Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb.
Baki-baku.az bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir.
Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artımı Səbaildə qeydə alınıb – 28,6 %. Yasamalda qiymətlər 25,6 %, Nəsimidə 23,1 %, Nizamidə isə 21,1 % yüksəlib.
Xəzər rayonunda bahalaşma 19,1 %, Nərimanovda 18,6 %, Xətaidə isə 15,6 % təşkil edib.
Nisbətən aşağı artım Binəqədidə (14,1 %), Sabunçuda (11,6 %), Suraxanıda (10,6 %), Pirallahıda (8,1 %) və Qaradağda (7,6 %) müşahidə olunub.
Avqusta nisbətən isə Bakıda torpaq sahələri 1,8 % bahalaşıb. Ən yüksək qiymət artımı yenə də Səbaildə qeydə alınıb -3,25 %. Yasamalda qiymətlər 2,9 %, Nəsimidə 2,6 %, Nizamidə isə 2,3 % yüksəlib.
Xəzər rayonunda artım 2,1 %, Nərimanovda 2 %, Xətaidə isə 1,6 % təşkil edib.
Nisbətən aşağı artım Binəqədidə (1,4 %), Sabunçuda (1,1 %), Suraxanıda (1 %), Pirallahıda (0,7 %) və Qaradağda (0,6 %) müşahidə olunub.
Bakının daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri əmlakın növündən, yerləşdiyi rayondan, bazardakı tələb və təklifdən, ərazinin xüsusiyyətlərindən və alıcı davranışından asılı olaraq fərqlənib.
AQC qiymətləndirmə zamanı bazar qiymətlərinin təhlili, əvvəlki dövrlərlə müqayisələr, rayonlar üzrə qiymət fərqləri, bazar iştirakçılarının və ekspertlərin rəyləri, sorğu nəticələri, eləcə də tələb-təklif dinamikasını nəzərə alıb. Rayonlar üzrə göstəricilərin hesablanmasında ərazilərin bazardakı çəkisi və əhali amili də nəzərə alınıb.