Britaniyada 137 il davam edən ənənəyə səs-küylə bağlı şikayət səbəbindən son qoyulub.
Baki-Baku.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Birkenhed şəhər meriyasının qülləsindəki saatın zəngi əvvəlki 15 dəqiqəlik interval əvəzinə indi saatda bir dəfə eşidiləcək.
Bu qərar bəzi sakinlərin saatın səsinin ucalığı və tezliyi ilə bağlı narazılığından sonra qəbul edilib. Yerli hakimiyyət orqanları tərəfindən aparılan araşdırma səs-küy səviyyəsinin yol verilən normaları aşdığını təsdiqləyib.
Bəzi şəhər sakinləri bu qərara qarşı çıxaraq, saatın səsinin onların gündəlik həyatının bir hissəsinə çevrildiyini qeyd ediblər. Yerli irs uğrunda kampaniyanın iştirakçısı Filip Barton bildirib ki, bir çox yerli sakinlər saatın daha müntəzəm çalmasını qiymətləndirir və “onunla yaşayırlar”.
Qeyd edək ki, Birkenhed şəhər meriyasının binasını 1887-ci ildə yerli memar Çarlz Ellison tikib.