamanlarda hamıda yox idi, olanda da hadisə sayılırdı. Zəng çalanda ailədə kim yaxın idisə, götürürdü, səs də qulağa bütün ev eşidəcək qədər uca gəlirdi. Zəngin vaxtı da önəmli idi: gecə zəng çalırdısa, müəyyən həyəcan, narahatlıq olurdu.
Telefonu olmayan qonşular çox vaxt qonşunun nömrəsini “öz nömrəsi” kimi verirdi. Zəng gələndə uşaq pilləkənlə qaçıb çağırırdı: “Xala, sizi telefona çağırırlar!” Bu, ayrıca bir nəzakət qaydası idi. Çox danışmamaq, uzun-uzadı söhbət etməmək, sonda “sağ ol, narahat etdim” deyib təşəkkür etmək lazım idi.
Nömrəni də hamı əzbər bilirdi. Sevimli adamların, yaxın dostların nömrələri yaddaşa elə həkk olunurdu ki, indi də bəzilərini unutmamışıq. Telefon kitabçası isə əlüstü dəftər idi, vərəqlərin kənarı qıvrılmış, qələmlə yazılmış və dəfələrlə düzəldilmiş.

Küçə telefonu və növbə
Evdə telefonu olmayanlar üçün küçə telefon avtomatları vardı. Növbə uzun olurdu, arxadakılar səbirsizlikdən ayaqlarını yerə döyürdü. Sənin söhbətin yarımçıq qalanda qəpik ya bitirdi, ya da dəstək kəsilirdi. Ona görə də əvvəlcədən düşünürdün: “nə deyəcəm” və “nə qədər deyəcəm?”.
Şəhərlərarası zəng isə ayrı hekayə idi. Rayonda olan nənəyə zəng etmək üçün ya poçta gedib sifariş verirdin, ya da operator vasitəsilə bağlanmanı gözləyirdin. Bağlananda səs uzaqdan, xışıltılı gəlirdi və hamı bir az qışqıraraq danışırdı. Teleqram isə toy, vəfat, yola düşmə kimi təcili və ya mühüm xəbər üçün idi.

“Saat altıda metroda”
Ən maraqlısı görüş təyin etmək idi. Çünki geri yolu yox idi. “Saat altıda Fəvvarələrdə” deyirdinsə, gəlməli idin. Dəqiq yer, dəqiq vaxt, bəzən də xırda detal: “Saatın altında”, “Metro çıxışında, sol tərəfdə”.
Gecikmək etibarsızlıq sayılırdı, çünki qarşıdakı adam səni xəbərsiz gözləyirdi. Bəzən də iki nəfər bir-birini yarım saat gözləyib, ayrı-ayrı çıxışlarda dayandığını sonradan başa düşürdü. O zaman da gülüb keçərdilər. Sahil bulvarı, Nizami küçəsi, 28 May və ya kinoteatrın önü bu görüşlərin əsas ünvanları idi.
Planı dəyişmək çətin idi, ona görə insanlar sözünə daha ciddi yanaşırdı.

Məktub və gözləmə
Uzaqda oxuyan, xidmət edən və ya işləyən yaxınlarla əlaqə məktub idi. Zərfin içindəki vərəqin qoxusu, xəttin tanış əyriliyi, cavabı gözləməyin şirin əzabı bu mədəniyyətin bir hissəsi idi. Poçtalyon həmin dövrün ən sevilən adamlarından biri sayılırdı.

Nə qazandıq, nə itirdik?
1990-cı illərin ortalarından mobil rabitə gəldi, sonra smartfonlar, mesencerlər, canlı lokasiya həyatımıza daxil oldu. İndi gecikməni “10 dəqiqəyə çatıram” mesajı ilə düzəldirik, görüşü axır anda ləğv edirik, ünvanı xəritədən tapırıq. Bu, təbii ki, böyük rahatlıqdır.
Amma bir şey də dəyişdi: gözləmək, ehtimala güvənmək, qapını döyüb dostunu görmək, səsi tanımaq. O dövrdə əlaqə daha çətin idi, amma bəlkə də hər əlaqə bir az daha dəyərli idi. Çünki uzun yolu getmişdin, deməli, görüşməyə dəyərdi.
