Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/21/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Həmidə Cavanşir – Şərqdə ilk Qadın Xeyriyyə Cəmiyyətini quran, Qarabağda ilk məktəb açan, ilk qadın iş adamı kimi kürsüyə qalxan azərbaycanlı

Həmidə Cavanşir: “Mən görmədiyim, bilmədiyim məsələdən yazmaram. Mən Bağırovu Qarabağda Bolşevik siyasətini təbliğ edənlərin arasında görməmişəm. Görmədiyim adamdan qəhrəman obrazı düzəldə bilmərəm”

Son və əbədi məhəbbəti Cəlil Məmmədquluzadə olsa da, o, Kərim bəyin ilk görüşdə – Topxana meşəsində  ona bağışladığı medalyonu boynundan açmamışdı. Medalyonun qapağının bir üzünə Əhməd bəy Cavanşirin, o biri üzünə Kərim bəy Mehmandarovun rəsmini yerləşdirmişdi. Dünyasını dəyişməzdən üç gün öncə isə ailə dostları, unudulmaz Qulam Məmmədlidən bir təvəqqe etmişdi: “Mən yuyulub kəfənlənəndə medalyonu boynumdan açmasınlar! Bir də imkan olsa, Midhətin sümüklərini gətirib atasının başı ucunda dəfn edin!

Təməli Pənahəli xan Cavanşir tərəfindən 1852-ci ildə qoyulan, “açıq səma altında muzey”, “Qafqazın Konservatoriyası” adlanan Şuşa tarixi Zəfərdən, 44 günlük Vətən Müharibəsindən sonra qüdrətin, əzəmətin ünvanına çevrilib.

Ustad sənətkarların,  fikir və düşüncə sahiblərinin,  istedadlı şairlərin,  mütəfəkkir alimlərin, böyük müəllimlərin diyarı olan Şuşa həm də əzəmətli soyları, tayfaları ilə məşhurdur. Onların sırasında Pənahəli xanın şəcərəsinə daxil olanların mühüm yeri  var.  Onlardan biri də bilavasitə xanın soyuna bağlı olan Həmidə xanım Cavanşirdir. 

Gövhər ağa,  Ağabəyim ağa, Xurşudbanu Nətavan, Mirmövsüm Nəbbav, Şahnaz Abbas, Qasım bəy Zakir, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu,  Kərim bəy Mehmandarov, Əhməd bəy Cavanşir, Yusif Vəzir Çəmənzəminli, Nəcəf bəy Vəzirov,  Əbdürrəhman bəy Haqverdiyev, Bədəl bəy Bədəlbəyov, Üzeyir bəy Hacıbəyli, Bülbül, Rəşid Behbudov, “Qarabaği” imzası, künyəsi ilə qələm çalan, Azərbaycan tarixində iz qoyan  dahilər kimi  Qarabağın mədəniyyət mühitindən danışarkən bir qüdrətli şəxsiyyətin adı ehtiramla çəkilir: Həmidə xanım Cavanşir. 

Həmidə xanım Cavanşirin adı çəkiləndə istər-istəməz insan ayaq saxlayır, nəfəs dərir…

“Qarabağın dəmir ledisi”, “Dərdə həmdəm xanım” adını alan, milli maarifçilik hərəkatının öndərlərindən birinə çevrilən  Həmidə xanım Cavanşirin adı çəkiləndə istər-istəməz insan ayaq saxlayır, nəfəs dərir, tarixdə ilk dəfə öz sərmayəsi ilə açdığı məktəbdə oğlanlarla qızları eyni sinifdə təhsilə cəlb edən, təbib kimi insanların  keşiyində dayanan, müəllim ictimai-xadim kimi qalxdığı kürsüləri qüruru, əzəməti, səlis məntiqi, əvəzsiz nitqi ilə zinətləndirən, xeyriyyəçi kimi ad alıb şöhrətə çatan, sərkərdə kimi erməni daşnaqlarının üstünə yeriyən, “Molla Nəsrəddin” ədəbi məktəbinin himayədarı, Mirzə Ələkbər Sabirin xeyirxahı, Azərbaycan Pambıqçılarının Qurultayında ilk iş adamı qadın – Biznes ledi olaraq  nitq irad edən,  “Mən görmədiyim, bilmədiyim məsələdən yazmaram. Mən Bağırovu Qarabağda Bolşevik siyasətini təbliğ edənlərin arasında görməmişəm. Görmədiyim adamdan qəhrəman obrazı düzəldə bilmərəm!” nidası ilə quruluşun, zamanın, rejimin, Bağırovun üstünə yeriyən Həmidə xanım Cavanşir Pənahəli xan Cavanşirin törəsi, Qaladan, Cıdır düzündən bir parça olduğunu dəmir iradəsi, əyilməz xarakteri ilə sübut etmişdir.  

Ömrünün sonunadək Pənahəli xanın  şəcərəsini ləyaqətlə təmsil etmişdir

O, qüdrəti, əzəməti ilə Çar ordusunda tarix yaradan, Qarabağ xanlığında müşavir rütbəsi ilə saraya yön verənlərin sırasında yer alan Əhməd bəy Cavanşirin ailəsində doğulmuşdu. Ömrünün sonunadək Pənahəli xanın  şəcərəsini ləyaqətlə təmsil etmişdir.  

Şura hökumətinin at oynatdığı illərdə Cəlil Məmmədquluzadənin  ömür gün yoldaşı kimi tanınsa da,  soyun ona bəxş etdiyi əzəməti bütün fəaliyyət istiqamətində yaşatmışdı.  Müəllifi olduğu “Mirzə Cəlil haqqında xatirələrim” kitabı ilə dövrünün siyasi, mənəvi mənzərəsini yaradan Həmidə xanım Cavanşir  1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində qeyd etdiyimiz kimi  Cavanşirlər nəslinin görkəmli nümayəndəsi, tarixçi, maarifpərvər ziyalı Əhmədbəy Cavanşirin ailəsində doğulmuş, ilk təhsilini də elə ailəsində almış, xanımlara layiq bir mühitdə böyümüşdü. Həmidə xanım Cavanşirin həyatı və yaradıcılığı barəsində indiyədək onlarla elmi əsərlər, məqalələr dərc olunub, filmlər çəkilib.      

Qızlarla oğlanların bir yerdə təhsil ala biləcəkləri bir məktəbin açılması onun atasının vəsiyyəti olub

Bütün həyatını mənsub olduğu millətin cəhalətdən qurtuluşuna həsr edən, Kəhrizliyə ilk dəfə su çəkdirən,  burada qızlarla oğlanları birlikdə təhsil alacağı məktəbi tikdirən, ilk pedaqoji fəaliyyətə də məhz bu kənddə başlayan Həmidə xanım xatirələrində yazırdı ki,  qızlarla oğlanların bir yerdə təhsil ala biləcəkləri bir məktəbin açılması onun atasının vəsiyyəti olub. Həmidə xanım qadınların savadlanmasına, onların qayğılarının azalmasına diqqət yetirməklə kifayətlənməyib. Bunun üçün Şərqdə bir ilkə imza atıb: Qadın Xeyriyyə Cəmiyyətini qurub. O daima qadınların həyat şəraitinin yaxşılaşmasına,  dünya görüşünün inkişafına çalışıb.  Kəhrizlidən olan kasıb qızları oxudarkən onlara öz vəsaiti hesabına əyin-baş alıb, cehiz tutub, gözü açıq oğlanlarla ailə qurmalarını tövsiyə edib. 

Həmidə xanım Cavanşir bütün Qarabağın tarixi sakinlərinin və sahiblərinin qayğısına qalır, ayağa qaldırırdı

Məktəbin kitabxanasının qurulmasında, Qadın Xeyriyyə Cəmiyyətinin inkişafında ona iki böyük tarixi şəxsiyyət: Qarabağın ünlü simalarından biri Kərim bəy Mehmandarov və millətin atası Hacı Zeynalabdin Tağıyev əl uzadıb. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafına atası qədər can yandırıb, töhfələr verən Həmidə xanım Cavanşiri dünya görüşünə, bilik və bacarığına görə dövrünün məşhur simalarından xeyli dərəcədə üstün idi. Onun qüdrətini, əzəmətini ancaq Əliağa Şıxlinskinin unuda bilmədiyi Nigar xanım Şıxlinskaya, Həsən bəy Zərdabinin həyat yoldaşı, silahdaşı Hənifə xanım Abayeva-Məlikova və Üzeyir bəyin könlünün sultanı Məleykə xanım Terequlova – Hacıbəyova ilə müqayisə etmək olardı. 

Azərbaycanın ilk maarifçi qadınlarından, mesenatlarından sayılan Həmidə xanım Cavanşir təkcə doğulduğu Kəhrizli kəndinin yox, bütün Qarabağın tarixi sakinlərinin və sahiblərinin qayğısına qalır, kasıb və imkansız ailələrin övladlarını,  valideyn himayəsindən məhrum olan körpələrin əlindən tutur, onları ayağa qaldırırdı. 

Əhməd bəy Cavanşirin inamı, Kərim bəy Mehmandarovun unikal məhəbbəti, Cəlil Məmmədquluzadənin ehtiramı Həmidə xanımı könüllərin sultanına çevirmişdi

Dövrünün görkəmli şəxsiyyətlərindən biri, avropa təhsilli maarifpərvər ziyalı, tarixçi, Qarabağ xanlığının siyasi vəziyyətinə dair unikal əsərin “Qarabağnamə”lərdən  birinin, eləcədə çoxsaylı şeir və tərcümələrin müəllifi, Əhməd bəy Cavanşirin mühitində yerləşməsi Həmidə xanım Cavanşiri vaxtın, zamanın fövqünə qaldırmış, quruluşun, zamanın üstünə yerimişdi. Ömrünün sonuna qədər zadəgan, əsilzadə genetikasını qoruyan Həmidə xanımın kübarlığı mənsub olduğu soyun şəcərəsindən, atasının aldığı tərbiyədən, Kərim bəy Mehmandarovun və Cəlil Məmmədquluzadənin maarifçi ruhundan qidalandığından idi ki, üstündən bir əsrə yaxın zaman kəsiyi ötməsinə baxmayaraq, hələ də hörmətlə xatırlanır. Ehtiramla yad edilir. 

Həmidə xanım Cavanşir varlığı, qüdrəti, əzəməti. Mənəvi saflığı, xeyirxahlığı yaxşılıq dolu dünyası ilə ətrafına nur saçdığı insanlara sevinc səadət bəxş edib nümunəyə çevrildiyi kimi  onun zəngin dünyasını zinətləndirən üç böyük müqəddəslik olmuşdur: Atası Əhməd bəy Cavanşirin inamı, Kərim bəy Mehmandarovun unikal məhəbbəti, dostluq münasibəti, Cəlil Məmmədquluzadənin ehtiram hissi Həmidə xanım Cavanşiri könüllərin sultanına çevirmişdir!

Həmidə xanım Cəlil Məmmədquluzadənin ən çətin vaxtlarında mənəvi dayağına çevrilmişdi

Həmidə xanımla  Cəlil Məmmədquluzadənin  izdivacı Azərbaycan elmi, mədəni, ictimai fikir tarixini zənginləndirmişdi. Tarixi mənbələrə istinad edərək qeyd edə bilərik ki, Həmidə xanım Cəlil Məmmədquluzadənin ən çətin vaxtlarında, hücumlara, təhdidlərə məruz qaldığı zamanlarda onun ən yaxın silahdaşına, mənəvi dayağına çevrilmiş,  “Hər bir qüdrətli kişinin arxasında bir qüdrətli qadın dayanır” hikmətini sübuta yetirmişdir. Onun “Molla Nəsrəddin” jurnalının fəaliyyətindəki rolu danılmaz və inkaredilməzdi. O, sərvətini “Molla Nəsrəddin” jurnalının çapının davam etdirilməsi, işıq üzü görməsi üçün sərf etmişdir. Bu mənada götürəndə tərəddüd etmədən qeyd edə bilərik ki, Həmidə xanım milli mətbuat tarixində Hacı Zeynalabdin Tağıyev kimi xilaskarlıq missiyasını öz üzərinə almış, himayədar qismində çıxış etmişdir. 

Bu izdivac çoxlarının, xüsusən də Qarabağın əsilzadə, zadəgan mühitinin qınağına, etirazına səbəb olur

Həmidə xanım Cavanşir 1905-ci ildə Tiflisdə Mirzə Cəlillə tanış olur. Çox keçmir ki, bu tanışlıq iki qüdrətli, mötəbər ziyalısının ailə həyatı qurması ilə nəticələnir.   Bu izdivac çoxlarının, xüsusən də Qarabağın əsilzadə, zadəgan mühitinin qınağına, etirazına səbəb olur. Həmidə xanım onun Cəlil Məmmədquluzadə ilə nikahını qəbul etməyənlərə əhəmiyyət vermir.  Cəlil Məmmədquluzadənin əsilzadə soyuna deyil, əsil millət sevgisinə üstünlük verir. Mirzə Cəlili təkcə ömür-gün yoldaşı kimi deyil, silahdaşı, arxadaşı kimi dəyərləndirən Həmidə xanım bütün cəsarətli addımlarında onun yanında olur. Böyük yazıçının, publisistin, mühərririn ən yaxın məsləkdaşına çevrilir. Cəlil Məmmədquluzadə də xalqına bağlı olan, onun qayğılarına həssas münasibət bəsləyən Həmidə xanımın səsinə səs verir.  Kəndlilərin arxasında dayanır, torpaq və əmlak bölgüsündə onların hüquqlarının müdafiəçisi qismində çıxış edir. Öz xərci ilə kəhrizlər qazdıran, kəndlilərin əkin sahələrinə suyun verilməsini təmin edən, onlara əhatəli tibbi yardımda bulanan, məktəb, toxuculuq emalatxanası, dəyirman açaraq yoxsul insanların ehtiyaclarını ödəyən Həmidə xanımın arxasında dağ kimi dayanıb. 

Məhz bu millət, məmləkət sevgisinə, xeyirxahlıq yaxşılıq dolu həssas qəlbinə görədir ki, adı Nabat xanım Aşurbəyli, Hacı Zeynalabdin Tağıyev kimi el-obanın ürəyində  məhrəm, doğma adam kimi yer tutan,  “Dərdə həmdəm xanım” kimi adı yaddaşdan yaddaşa ötürülən Həmidə xanımın nüfuzuna nüfuz qatır.

Həmidə xanımın bir mübhəm Sevgisi vardı – dara düşəndə, sıxıntısı olanda üz tutduğu Sevgisi!

Fəxri Xiyabanda millətin, məmləkətin fəxri olan adamlar – Böyük Adamlar uyuyur. Onların sırasında daşa, yaddaşa dönən məzarları ilə bir dünya – Azərbaycan olan Cəlil Məmmədquluzadə və Həmidə xanım Məmmədquluzadə də var. Həmidə xanımın Mirzə Cəlilə olan sevgisi dillərə dastan olub. Onu hər kəs bir cürə yozur. “Görünən dağa nə bələdçi?” hikməti ilə yanaşsaq bunun bir daha şahidi olarıq. Həmidə xanımın məzar daşına Həmidə Cavanşir deyil, Həmidə Məmmədquluzadə yazılıb! O, bu soyadı nikaha getdiyi gün qəbul edib. “Molla Nəsrəddin”in eşqinə Qarabağ əsilzadələrinin üstünə yeriyib. 

 Bu bir cüt məzar kənardan baxanda bir cüt insana aid kimi görünür, Məmmədquluzadələrin Cavidlər kimi kədərli ailə taleyini bilənlər isə bilir ki, Cəlil Məmmədquluzadənin məzarının baş ucunda onların həm də nakam övladları –Midhətin sümükləri dəfn olunub. 

Həmidə xanımın bir mübhəm Sevgisi vardı – dara düşəndə, sıxıntısı olanda üz tutduğu Sevgisi! Onun ilk məhəbbəti atası Əhməd bəy Cavanşir olmuşdu. Bütün qızlar sevdiyi insanın atasına bənzəməsini arzu edər. Onun atasına bənzətdiyi, könlündə Bənövşə etdiyi məhəbbəti Kərim bəy Mehmandarov idi.  Son və əbədi məhəbbəti Cəlil Məmmədquluzadə olsa da, o, Kərim bəyin ilk görüşdə – Topxana meşəsində  ona bağışladığı medalyonu boynundan açmamışdı. Medalyonun qapağının bir üzünə Əhməd bəy Cavanşirin, o biri üzünə Kərim bəy Mehmandarovun rəsmini yerləşdirmişdi. Dünyasını dəyişməzdən üç gün öncə isə ailə dostları, unudulmaz Qulam Məmmədlidən bir təvəqqe etmişdi: “Mən yuyulub kəfənlənəndə medalyonu boynumdan açmasınlar! Bir də imkan olsa, Midhətin sümüklərini gətirib atasının başı ucunda dəfn edin!

Qulam müəllim Həmidə xanımın vəsiyyətinin yerinə yetirilməsi üçün əlindən gələni etmiş, onu bu dünyadan Kərim bəyin bağışladığı medalyonla yola salmış, Midhətin sümüklərini Fəxri Xiyabana köçürtdürmüşdü.  

Həmidə xanım qüdrətli şəxsiyyət, əzəmətli qadın, əyilməz insan,  eyni zamanda unikal məhəbbəti ilə fərqlənən Şuşa gözəli, Qarabağ maralı idi. Gözəl gəldi, gözəl sevdi,  gözəl yaşadı,  gözəl də getdi. Əziz Şuşa azaddır! Onun hüzura qovuşan min nigaran ruhundan biri də Həmidə xanım Əhmədbəy Cavanşirə – “Qarabağın dəmir ledisinə!”, “Dərdə həmdəm xanım”a aiddir!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, görüşdə Fond ilə Universitet arasında strateji əməkdaşlığın prioritet istiqamətləri, birgə elmi-mədəni təşəbbüslərin və layihələrin

Ən son

GÜNDƏM

Baki-baku.az xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı,

GÜNDƏM

Baki-baku.az xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin